12 C
Baku
Friday, March 29, 2024

Azərbaycanda güclü markaların olmamasının səbəbi nədir?

Müəllif: Qüdrət İsabəyli

Türkiyə iqtisadiyyatı ilə Azərbaycan iqtisadiyyatının qarşılıqlı müqayisəsi. Və bu nöqteyi-nəzərdən Azərbaycanın vizyonu.

Mən bu mövzunu yazarkən Azərbaycan iqtisadiyyatını dünya mövqeyində (iqtisadiyyatında) fenomen sayılan ölkələrlə müqayisə edə bilərdim. Məsələn: Yaponiya, Sinqapur, C.Koreya-kimi son zamanlarda daha sürətlə inkişaf edən ölkələr. Məhz nəyə görə Türkiyə? Ona görə ki, biz Türkiyə ilə daha yaxınıq (qardaş ölkə), eyni millətik ( Türk milləti ) buna görə də bəzi məsələlərdə ortaq nöqtələrimiz vardır, bundan əlavə Azərbaycan iqtisadiyyatının dünya mövqeyində orta sıralarda olması da məsələyə təsir edən ən əsas faktorlardır və s. kimi bir neçə amili də sadalaya bilərik. Bundan əlavə qardaş ölkənin iqtisadiyyatı haqqında eşitdiyim məlumatlar məni elə Türkiyə haqqında bir mövzu yazmağa həvəsləndirdi. Burada hədəflənən əsas məqsəd Azərbaycanın daha yaxşı iqtisadi inkişafı üçün müəyyən ölkələrlə qarşılıqlı müqayisəsi və bu müqayisədə ortaya çıxan zəif tərəflərin aradan qaldırılması, güclü tərəflərin isə daha da gücləndirilməsidir.

İlk öncə Türkiyənin iqtisadi arenada əldə etdiyi uğurlardan, naliyyətlərdən danışaq. “The World Factbook”a görə Türkiyə böyük ölçüdə inkişaf etmiş bir iqtisadiyyata malikdir. Kənd təsərrüfatı məhsulları, tekstil, motorlu maşınlar, gəmilər və digər nəqliyyat vasitələri, inşaat məhsulları, ev və elektrionik əşyaları istehsalında dünyada lider ölkələrdən biri sayılır. Bundan əlavə Türkiyənin bir çox markaları artıq dünyanın ən məşhur markaları siyahısına daxil olmağı bacarmışlar. Türkiyənin ən böyük 5 markasının adıları belədir:

1)    Türk Telekom (2.019 mlrd $)

2)    Turkish Airlines (1.68 mlrd $)

3)    Akbank (1.582 mlrd $)

4)    İş Bankası (1.569 mlrd $)

5)    Türkcell (1.539 mlrd $)

Bu markalar Türkiyənin dünyada “imic döyüşçü”ləridir. Ona görə ki, bu firmaların dünya mövqeyində yer alması Türkiyədə sağlam rəqabətin, azad bazar iqtisadiyyatının, liberal xarici ticarət siyasətinin olduğunu sübut edir və bu da xarici investorları cəlb edən ən əsas faktorlardan biri sayılır. Digər tərəfdən isə bu firmalar böyük ölçüdə vergi verməklə dövlət büdcəsinə aktiv şəkildə yardım edirlər. Könül istərdi ki, Azərbaycanımızda da belə markalar olsun, lakin təəssüflər olsun ki, yoxdur. Bəs Azərbaycanda belə markaların olmamasının səbəbi nədir: Sağlam rəqabətin olmaması, monopoliya və inhisarların olması, insanlarımızda hələ də sovet iqtisadi fikirlərinin mövcudluğu, rüşvət və korrupsiya kimi səbəblərlə izah oluna bilər. Əgər biz ölkəmizə investisiya cəlb etmək, ölkədə iqtisadi canlanmaya şərait yaratmaq istəyiriksə, ilk növbədə bu mənfi əlamətləri aradan qaldırmalıyıq.

Əgər ərəb ölkələrində baş verən inkişaf xam neftin hesabına idisə, Türkiyədəki inkişaf isə bilavasitə olaraq cəmiyyətin, millətin çalışması ilə meydana gəlmişdir. Ortada belə bir fakt var ki, Türkiyə faydalı qazıntılarla o qədər də zəngin ölkə deyildir. Dünyanın 16-cı və Avropanın isə 6-cı böyük iqtisadiyyatı olan Türkiyəən güclü iqtisadiyyatın təmsil olunduğu “G-20”nin fəal bir üzvüdür. Qlobal maliyyə böhranı zamanı bir çox ölkələrin iqtisadiyyatı çıxılmaz vəziyyətdə qalsa da bu dönəmdə Türkiyə iqtisadiyyatı 2008-ci ildə yavaşlamanın və 2009-cu ildəki kiçilmənin ardından 2010 və 2011-ci illərdə sırayla 9.2% və 8.5% nisbətində artaraq ÇXR-dən sonra böyümə sürəti ən yüksək olan 2-ci dövlət olmuşdur. O cümlədən də Avropanın ən sürətlə böyüyən iqtisadiyyatı durumundadır. Türkiyə, rəqabət qanunlarının işlədiyi, özəl sektorun iqtisadiyyatda qabaqcıl yer tutduğu, ictimaiyyətin düzənləyici rol oynadığı, liberal xarici ticarətin tətbiq olunduğu, mal və xidmətlərin fərdlər və qurumlar arasında əngəlsiz olaraq əl dəyişdirdiyi bir sərbəst bazar iqtisadiyyatıdır. Görünür Türkiyə məşhur ingilis iqtisadçısı Adam Smitin nəsifətlərini eşidib və düzgün şəkildə dəyərləndirib. Adam Smit deyirdi: “Sağlam rəqabətin söndürülməsi bazar iqtisadiyyatı üçün bir fəlakətdir”. Türkiyədə az hallarda istehsalçı ola bilər ki, istehsal etdiyi məhsul və xidmətləri “saxta” yollarla istehsal etsin. Ancaq gəlin bir də öz ölkəmizə baxaq bizdə məhsul və xidmətlər istehsa olunmazdan, hələ plan tərtib edilmədən əvvəl onu necə “saxta” yolla necə istehsal edəcəklərini fikirləşirlər. Bu gün Azərbaycanda çoxları müəssisələrdən qəbz tələb etmir, ancaq biz anlamalıyıq ki, hər tələb edilməyən qəbz büdcəyə vəsaitin az ötürülməsinə səbəb olur. Bizdə insanlarımızın çoxu “saxta” məhsul istehsal etməklə elə bilirlər ki, qazanırlar ancaq bilmədikləri bir şey var ki, onlar uduzduqlarının fərqində belə deyillər. Çünki onlar işlərini qeyri-qanuni qurduqda müəyyən məbləğdə rüşvət verirlər və bu rüşvətin verilməsi davamlı olaraq davam edir. Onların istehsal etdikləri məhsullar “saxta” olduğundan bir dəfə alan ikinci dəfə həmin məhsulu almır və onun daimi müştərisi olmur. Hər gün yeni ideyaların meydana gəldiyi marketinqdə hal-hazırda əsas strategiya müştərini uzun müddət əldə saxlamaq və loyal müştəriyə malik olmaqdır. Mən bununla bağlı ABŞ-dan bir misal çəkəcəm. Belə ki, 3 mərtəbəli yüksək gəlirli supermarket şəbəkəsinin idarə edən Styu Leonard deyir: “Hər dəfə alıcı inciyib gedəndə elə bilirəm mağazamdan 50.000 dollar uçub gedir. Nə üçün? Çünki orta hesabla onun hər bir alıcısı həftədə 100 dollarlıq mal alır. İlin 50 həftəsini bazarlıq edir. Ərazidə təxminən 10 il yaşayır. Əgər bu müştəridə pis rəy yaranarsa, buradakı xidmət xoşuna gəlməsə, o, başqa supermarketə gedəcək və Styu Leonard 50.000 dollar gəliri əlindən çıxaracaqdır. Əgər peşiman olmuş müştəri bunu başqalarına da desə onda, bu itki daha da böyük olacaqdır. Müştərilərin sayını daim artırmaq üçün Styu Leonard ”New York Times”ın zarafatla adlandırdığı “Süd mağazasının Disneyləndi”ni yaratmışdır. Bütün mağazalarda kostyumlu əsər qəhrəmanlarını, əyləncələr, sevimli ev heyvanlarını, heyvanların elektron animasiya fiqurlarını görə bilərsiniz. 1969-cu ildə kiçik bir süd məhsulları mağazası kimi fəaliyyətə başlamış Styu Leonard mağazası iri addımlarla inkişaf etmişdir. Əvvəlkinəəlavə olaraq 29 bina tikilib ki, bu indi həftəərzində 250.000 müştəriyə xidmət edir. Loyal alıcıların belə çox olması, mağazanın əsasən müştəri xidmətinə sevgi ilə yanaşmağın nəticəsidir. Styu Leonard mağazasının 1-ci qanunu – müştəri həmişə haqlıdır, 2–ci qanun – Əgər müştəri haqsız olarsa, 1-ci qanunu yenidən oxuyun” kimi ifadələr edilir. Marketinqdə belə bir tendensiya müşahidə olunur ki, əgər müştərinin aldığı məhsul pis olduğu halda bunu başqalarına deməsi nisbəti, yaxşı olduğu halda bunu başqalarına deməsindən 2 dəfə çoxdur. Buna görə də çox çəkmir ki, iflas edirlər.(yazdıqlarımı bütün firma və müəssisələrə aid etmirəm). Adicə bir misal, əvvəl bir çayışirin etmək üçün iki çay qaşığışəkər tozu kifayət edirdisə də indi isə dörd çay qaşığı iləəvvəlki şirinliyi əldə edə bilmirsən. Bu sahədə digər bir əksikliyi isə marketinq və stratejik sahələrdə olan bilik və təcrübə yetərsizliyini görürəm. ABŞ-da aparılan bir araşdırmaya əsasən ilk birinci ildə iflas edən müəssisələrin 70%-nin məhz biznes planının olmaması səbəbi ilə baş verdiyi görülmüşdür. Azərbaycanın hal-hazırda böyük şirkətləri qloballaşan biznesə ayaq uydura bilirlər, ancaq yerdə qalan müəssisələr isə biznesin ən son naliyyətlərindən istifadə edə bilmirlər. Təəssüflər olsun ki, bu gün bir çox kiçik və orta müəssisələrin biznes planı, marketinq strategiyaları belə yoxdur.

Bildiyimiz kimi Türkiyə deyəndə ağla gələn ilk düşüncələrdən, fikirlərdən biri Antalya, Bodrum istirahət alanları bir sözlə turizm sektorudur. Bu gün Türkiyə turizmdə fenomen sayılan ölkələrdən birinə çevrilmişdir. Təsadüfi hal deyil ki, dünyada turizm sektoruna görə Türkiyə ilk 10 ölkə arasında yer almağı bacarmışdır və Türkiyə turizmdə rəqabət qabiliyyəti yüksək olan bir ölkədir. Hesablamalara əsasən deyə bilərəm ki, Türkiyəyə 2012-ci ildə 31.8 milyon xarici turist gəlmişdir. 2012-ci ildə Türkiyənin turizm gəliri isə 2011-ci ilə nisbətən 1.8% artaraq 23.4 mlrd dollar olmuşdur. Bu barədə bir çox şey yazmaq olar.

Azərbaycanın turizm üçün lazım olan sərvətləri-təbii gözəlliyi, meşələri, dağları, çimərlikləri, qış turizmi üçün imkanları, mineral bulaqları, sağlamlıq obyektləri, Naftalan nefti, min-bir dərdə dəva mineral palçıqları saymaqla bitmir. Gəlin görək biz bu potensialdan nə dərəcə də istifadə edirik. Bildiyimiz kimi Azərbaycanın xidmət sektorunda qiymətlər bahadır. Və hesab edirəm ki, Azərbaycanın turizmdə irəli gedə bilməməsinin ən əsas səbəblərindən biri də məhz budur. İndi Azərbaycanı digər qonşu ölkələrlə müqayisə edək: Hesablamalara əsasən, Azərbaycanda 1 nəfərin bir həftəərzində normal istirahəti üçün 800-1000 manat vəsait tələb olunur. Ancaq hər il təqribən 30 milyon turist qəbul edən Türkiyədə 1 nəfərin 1 həftəlik istirahəti üçün 400 dollar tələb olunur. Şimali Kipir Türk Cümhuriyyətində isə bu 300 avronu keçmir. BirləşmişƏrəb Əmirliyində 1 həftəlik istirahət 1000 dollardır. Türkiyənin Antalya, Bodrum, Quşadası kimi məşhur turizm məkanlarında bu qiymət 400-700 dollar civarında dəyişir. Gürcüstanda da qiymətlər Azərbaycana baxanda çox ucuzdur belə ki, Batumda bir nəfərin 1 həhtəərzində 3 ulduzlu oteldə dincəlməsi 300-350 manatdır. Buraya yol xərcləri və gündəlik yeməklər daxildir. Yəqin buna görədir ki, “2013-cü ilin göstəricilərinəəsasən azərbaycanlılar Gürcüstanda 300 milyon dollar xərcləyiblər”. Bu sözləri Gürcüstan Turizm Administrasiyasının rəhbəri Georgiya Siqua deyib. Onun sözlərinə görə, Gürcüstana 2013-cü ildə 1 milyon azərbaycanlı gəlib ki, onlarında 300 mini sırf turizm məqsədi ilə səfər edib. İndi isə gəlin fikirləşək o biri ölkələri qoyuram qırağa Gürcüstanda xərclənən 300 milyon dolları öz ölkəmizdə dəyərləndirsəydik və Azərbaycanı turizmdə rəqabət qabiliyyətli ölkə etsəydik bu gün biz neftdən o qədər də asılı olmazdıq. Bizim Gürcüstandan heç nəəksiyimiz yoxdur, əksinə biz olardan qabaqdayıq istər iqtisadiyyatımıza, istərsə dəən əsası Odlar Yurdumuzun təbii gözəlliyinə görə. Bizdə olan imkan az ölkələrdə var və biz bu imkanlardan maksimum dərəcə də faydalanmalıyıq. Biz ilk növbədə araşdırmalıyıq ki, nəyə görə iqtisadi cəhətdən bizdən geridə qalan Gürcüstanda turizmdəki qiymətlər bizə baxanda iki dəfə ucuzdur. Bəlkə onlar bizi qiymət strategiyasında yenirlər?. Bu suallardan çox vermək olar sadəcə dərin analiz aparıb nəticə çıxartmaq lazımdır. Ən azından ortada belə bir fakt var ki, tutaq ki, Türkiyədə tikilmiş bir otellə Azərbaycanda tikilmiş oteli müqayisə edirik(qiymət cəhətdən). Belə ki, Türkiyədəki otelin tikilməsi üçün 10 manat lazımdırsa ( şərti olaraq ), Azərbaycandakı otelin tikilməsi üçün 15 manat lazımdır. Ona görə ki, Türkiyədə tikilən bir otel Türkiyədə istehsal olunan tikinti materiallarından istifadə edəcəkdir, Azərbaycanda otelin tikilməsi üçün isə Türkiyədən gətirilən tikinti materiallarından istifadə olunacaqdır. Buraya biz materialın gətirilməsi üçün nəqliyyat xərci, gömrük xərci və s. xərcləri əlavə etdikdə Türkiyədə tikilən otel 10 manat Azərbaycanda tikilən otel 15 manat olacaqdır. Və bu da bir-başa olaraq qiymətlərdə öz əksini tapır. Hesab edirəm ki, biz bir sahə üzrə dünyada rəqabət qabiliyyətli ölkə olmaq istəyiriksə, o sahəyə xidmət edəcək sahələri də inkişaf etdirməliyik. Bu da bilavasitə olaraq digər sahələrin də inkişaf etməsinə səbəb olacaqdır. Az əvvəl qeyd etdiyim tikinti materialı misalını qeyd edə bilərik.  Fikrimcə dövlətimizin apardığı iqtisadi islahatlar nəticəsində biz bu problemləri aradan qaldıracayıq.

Azərbaycanın kənd təsərrüfatında son zamanlarda irəliləyiş olmasına baxmayaraq hələ də istənilən səviyyəyə gəlib çatmamışdır. Bildiyimiz kimi kənd təsərrüfatı qeyri-neft sektorunda ən əsas sahə sayılır. Hələ ki biz özümüzü bir neçə k/t məhsulları ilə tam təmin edə bilmirik. Rayonlarımızda daha çox mənfəət verdiyinə görə yonca bitkisinə üstünlük verilməsi ölkədə tək funksiyalı k/t-na gətirib çıxara bilər ki, bu da heyvandarlıqdır. Fikrimcə dövlət taxıl əkənlərə xüsusi yardım etməlidir. Azərbaycanımızda k/t-ı üçün lazım olan demək olar ki, hər şey vardır. 11 iqlim tipinin 9-u Azərbaycanda var, torpaqlarımız verimlidir və s. Biz bu fürsətlərdən yaralanmalıyıq. Əlavə olaraq qeyd edim ki, torpaqlar istifadə edilməyəndə artıq öz verimliliyini itirirlər. Kənd təsərrüfatında olan əsas probləmlərdən biri isə savadlı baytar həkimlərinin az olmasıdır. Fikrimcə, kənd təsərrüfatının inkişafına səbəb ola biləcək əsas faktor kəndlilərə güzəştlərlə kreditlərin uzun müddətə verilməsidir. Əgər bu baş tutarsa, kənd təsərrüfatında böyük yüksəliş baş verəcəkdir. Bundan əlavə kəndlilərə fərdi təsərrüfatlar haqqında təlim vermək, onlara mütəxəssislər tərəfindən müəyyən seminarlar keçirilməsinin də faydası olacağını düşünürəm.

Hesab edirəm ki, Azərbaycanda sənayeni inkişaf etdirmək üçün çox böyük potensial var. Bu potensial həm təbii sərvətlərin bolluğu, həm də mövcud ənənənin olmasıdır. İlk növbədə biz xaricə xammal satışını məhdudlaşdırmalı və xammalı öz ölkəmizdə dəyərləndirib həm daxili bazarı təmin edər, həm də daxili bazarı təmin etdikdən sonra bu məhsulları dünya bazarına çıxardarıq. Xüsusilə toxuculuq sektorunda ciddi ölçüdə geriləmə qeydə alınmışdır. Bu sahə Sovetlər İttifaqı dövründə Azərbaycan sənayesinin 10-15%-ni təşkil edirdi. Bu sahədə işlə təmin olunanların sayı 55-60 min nəfər təşkil etmişdir. 2007-ci ilə görə ölkə sənayesində toxuculuq sənayesinin payı 3-5%-dir. Bu sahədə işləyənlərin sayı isə ciddi şəkildə azalmışdır. Toxuculuq və digər istehlak malları istehsal edən sektorlar, idxal olunan mallar ilə rəqabət aparmaqda çətinlik çəkirlər. Ölkədə təcili olaraq pambıq məhsullarının toxuculuq sənayesində istifadəyə hazır şəkildə inkişaf etdirilməsi vacibdir. Çünki, istehsal olunan pambığın böyük bir hissəsi xammal şəklində xarici ölkələrə satılır, daha sonra isə toxuculuq fabrikləri istifadə etdikləri parçaları xaricdən ixrac edirlər. Bu səbəblə də qeyri-neft sektorlarının inkişaf etdirilməsinə dair proqramlarda toxuculuq sənayesinin inkişaf etdirilməsi hökümətin hədəflərindən biridir. Dünya iqtisadiyyatında belə bir tezis vardır: “Xammal satan ölkələr uduzur”. Adicə bir misal: Yaponiyanın elə də böyük sərvəti yoxdur, lakin Yaponiya dünyanın bir çox ölkələrindən xammalı alır və onu hazır məhsula çevirərək hazır məhsul şəklində digər ölkələrə ixrac edir. Onu da qeyd edim ki, Yaponiya dünyanın ən böyük üçüncü mərkəzidir. Əvvəldə də qeyd etdiyim kimi Azərbaycan dünyada neft ölkəsi kimi tanınır, lakin bu gün ölkəmiz neft-mədən avadanlığının demək olar ki, hamısını xarici ölkələrdən idxal edir. Əvvəllər isə Azərbaycan SSRİ-nin neftmədən avadanlığına olan tələbatının 70%-ni ödəyirdi. Deməli biz bu sahəni yenidən inkişaf etdirə bilərik. Bunun üçün mümkün potensialımız var. Azərbaycan iqtisadiyyatının böyük bir hissəsi Bakı ilə bağlıdır. Ancaq son zamanlar regionların sosial-iqtisadi inkişafında nəzərə çarpacaq inkişaf baş vermişdir və bu inkişafın əsasında Cənab İlham Əliyevin imzaladığı 2004-2008, 2009-2013 illər “Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı”nın böyük əhəmiyyəti olmuşdur. Bu nöqteyi-nəzərdən mən Azərbaycanın senayesinin inkişafına böyük təsir göstərə biləcək klasterial yanaşmanı qeyd etmək istərdim. Bildiyimiz kimi klaster yanaşmanı elmə Mikl Porter gətirib. Ona çox ciddi müqavimət olmasına baxmayaraq, o, ABŞ-ın Slikon vadisində HP şirkəti və Stanford universiteti ilə birlikdə klasterial nəziriyyənin əsaslarını yaratdılar. Bu gün Slikon vadisi 100 minlərlə müəssisəni özündə birləşdirib və dünyanın ən aparıcı innovasiyalı texnologiyalar sahəsi sayılır. Bu yanaşmaya əlavə misal olaraq göstərə bilərik ki məsələn, İtaliyada Sicilya geridə qalmış bir region idi Sicilyada yüksək innovasiyaların tətbiqi nəticəsində Kontine universuteti ilə birlikdə çox məşhur şirkətlərdən olan ST şirkəti ilə birlikdə yeni bir klaster yarandı və bu gün Sicilya klasterial yanaşmanın hesabına bir xeyli irəliləmişdir. Digər bir nümunə isə Avstriyada 70-90-cı illərdə avtomobil sənayesi ilə bağlı qəbul olunmuş dövlət proqramıəsasında maşınqayırma sənayesinin inkişaf sahəsində klasterial inkişaf istiqamətlərində görülən işləri qeyd edə bilərik. Biz dünya təcrübəsindən faydalanıb bizim üçün ən yaxşı inkişaf konsepsiyalarını seçib öz ölkəmizdə onu uğurla tətbiq etməliyik. Mənim fikrimcə klasterial yanaşmanı öz ölkəmizə tətbiq etsək, bu yanaşmanın böyük üstünlüklərindən istifadə edə biləcəyik. Bundan əlavə mən Azad İqtisadi Zonaların yaradılmasını da dəstəkləyirəm. Azad İqtisadi Zonaların yaradılmasının bəzi üstünlükləri aşağıdakılardan ibarətdir:

1) Ölkənin geridə qalmış regionlarını inkişaf etdirmək.

2) Əhalinin məşğuliyyəti və paytaxta cəmlənməsi probleminin qarşısını almaq. Bildiyimiz kimi regionlarda olan əhali işsizlikdən dolayı paytaxta gəlir və buda bir çox əlavə problemlər yaradır. Bu problemlərdən tıxac problemini və bir çox problemi qeyd edə bilərik ki, bu da böyük miqdarda vəsaitin xərclənməsinə gətirib çıxarır.

3) Ölkəyə xarici kapitalın cəlb edilməsi və ölkə daxilində iqtisadi proseslərin fəallaşması.

4) Sənaye ixracına maraq yaratmaq və bunun əsasında valyuta vəsaiti əldə etmək.

5) Həmin zonadan yeni təsərrüfatılıq metodları təcrübəsini yaymaqda istifadə etmək.

6) Əmək ehtiyyatları üzrə səmərəli ixtisaslaşmaya nail olmaq.

İnkişaf Etmiş Ölkələr Azad İqtisadi Zonaların üstünlüklərindən faydalanmışlar.

Əlavə olaraq qeyd etmək istərdim ki, bu gün bir çox sanksiyalar tətbiq olunan İran İslam Respublikası belə Azad İqtisadi Zonaların(AİZ) yaradılması üçün dəridən-qabıqdan çıxır. AİZ-lərin yaradılmasında belə bir tendensiya müşahidə olunur ki, “hər yaradılan ölkə daxilində qalır və onun sərvətinə çevrilir ”. Bu nöqteyinəzərdən AİZ-lərin yaradılması çox mühümdür. Sənayenin inkişafında mən “yaşıl iqtisadiyyat” amilinə toxunmaq istərdim. Bildiyimiz kimi “yaşıl iqtisadiyyat” – xammal və ehtiyyatlardan daha səmərəli şəkildə istifadə etməklə maksimum səviyyədə məhsul istehsal etməkdir. Azərbaycanda “yaşıl iqtisadiyyat” və “yaşıl biznes” anlayışlarının daha çox gündəmə gəlməsi əsasən 2010-cu ildən başlayır. “Yaşıl iqtisadiyyat”da yatırılan hər bir dollar, əgər biznes uğurlu olarsa geriyə altmış dollar olaraq qayıdır, yəni geri dönüşəmsalı altmış dəfə artıqdır. Azərbaycanda bir çox insan elə düşünür “yaşıl iqtisadiyyat” yalnız hümanitar bir anlamdır. Ancaq qeyd etmək istərdim ki, “yaşıl iqtisadiyyat” daha çox iqtisadiyyatın inkişafı üçün vacibdir. Yəni bu düşüncənin dəyişilməsi vacib məsələlərdən biridir və iqtisadiyyatın bu spektrdən qurulmasıəhəmiyyətlidir. Sonda fikirlərimi ümumiləşdirərək deyə bilərəm ki, bütün bu qeyd etdiyim alternativ strateji variantlardan hansı Azərbaycan üçün əlverişlidirsə, həmin variantın qəbul olunması, bu variantın araşdırılması, təhlil-sintez olunması sonda isə onun Azərbaycanda reallaşması üçün səylə çalışmaq və həyata keçirmək lazımdır. İnanıram ki, ölkəmiz yaxın gələcəkdəİnkişaf Etmiş Ölkələrin sırasına daxil olacaqdır.__

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.