26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda bankların sayı 25-ə enəcək

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən, 4 bankın- “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyalarının ləğv edilməsilə Azərbaycanda bankların sayı 37-dən 33-ə düşüb.

Qeyd edək ki, manatın kəskin devalvasiyasına qədər ölkədə 45 bank fəaliyyət göstərib. Bağlanan bankların işçiləri işsiz qalır, fəaliyyətdə olan bankların işçiləri ni ixtisar edir. Məlumata görə, bütün bunların nəticəsində isə işsiz qalan bank işçilərinin sayı 2 minə yaxınlaşıb.

İqtisadçı Samir Əliyev də Modern.az-a bu sahədəki vəziyyətdən danışıb. O, qeyd edib ki, bu il ərzində 12 bank bağlanıb. Bu yaxınlarda isə 4 bankın bağlanması barədə qərar verildi.

“Təkcə bağlanan 4 bankın 2 minə qədər işçisi var idi. Hər bir halda bank sektorunda işsizlərin sayı artır. Söhbət yalnız bankların bağlanmasından getmir. Burada optimallaşdırma aparan bankların öz işçilərini ixtisara salmasını da nəzərə almaq lazımdır. Bu da təbiidir. Çünki banklar azalmış gəlirlərini optimallaşdırmaq üçün xərclərini imkan daxilində azaldır.

Bunun ən yaxşı yolu da filialların bağlanması ilə işçilərin azaldılmasıdır. Hər bir halda bu, arzuolunan hal deyil. Bank sektorundan çıxarılan insanlar kifayət qədər savadlı kadrlar, mütəxəssislərdir. Həm də nəzərə almaq lazımdır ki, anoloji ixtisarlar təkcə bank sektorunda deyil, əksər qurumlarda baş verir.

Hesab edirəm ki, proses davam edəcək. Mən düşünmürəm ki, bankların bağlanması bununla da bitdi. Proses getdikcə ona gətirib çıxaracaq ki, kiçik və problemli bankların məcburi şəkildə bağlanması gündəmə gələcək. Əvvəl 45 bank var idi. Hazırda mövcud olan 33 bank da bizim üçün çoxdur.

Bankların sayı əhalinin gəlirləri ilə düz mütənasib olmalıdır. Azərbaycan iqtisadiyyatının mövcud durumunda 33 bank çoxdur. Onsuz da mövcud bankların heç də hamısı sağlamlaşdırılmayıb və problemdən çıxmayıb. Düşünürəm ki, bankların sayı ən azı 25-ə qədər düşəcək. Yaxın dövrlərdə məhz bunu müşahidə edəcəyik”.

Son xəbərlər
Digər xəbərlər