Azərbaycanda elektrik enerjisinə rekord tələbat qeydə alınıb

“Azərişıq” ASC tərəfindən xidmət göstərilən ərazilər üzrə iyun ayı üçün elektrik enerjisinə tələbatda rekord göstərici qeydə alınıb.

ASC-dən bildirilib ki, iyunun 21-dən etibarən havanın temperaturunun mövsüm normasından yuxarı olması səbəbindən soyutma və havalandırma avadanlıqlarının istifadəsinə tələbat yüksək olub. Bu da, təbii olaraq elektrik enerjisi istehlakının artmasına səbəb olub. İyun ayının 21-26-sı aralığında enerji göstəricisinə tələbat 2020-ci il ilin müvafiq dövrü ilə müqayisədə gündəlik 6,2 milyon kilovat/saat (kVts) artıb. İyunun 27-si 16,4 milyon, 28-i 20,4 milyon, 29-u isə 18,2 milyon kVts olmaqla son 3 gündə 55 milyon kVts elektrik enerjisinin istehlakında artım qeydə alınıb. Bununla da iyunun 29-u elektrik enerjisinin günlük tələbatı “Azərişıq” ASC üzrə 66,4 milyon kVts qeydə alınıb ki, bu da elektroenergetika tarixində rekord göstərici olub. İyun ayında isə ümumi artım keçən ilin müvafiq dövrü ilə müqayisədə 106 milyon kVts olması gözlənilir.

“Azərişıq” ASC abonentlərə xəbərdarlıq edir: “Soyutma və havalandırma avadanlıqlarından fasiləsiz istifadə enerji artımına səbəb olur ki, bu da istifadə edilən elektrik enerjisinin dəyərini artırır. İstifadə edilən elektrik enerjisinin dəyərinin artması növbəti hesabat ayında təqdim olunan bildirişlərdə öz əksini tapacaq. Abonentlərimizdən bir daha xahiş edirik ki, elektrik enerjisindən istifadədə təhlükəsizlik qaydalarına riayət etsinlər. Həmçinin hər bir abonent sahə personalına müraciət etməklə sayğac göstəricilərinin qeydiyyata alınmasında şəxsən iştirak edə bilər”.

Qeyd edək ki, oxunma qrafiklərindən kənarlaşmaların aradan qaldırılması, indeks göstəricilərinin sistemə daxil edilməsində insan faktorunun və xətanın 0-a endirilməsi, eyni zamanda, hesabat dövrünün qüsursuz icra edilməsi üçün “Azərişıq” ASC-də yeni layihələrdən biri olan, sayğacların optik göz vasitəsilə oxunması işi reallaşdırılır. Sayğac göstəricilərinin birbaşa sistemə ötürülməsi insan faktoru olmadan həyata keçirilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.