2023-cü ilin yanvar-fevral aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50.8 faizi ərzaq məhsullarının, 5.4 faizi içkilər və tütün məmulatlarının, 14.8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5.0 faizi avtomobil benzini və dizel yanacağının, 4.6 faizi elektrik malları və mebellərin, 2.6 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1.0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15.8 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.
2023-cü ilin yanvar-fevral aylarında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2.6 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99.6 faizini təşkil etmişdir.
2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 2023-cü ilin yanvar-fevral aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 1.3 faiz, fərdi sahibkarlar üzrə 3.8 faiz, bazar və yarmarkalarda 2.3 faiz artmışdır.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 405.5 manatlıq, o cümlədən 228.0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 177.5 manatlıq qeyri-ərzaq malları almışdır.