Azərbaycanda 15–29 yaşlı qadınlar tərəfindən dünyaya gətirilən uşaqların sayı son 15 ildə 50 faizdən çox azalıb. Azalma 2025-ci ildə də davam edib.
Banker.az saytının verdiyi məlumata görə, 2025-ci ildə 15–29 yaşlı qadınlar tərəfindən 67 726 uşaq dünyaya gətirilib.
2024-cü ildə bu göstərici 72 638 nəfər olub. Beləliklə, bir il ərzində gənc qadınlar tərəfindən dünyaya gətirilən uşaqların sayı 4 912 nəfər və ya 6,8 faiz azalıb.
Daha uzunmüddətli müqayisə isə daha ciddi dəyişikliyi göstərir. Belə ki, 2010-cu ildə 15–29 yaşlı qadınlar tərəfindən 137 916 uşaq dünyaya gətirilmişdi. 2025-ci ildə bu göstərici ilə müqayisədə azalma 70 190 nəfər və ya 50,9 faiz təşkil edib.
Ölkədə bütün doğulan uşaqlar arasında 15–29 yaşlı anaların payı da aşağı düşüb. 2010-cu ildə doğulanların 83,3 faizi bu yaş qrupundakı qadınların payına düşürdüsə, 2025-ci ildə göstərici 70,6 faiz olub.
2025-ci ildə 15–19 yaşlı analar 9 015, 20–24 yaşlı analar 31 749, 25–29 yaşlı analar isə 26 962 uşaq dünyaya gətirib.
Qeyd edək ki, bu rəqəmlər doğulan uşaqların mütləq sayını göstərir. Doğum intensivliyindəki dəyişikliyi ayrıca qiymətləndirmək üçün müvafiq yaş qruplarındakı qadınların sayını da nəzərə almaq lazımdır.







