13 C
Baku
Tuesday, May 21, 2024

Azərbaycanda iki provayder şirkəti cərimələnib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) fəaliyyətləri barədə məlumat təqdim etməkdən yayınan “Fibernet” və “ButaTelecom.az” MMC-ləri cərimələyib.

Bu barədə İKTA məlumat yayıb.

Bildirilir ki, adıçəkilən provayderlər barəsində İnzibati Xətalar Məcəlləsinin 370-2.1-ci maddəsinə (telekommunikasiya operatoru və provayderi tərəfindən sorğuların müəyyən edilmiş müddətdə cavablandırılmaması) uyğun olaraq cərimə növündə inzibati tənbeh tətbiq edilməsi haqqında məhkəmə qərarları qəbul edilib.

İKTA bir daha vurğulayır ki, sahə üzrə məlumatların toplanması telekommunikasiya xidmətləri bazarında təhlillərin aparılması və xidmət bazarlarının formalaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsində mühüm əhəmiyyət kəsb edir.

“Sorğulara vaxtında, tələb edilən qaydada və ətraflı cavab verməyən və qanunla üzərilərinə qoyulmuş digər öhdəlikləri icra etməyən operator və provayderlərə qarşı qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi istiqamətində işlər davam etdiriləcək”, – məlumatda deyilir.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

MənbəREPORT
Son xəbərlər
 ⁠
Digər xəbərlər