Azərbaycanda “exchange”lərin açılmasına əngəl olan səbəblər nədir?

0
Vətəndaşlar Valyutadəyişmə məntəqəsinin önündə

Valyutadəyişmə məntəqələrinin (“exchange”lərin) fəaliyyətinə yenidən icazə verilməsi ilə bağlı qərardan iki ilə yaxın vaxt ötür. Lakin bu müddət ərzində nə paytaxtda, nə də bölgələrdə valyutadəyişmə məntəqələrinin fəaliyyəti gözə dəymir. Halbuki son olaraq valyutadəyişmə məntəqələrinin yenidən açılması üçün qanunverici aktlar qəbul olundu, müvafiq qərarlar verildi. Parlament “Valyuta tənzimi haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini qəbul etdi. Bu dəyişikliklə valyuta mübadiləsi fəaliyyətinə lisenziyaların verilməsi proseduru sadələşdi. Artıq maliyyə bazarlarına nəzarət orqanı valyuta mübadiləsi fəaliyyətinə lisenziya verərkən onu müvafiq icra hakimiyyəti razılaşdırmalı deyil. Hazırda “exchange”lərin fəaliyyətinin qarşısında qanunvericilik baxımından  heç bir əngəl olmasa da, iqtisadi məntiqlə iş adamları bu fəaliyyət növündə maraqlı deyillər. Ekspertlər hesab edir ki, əslində hökumətin də qaydaları bu cür sərt müəyyənləşdirməsi onu göstərir ki, onlar da valyutadəyişmə məntəqələrinin fəaliyyətə başlamasında maraqlı deyillər.

Çünki bununla hökumət bazardakı dollar maniupulyasiyalarının, ajiotajın qarşısını alır, milli valyutanın məzənnəsinə olan təzyiqləri aradan qaldırmış olur. Buna baxmayaraq, bu durumda turistlər çətinlik çəkir. Mütəmadi olaraq, paytaxtın mərkəzi küçələrində, xüsusən də “Azneft” dairəsi yaxınlığındakı və “28 may” metro stansiyası yaxınlığındakı bank filiallarının qarşısında növbələr müşahidə olunur.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Bəs görəsən, ekspertlər necə düşünür? Valyutadəyişmə məntəqələrinin geri dönüşü mümkün olacaqmı?

Mövzu ilə bağlı danışan iqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, əslində illər öncə valyutadəyişmə məntəqələrinin bağlanması ilə əlaqədar verilmiş səhv qərar onların ajiotaj yaratması ilə əlaqələndirilirdi: “Bu ajiotajın yaranması nəticəsində də milli valyutanın məzənnəsi ilə bağlı ciddi oynaqlıq müşahidə olunur. Amma bu doğru iddia deyildi və qərar da səhv idi. Ən azı ona görə ki, ölkə üzrə 4 mindən çox insan bu sahə üzrə çalışırdı, onlar işsiz qaldı. Valyutadəyişmə məntəqələrinin (VDM) bağlanmasından bir müddət sonra ”qara bazar” yarandı. Qara bazarın yaranması da elə VDM-lərin bağlanması ilə əlaqədar idi. İndi müəyyən qədər sabitlik yaranıb, həm məzənnə sabitdir, həm də bəzi banklar şənbə-bazar günləri də filiallarını açıq saxlamaqla valyutadəyişmə problemini həll etməyə çalışırlar. Çünki həm turistlər, həm də xarici səfərlərə çıxan yerli vətəndaşların valyutadəyişmə əməliyyatları ilə bağlı problemləri qalmaqdadır. Valyutadəyişmə məntəqələrinin açılmamasının səbəbi qanunun çox sərt olmasıdır”.

İqtisadçının fikrincə, “exchange” açmaq istəyən fiziki şəxslərə elə şərtlər qoyulub ki, bu, iqtisadi baxımdan onlar üçün sərfəli deyil: “VDM açmazdan öncə 50 min manat depozit qoymalısan və sonra lisenziya almalısan. Həmçinin bu obyekti gülləkeçirməz şüşələrlə, təhlükəsizlik vasitələri ilə təmin etmək kifayət qədər vəsait tələb edir ki, bu da iş adamlarına sərf eləmir. Birdən-birə bu qədər vəsaiti investisiya kimi yatırmaq ”exchage”lərin gətirdiyi gəlir qarşısında cəlbedici deyil. Ona görə də qaydalar sadələşdirilsə, kifayət qədər VDM açıla bilər. Bu da yeni iş yerlərinin yaranması ilə nəticələnə bilər. Mən düşünmürəm ki, hökumət sırf ajiotajın qarşısını almaq üçün  bu addımı artır. Çünki valyutanın məzənnəsi hökumətin nəzarəti altındadır. Heç bir valyutadəyişmə məntəqəsi məzənnəni özbaşına nə qaldıra, nə də sala bilməz. Mərkəzi Bankın qaydaları var ki, müəyyən edilmiş faiz dəhlizində valyutadəyişmə məntəqələri alış və satış qiymətlərində dəyişiklik edə bilərlər. Bu qaydanı pozanların ciddi şəkildə cəzalandırılması da mümkündür. Belə görünür ki, hökumət bu qaydaların dəyişməsində və valyutadəyişmə məntəqələrinin artmasında maraqlı deyil”.

Ekspert onu da qeyd etdi ki, artıq “qara bazar”ın fəaliyyəti sona çatıb: “Qara bazar demək olar ki, yoxdur. Yalnız hansısa kafelər, restoranlarda, dükanlara ola bilər ki, xarici turistlərdən valyuta qəbul etsinlər. Xüsusən də regionlarda bu mümkündür. Ancaq qara bazar demək olar ki, sıradan çıxıb.  Valyutadəyişmə məntəqələri bankların nəzarəti altında açılacaq. Fiziki şəxslər bu fəaliyyət növü ilə məşğul olmaq üçün hansısa bankla müqavilə bağlamalıdır ki, o bankın qaydalarına uyğun çərçivədə işləsin. Hətta öncəki dövrdə də Azərbaycanda fəaliyyət göstərən valyutadəyişmə məntəqələrinin hamısı hər hansı banka bağlı idi və onun qaydalarına uyğun fəaliyyət göstərirdi. Lisenziyanın alınmasında da bir bankın razılıq verməsi önəmlidir. Ona görə də, bu proses elə bankların nəzarəti altında olacaq. Valyutadəyişmə məntəqələrinin açılması həm yeni iş yerlərinin açılmasına səbəb ola bilər, həm də rahat şəkildə xarici turistlərin, yerli vətəndaşların günün istənilən saatında, bayram və istirahət günlərində valyutadəyişmə əməliyyatlarından rahat istifadəsinə şərait yaratmış olar. Bankların yeganə marağı ondan ibarət ola bilər ki, hazırda bütün valyutadəyişmə əməliyyatları bankların özündə aparılır, ancaq ”exchange”lər açılsa, bankların əlavə qazancdan məhrum olmasına səbəb ola bilər. Ona görə də ola bilər ki, böyük bankların qazancının bir qismi onlardan lisenziya alan qurumlara gedəcək. Buna görə də ola bilər ki, böyük banklar, ümumiyyətlə, bu prosesdə maraqlı deyil”.

musavat.com