12 C
Baku
Şənbə, Dekabr 4, 2021

Azərbaycanda “e-car”ların artmasına maneə: Gömrük yoxsa infrastruktur?

Azərbaycanda son ildə elektrik avtomobillərinin (e-car) satışlarının həcmi artması təqdirdə, əksinə geriləməkdədir. Məsələn, 2020-ci ilin ilk 8 ayı ərzində Azərbaycan gömrüyündən 136 elektrik avtomobili idxal edilmişdisə, cari ilin müvafiq dövründə bu rəqəm 55-ə düşüb. Bu barədə məlumat, Dövlət Gömrük Komitəsinin statistikasında yer alıb.

Banker.az olaraq bu dəfə bu avtomobillərin idxalının kəskin azalmasının səbəbini axtardıq.

İlin əvvəli “Post-pandemiya dövründə vergi sistemi” konfransında Azərbaycanda avtomobil satışlarını həyata keçirən şirkət direktoru demişdir ki, pandemiya Azərbaycanda bu sahəni çətin duruma salıb. Bu da öz növbəsində ölkədə köhnə avtomobillərin, ekoloji baxımdan təbiətə daha çox zərər verən istismar olunmuş köhnə avtomobillər üçün münbit “şərait” yaradır.

Avtomobil satışını həyata keçirən dillerlər pandemiyadan sonra alıcılıq qabiliyyəti düşən əhali üçün elektromobillərin alınması üçün bir neçə stimullaşdırıcı tədbirlər həyata keçirilməli olduğunu bildirirlər. Həmçinin təklifdə, şirkətlərin avtoparklarının yenilənməsi üçün maliyyələşdirmə alətlərinin təşviq edilməsi də səsləndirilməkdədir.

Deputat Tahir Mirkişili Banker.az-ın sorğusuna cavabında rüsumun sıfıra endirilməsini mümkün sayıb.

“Bu gün Azərbaycanda ekoloji təmiz avtomobillərə maraq çoxdur” –deyə, bunu Banker.az-a avtomobil sahəsi üzrə ekspert Eldəniz Cəfər deyir.  Onun sözlərinə görə, hibrid mühərrikli avtomobillərlə yanaşı, vətəndaşlar elektriklə çalışan maşınlara da maraq göstərirlər.

“Elektromobillər istehsalda daha baha başa gələn texnologiyadır və təbii ki, maşının qiyməti də bir qədər yüksək olur. Bizim ölkəmizdə elektromobillərin idxalına  və daxildə istismarına hər hansı bir güzəştlər yoxdur. Bu səbəbdən də elektriklə çalışan maşınlar əhali arasında populyar deyil. Halbuki bütün inkişaf etmiş ölkələrdə elektromobil alan vətəndaşa bir çox güzəştlər edilir”- deyə, Eldəniz Cəfər qeyd edir.

İqtisadçı-ekspert Elman Sadıqov bildirir ki, bu məsələyə yanaşma birtərəflidir: “Birincisi, Azərbaycan kimi ölkələrdə söhbət hibrid avtomobillərdən gedir, elektrik avtomobillərinin geniş yayılması üçün isə infrastruktur lazımdır”.

Elman Sadıqov qeyd edir ki, elektromobillər  üçün ölkəni əhatə edəcək elektrik doldurma (charge) stansiyaları olmalıdır.

“Qiymət məsələsi və dizayn önəmlidir”

“Ümumiyyətlə, onların mühərrik həcmləri olmadığından gömrük rüsumu yoxdur. ƏDV-ni differensiallaşdırmaq və ya tam sıfır etmək olar.

Onların servis və ehtiyat hissələri məsələsi də bu avtomobillərin idxalının artmasına mane olan səbəblərdəndir. Digər önəmli məsələ, bu avtomobillər haqqında təbliğatın, maarifləndirmənin demək olar ki, aparılmamasıdır.

İnsanlarda həmin avtomobillərin servisi, ehtiyat hissələri, ümumiyyətlə onların iş tərzi, zəif və güclü tərəfləri haqqında məlumat azlığı var. Bu isə həmin avtomobillərə marağı azaldır.

Digər məsələ psixoloji amildir. Yeniliyi ehtiyatla qəbul etmək. Bu da təbliğatdan irəli gələn məsələdir.

Qiymət məsələsi və dizayn da önəmlidir. Biz cəmiyyət olaraq görünüşə, dizayna çox önəm veririk. Elektrik doldurma stansiyalarının olmaması + qiymət+daha cəlbedici  yanacaqla işləyən avtomobillər müasir avtomobillər+təbliğatın olmaması + hələlik 2-ci əl elektrik avtomobillərin bazarının kəmiyyət baxımından zəif olması elektrik avtomobillərinin daha geniş yayılması və idxalının artmasına mane olan əsas amillərdəndir. Stimul üçün tədbirlərin görülməsi əlbəttə vacibdir” –deyə, Elman Sadıqov deyir.

ecar
Elektromobil

Avtomobillər üzrə mütəxəssis Ruslan Musayev də Banker.az-ın sorğusuna cavabında ilk olaraq ölkədə elektromobillər üçün infrastrukturun – elektrik yükləmə stansiya və məntəqələri şəbəkəsi demək olar ki, yox səviyyəsində olduğunu deyir.

Ruslan Musayev yeni elektromobillərin çox baha başa gəldiyini deyir: “Bu sahədə gömrük rüsumlarının sıfıra endirilməsinə və “yaşıl” nəqliyyatın alıcılarına subsidiyaların ayrılmasına ehtiyac var. İnsanları təmiz nəqliyyata keçmək üçün stimullaşdırmaq lazımdır. Yəni iş təkcə şəxsi avtomobillərdən getmir, kommersiya nəqliyyatı da “yaşıllaşmalıdır”.

Milli Məclisin deputatı, İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Banker.az-a deyib ki, elektromobillərin idxal zamanı ƏDV-dən azad olduğunu və yalnız rüsum ödənildiyini deyir.

“Onun da ləğvi barədə müəyyən fikirlər mövcuddur”- deyə Tahir Mirkişili deyir.

Tahir Mirkişili qeyd edir ki, “ümumi fikrə gələ bilsək, rüsumları sıfır etmək daha məqsədəuyğun olacaq”.

Son xəbərlər
Oxşar xəbərlər
X