8 C
Baku
Wednesday, October 30, 2024

Azərbaycanda həkim reseptləri elektronlaşdırılacaq

Azərbaycanda rəqəmli reseptlər yaradılacaq.

“Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə bildirilir ki, rəqəmli resept sisteminin tətbiqi nəticəsində mövcud vəziyyəti əsaslı şəkildə dəyişmək mümkün olacaq.

Hazırda həkimlər tərəfindən reseptlər əl ilə yazılmaqla kağızlarda təqdim olunur. Bundan əlavə, həkimlər yazdıqları reseptlərin sayı və növünü özündə əks etdirən hesabat hazırlayırlar. Pasiyent kağız resepti əczaçıya təqdim edir və əczaçı resepti öz məlumat sisteminə daxil etdikdən sonra müvafiq dərmanları təqdim edir. Pasiyentlər əl ilə yazılmış kağız resepti itirdikləri və ya bu reseptlər yararsız hala düşdüyü hallarda, öz həkimləri ilə yenidən görüş təyin etmək məcburiyyətində qalırlar.

Rəqəmli resept sisteminin tətbiqi məqsədilə elektron səhiyyə proqramı çərçivəsində rəqəmli resept standartları işlənib hazırlanacaq. Rəqəmli resept sisteminə bütün əczaçılıq və tibb müəssisələrinin inteqrasiyası təmin ediləcək, həkimlər pasiyentin unikal elektron identifikasiya nömrəsinə uyğun rəqəmli resept tərtib edərək mərkəzi elektron tibbi uçot sisteminin yaddaşına ötürəcəklər. Pasiyent tərəfindən istənilən əczaçıya müraciət edilərək şəxsiyyət vəsiqəsi və ya rəqəmli resept nömrəsi təqdim edilməklə və əczaçı tərəfindən həmin məlumatlar rəqəmli resept sistemində yoxlanılmaqla, tələb edilən dərman ləvazimatları əldə olunacaq.

Rəqəmli resept sisteminin tətbiqi nəticəsində proseslərin izlənməsinə, daha effektiv şəkildə idarə edilməsinə və tibbi prosedurlara dair məlumatların tənzimlənmiş dövriyyəsinə şərait yaranacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər