27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda e-ticarətin artım tempi yüksək olsa da, pərakəndə dövriyyədə payı hələ də cüzidir

Dünyada elektron ticarətin həcmi 2018-ci ildə 3,53 trilyon dollardan 2022-ci ildə 6,54 trilyon dollara çatacaq. Ölkəmizdə elektron ticarətin artım sürəti ildə 2 dəfəyə yaxın olsa da, pərakəndə ticarət dövriyyəsində payı 0,2 faizdir, halbuki ABŞ və Avropa ölkələrində bu göstərici 10-15%-ə çatır. İnternetin hazırkı yayılma səviyyəsində Azərbaycanda pərakəndə satışlarda elektron ticarətin payı dünya trendinə əsasən təqribən 7% ola bilər. Hazırda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın monitorinq və qiymətləndirilməsini aparır. Proqramda elektron ticarət rəqəmsal ekosisetmin tərkib hissəsi kimi qəbul edilir. Elektron ticarət infrastrukturunun genişləndirilməsi, elektron ticarət platformaları üçün minimal təhlükəsizlik tələblərinin müəyyən edilməsi və qeyri-rezident vergi ödəyicilərinə münasibətdə vergitutma mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulur. 

Azərbaycanda e-ticarətin lideri Azexport.az portalı sahibkarlar üçün “ixrac çekap”ı nəzərdə tutur.  “Azexport” portalı “amazon.com”, “alibaba.com”, “all.biz”, “Go4worldbusiness.com” kimi bir çox dünyanı əhatə edən və geniş auditoriyaya malik olan portallara inteqrasiya olunub. Azexport “Google Market Finder” vasitəsilə hansı ölkələrdən Azərbaycan  məhsullarına daha çox axtarış verildiyini görməklə marketinq alətidir. “Azexport.az”ın fəaliyyət göstərdiyi 3 il ərzində Azərbaycan məhsullarının beynəlxalq onlayn platformalarda mövcudluğu 300 dəfə artıb. 

Azexport.az Portalının tərkib hissəsi kimi fəaliyyət göstərən elektron dövlət-özəl tərəfdaşlıq platforması olan Rəqəmsal Ticarət Qovşağı həm yerli, həm də xarici iş adamlarının rəqəmsal iqtisadiyyata töhfəsini stimullaşdırır. 

Post-industrial dövrdə dünyada xidmətlərlə ticarət geniş vüsət alır. Azexport.az portalı Yaradıcı və Mədəniyyət Sənayeləri (musiqi, rəqs və teatr, dizayn, memarlıq və moda sənəti, sənətkarlıq və təsviri sənət, film, video və foto sənəti, ədəbiyyat və nəşriyyat, reklam, TV və radio yayımı, oyunlar və yaradıcı texnologiyalar) məhsullarının ixracına başlayıb. Bunun üçün Azexport.az portalı bu sahədə ixtisaslaşan etsy.com, kickstarter.com, amazon kindle, Apple Music, Itunes, Google Play və Sotheby’s auksion evi ilə əməkdaşlıq edir.

Azərbaycanın qeyri-neft ixracında getdikcə informasiya və rabitə texnologiyaları məhsullarının xüsusi çəkisi artır. Belə ki, informasiya və rabitə xidmətləri üzrə ÜDM 2016-2019-cu illərdə 40 faizdən artıq inkişaf edib. 2019-cu ilin yanvar-sentyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 24 ölkəsinə  30,2 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 81 faiz çoxdur.

Son xəbərlər
Digər xəbərlər