Azərbaycanda ilk dəfə 700 bal toplayan 3 tələbədən biri – Uğur hekayəsi

Emil Abbasov: “Kim deyirsə ki, uğurumun hamısı intellektimin hesabınadır mən ona inanmıram” 

Maksimalistdir. Aldığı qiymət, gördüyü işlər, hətta oynadığı oyunda belə, maksimum nəticə göstərməlidir. Hər gün özünə hesabat verir və cəzalandırır. Düşünür ki, nailiyyət də elə öz səhvini dərk edib, özünü cəzalandırdıqdan sonra gəlir. Onun çiynində artıq 700 bal yükü var. Ondan aşağı nəticə göstərməyi qəbul etmir və heç bir halda kifayətlənmir. Müsahibimiz Azərbaycanda ilk dəfə 700 bal toplayan 3 tələbədən biri, ADA univeristetinin müəllimi Emil Abbasovdur.

Bakıda anadan olub. 10-cu sinifdə orta təhsilini Heydər Əliyev liseyində davam etdirib. Məqsədi xaricdə təhsil almaq olsa da, ilk dəfə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsini seçib. 4-5 ay oxuduqdan sonra dövlət proqramı ilə bakalavr təhsilini Cənubi Koreyada Kyung Hee, magistr təhsilini isə Amerikada Nyu York Universitetində alıb: “Bəxtimdən həmin ildə Azərbaycan gənclərinin xaricdə təhsil alması üçün dövlət proqramı qəbul olunmuşdu. Proqramla 5 il Koreyada təhsil aldım. 1 il koreya dilini öyrəndim, 4 il bakalavr oxudum. 4-cü kursun sonlarında Qərbdə təhsil almaq üçün yenidən hazırlaşmağa başladım. Bu dəfə də Dövlət Proqramı ilə Nyu York Universitetində kompyuter elmləri üzrə magsitr təhsili adım. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində həm bakalavr, həm də magist oxudum. Həmçinin Amerikada asistent müəllim kimi də işləyirdim. Aşağı sinif tələbələrinin dərslərinə kömək edir, qiymətləndirmələrində iştirak edirdim”.
– İstər Koreyada, istərsə də Amerikada iş imkanlarınız olub. Amma siz Azərbaycana qayıtmısınız…
 
– Dünyanın hansı ölkəsində yaşasaq da, Azərbaycana qayıtmaq hissi həmişə olur. Biz təbiətcə, torpağa bağlı insanlarıq. Bundan əlavə, mən özümü ölkəmə borclu sayırdım. Çox adam bunu süni vətənpərvərlik kimi qiymətləndirir. Amma mənim vəzifəm ölkəmə töhfə verməkdir. Təhsilim üçün dövlət kifayət qədər xərc çəkib və mən də yararlanmışam. Xərc çəkilməsə belə, hamı təhsil alıb xaricə getsə, orada yaşayıb, işləsə bəs bu ölkədə kim qalacaq? Nə üçün xaricdə öyrəndiklərimizi öz ölkəmizdə tətbiq etməyək? Cəmiyyətin savadlı, intellektual, dünyagörüşlü gənclərə ehtiyacı var. Məsələn, gəlib ADA-da dərs deməsə idim, yerimə hansısa xarici gələcəkdi. Reallıq da odur ki, heç bir xarici vətəndaş yerli tələbələrə azərbaycanlı müəllim qədər can qoymur. Bununla yanaşı, işlədiyim mühit də məni qane etməli idi. ADA mənə bu şəraiti yaratdı və öyrəndiklərimi tələblərə öyrətməkdən zövq alıram.
– Emil bəy, sizin şagird olduğunuz illərə nəzər salsaq, İT sahəsi o qədər də populyarlaşmamışdı. Seçdiyiniz ixtisasın gələcəyini necə hesablandınız?
 
– Əslində atam Aviasiya Akademiyasına oxumağımı, pilot, ya təyyarə konstruktoru olmağımı istəyirdi. Amma o sahəyə həvəsim yox idi. Bizim dövrümüzdə kompyuter salonları var idi. Mən də yaşıdlarım kimi onlara çox gedirdim. Lakin məqsədim oynamaq deyildi. Uşaqlar “Play station”larda pulla oyunlar oynayırdılar. Mən oynayanda həmişə maraqlı olurdu ki, hansısa düyməni basanda necə olur, qəhrəman tullanır, maneələri keçir. Bu da birbaşa kompyuter elmi deməkdir. Kompyuter mənə kəşf edilə biləcək sahə kimi gəlirdi və bilirdim ki, gələcəyi dəyişəcək. Kompyuterin gizli tərəflərini araşdırmağa başladım. Sistematik öyrənmək üçün təhsilini aldım. O vaxtın “Nokia” telefonlarının sistemini dəyişməyə çalışırdım. Proqramlar necə yazılırdı onlara marağım var idi. Bu kimi maraqlar məni bu günə gətirməli idi.
– İlk 700 bal… Bu məqsəd idi yoxsa bəxt?
 
– Bu, məqsəd idi. Məncə, məqsədli bir insan üçün 700 bal toplamaq çətin deyil. Özümü sırf  maksimum bala kökləmişdim. Riyaziyyat müəllimim bizi həmişə məşq elətdirirdi ki, misalı kağızda yox, əvvəlcə beyində, şifahi etməyi bacarın. İmtahan kağızımı hələ də saxlamışam. Orada çox az qeydlər aparmışam. Əvvəlcə beynimdə etdim, bu da sürətli olur və yenidən dəqiqləşdirməyə vaxt olur. 700 bal toplamağı məndən çox valideynlərim istəyirdi. Televiziyada hər dəfə yüksək bal toplayanları göstərirdilər. Valideynlərim hər dəfə irad tuturdu ki, 700 bal varsa, onu niyə toplaya bilməyəsən ki? Bir dəfə sınaqdan 700, ikinci dəfə 696 bal topladım. 696-ya görə heç kim üzümə baxmırdı. Daha sonra yenə 700 topladım. Sınaqdan iki dəfə 700 bal toplayandan sonra, əgər qəbulda az nəticə göstərsə idim, təsəvvür etmirəm məni necə qarşılayardılar. Kökləndim və topladım.
– 700 bal toplamaq sizcə, inansın savadından xəbər verir?
 
– Əslində 700 bal insanın savadından, düşünmə tərzindən, problem çözmə bacarığından xəbər vermir. Burada əzbərçilik var. Düzdür, texniki fənlərdə bu daha azdır, amma məntiqi suallar demək olar ki, yoxdur. 700 bal toplamaq mənim fikrimcə, böyük bir nailiyyət deyil. Bir əhəmiyyəti var ki, məsuliyyət göstəricisidir. Yəni şagird qarşısına məqsəd qoyub və toplayıb.
– Müəllim kimi tələbələrlə münasibətiniz çox səmimidir. Qızıl ortanı necə tapırsınız?
 
– Mən tələbələrlə çox mehriban, dostyanayam. Amma iş, işdir, dostluq dostluq. Dərsdən sonra necə mehribanamsa, dərsimdə də bir o qədər ciddiyəm. Ortanı tapmağın yolu tələbələrlə dost olmağı bacarmaqdır. Tələbə mənim yanıma gəlməkdən heç vaxt çəkinmir. Bütün problemlərini bölüşə, rahat sual verə bilərlər. Qızıl ortanı tapmaq üçün tələbələrlə dost kimi davranmaq, onların dərdini özününkü bilmək lazımdır. Ən əsası, müəllim qarşısındakı tələbəyə uşaq kimi deyil, yetişkin kimi davranmağı bacarmalıdır. Yetişkin insana “düz otur”, “telefonu yerə qoy” deməyin düzgün deyil. Tələbə gəlir, pul verir və əvəzində təhsil alır. Tələbə bunu qeyri-ciddi qəbul edib, vaxtını komyuterdə, telefonla keçirirsə bu, onun öz seçimidir. Mən qətiyyən telefon, kompyuteri qadağan etmirəm. Bilməyən adam qulaq asmalıdır. Qulaq asmayıb kompyuterlə məşğul olursa, mən ona nə isə deyə bilmərəm. Qulaq asmır və imtahandan kəsilir. Bu zaman səhv etdiyini anlayır və gələn dəfə dərsi dinləyir. Dərk etdiyin müddətcə universitet səhvləri ən gözəl səhvlərdir. Səhv olmayanda adam o uğurun da qədrini də bilməz.
– Xaricdə həm təhsil alıb, həm dərs demisiniz. Azərbaycan tələbələri ilə əcnəbi tələbələri müqayisə edə bilərsinizmi?
 
– Asiya ölkələrinin insanı fərqlidir. Koreyalılar hər çətinliyə, əziyyətə qatlanırlar. Bizdə bir həftənin içində iki tapşırıq verdinsə, etiraz edirlər. Onları məhz o “iki” səslənməsi narahat edir. O tapşırıqları birləşdirib bir fənn kimi versəm, etiraz etməzlər. Amma Koreya tələbələri belə deyil. Koreyada hansısa tələbə görür ki. materialı çatdıra bilmir oturub əzbərləyir. Mən təəccüblənirdim ki, bir dərsin bütün kontentini 2-3 gecəyə əzbərləmək olarmı? Olarmış. Hindistanlıların riyazi təfəkkürləri çox güclüdür. Ortaya qoyulan problemlərdən heç vaxt qorxmurlar. Problem varsa, çözümü də var. Mərkəzi Asiya tələbələri də məsuliyyətlidirlər. Bizim tələbələrdə arxayınçılıq var. Bunu səbəbini həddindən artıq valideyn nəzarətində görürəm. Bütün problemlərini valideyn həll edir. Xaricə gedən azərbaycanlı tələbələrin əksəriyyəti birdən birə valideynsiz qalır və çətinlik çəkirlər. Bizdə tələbələrimiz “mən nə üçün oxuyuram?” sualının cavabını dərk etmirlər. Bizim tələbələrdə məsuliyyət hissi azdır. Düzdür, çox yaxşı tələbələrimiz də var.
 
– 18 yaşınızdan evdən pul almamısınız.
 
– Bəli. Amerikada 18 yaşı tamam olmuş uşağı valideyni universitetin yataqxanasına qoyub gedir və bildirir ki, maddi dəstəyimə güvənmə, özün-özünü idarə elə. 18 yaşı tamam olan insana orada yetişkin insan kimi baxırlar və o, hər bir şeyi özü etməyi bacarmalıdır. Yetişkin insanamsa, nə üçün evdən pul almalıyam? Ən azından fəhləlik edib, pul qazana bilərəm. Yaxşı bal topladım, təqaüd aldım və bu pul mənə yetirdi. Mən çox qənaətcil olmuşam. Dövlətin mənə verdiyi puldan səmərəli istifadə edirdim. İkinci kursdan sonra da işlədim.
 
 
– Uğurunuzun sirri nədir? Sizcə, bəxt amili varmı?
 
– Uğurun sirri faizlə bölüşdürülsə, məncə, orada bəxt də var. Amma ən vacibi məsuliyyət və məqsədyönlülükdür. Sənin intellektual səviyyən çox olmaya da bilər, amma məqsəd qoyub məsuliyyətli olmaqla istədiyinə çata bilərsən. Minimum 50 faizi məqsədyönlülük və məsuliyyətin qarışığıdır. Yerdə qalan 50 faiz insandan insana fərqlidir. Kimdəsə bəxt, kimdəsə intellektual səviyyə, kimdəsə tanışlıq… Məndə tanışlıq olmayıb. Amma bəxtim olub. 10-cu sinifdə hazırlığa gedərkən müəllimimin təkidi ilə sinfimi dəyişib litseyə keçdim. Bu, bəxt sayıla bilər. Həmin müəllimin qarşıma çıxması bəxt idi. Amma sonrakı faktorlar sizin intellektiniz, təcrübəniz ola bilər. Söhbət tək işdən getmir. Dövlət proqramının sırf mənim illərimə təsadüf etməsi də bəxt idi və mən də ondan yararlandım. Kim deyirsə ki, uğurumun hamısı intellektimin hesabınadır ona inanmıram. Məqsəd, məsuliyyət olmadan uğur mümkün deyil.
 
– Mükəmməliyyətçisiniz…
 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

– Bəli, maksimalistəm. Çalışıram nə edirəmsə, maksimum yaxşı edim. Adicə idmana gedirəm, uşaqlar deyib-gülür mən əsəbiləşirəm. Deyirəm idmana gəlmişiksə, çalışmalıyıq ki, ən yaxşı nəticəni verək. Baxıram ki, hamı rahat qarşılayır. Məndə bu, yoxdur. Tələbəlik illərindən qiymətlərim də, gördüyüm işlər də maksimum olmalı idi. Hər dəfə özüm özümə hesabat verirəm. İnsan özünü cəzalandırmağı bacarmalıdır. Mən 700 baldan sonra aşağı nəticəni özümə rəva bilmir və hər zaman ən yüksək nəticələri əldə etməyə fokuslanıram.