19 C
Baku
Friday, October 4, 2024

Azərbaycanda bərpa olunan enerji üzrə ilk hərracın qalibi COP29-da elan ediləcək

Azərbaycanda ilk bərpa olunan enerji hərracının qalibi noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı elan ediləcək.

Bunu Energetika Nazirliyinin tabeliyindəki Bərpa Olunan Enerji Mənbələri Dövlət Agenrliyinin rəhbəri Cavid Abdullayev bildirib.

Onun sözlərinə görə, agentlik hərracda iştirak etmək istəyən müxtəlif şirkətlərdən müraciətləri qəbul edir.

Xatırladaq ki, bu ilin aprel ayında Energetika Nazirliyi Qobustanda 100 MVt gücündə günəş elektrik stansiyasının layihələndirilməsi, maliyyələşdirilməsi, tikintisi və istismarı üçün tender elan edib. Hərrac “yaşıl enerji”nin inkişafı üzrə dövlət siyasəti çərçivəsində keçirilir və bu sektora özəl, o cümlədən xarici investisiyaların cəlb edilməsinə yönəlib. İkimərhələli açıq hərrac 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin ümumi elektrik enerjisi istehsalında payını ən azı 30%-ə çatdırmaq hədəfinə nail olmaq üçün atılan addımlardan biridir. Hərracın keçirilməsi həmçinin COP29-a hazırlıqla əlaqədardır və “Yaşıl dünya naminə həmrəylik ili” təşəbbüslərini dəstəkləyir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər