Azərbaycanda Həcc ziyarətinin qiyməti bahalaşır

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndə heyəti Azərbaycandan builki Həcc ziyarətinin təşkili ilə bağlı Səudiyyə Ərəbistanı Krallığının Həcc Nazirliyinin dəvəti ilə bu ölkədə səfərdə olub.

Banker.az xəbər verir ki, səfər zamanı Səudiyyə tərəfinin ziyarətlə bağlı builki şərtləri öyrənilib, zəvvarların qalacağı hotellər müəyyənləşdirilib.

Hazırda səfərdən qayıdan nümayəndə heyətinin təqdimatı əsasında idarədə builki qiymətlər, ayrılacaq kvota və digər şərtlər hesablanır.

Qiymətlərin bu il ötən ilə nisbətdə 50 və ya 100 ABŞ dolları daha baha olacağı gözlənilir. Ziyarət bu il də keçənilki kimi, iki variantda (VİP və sadə) deyil, yalnız bir variantda olacaq. Fevralın əvvəlinə qədər ziyarətlə bağlı Azərbaycanda sənəd qəbulunun elan ediləcəyi də nəzərdə tutulub.

Qeyd edək ki, ötən il Azərbaycanda Həcc ziyarətinə səfər xərci 4 150 ABŞ dolları olub, ümumilikdə isə 1440 nəfər ziyarət edib.

Xatırladaq ki, Azərbaycanda rəsmi olaraq Həcc ziyarətini QMİ təşkil edir.