10 C
Baku
Cümə axşamı, Oktyabr 28, 2021

Azərbaycanda “İnvestisiya səyahəti” layihəsinə start verilir

Mərkəzi Bank tərəfindən kapital bazarının inkişafına dair strateji planda müəyyən edilmiş hədəflərin icrası üzrə davamlı tədbirlər həyata keçirilir. Növbəti addım kimi maliyyə savadlılığının artırılması və kapital bazarı vasitəsilə maliyyələşmənin təşviqi məqsədilə 20 oktyabr 2021-ci il tarixində Mərkəzi Bank, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Bakı Fond Birjası və investisiya şirkətlərinin təşkilatçılığı ilə “İnvestisiya səyahəti” layihəsinə start verilir.

Layihənin əsas məqsədi kiçik və orta biznes təmsilçilərinin, o cümlədən biznesə yeni başlayan subyektlərin kapital bazarı vasitəsi ilə maliyyələşməsinə, mövcud bizneslərinin inkişafına və korporativ idarəetmə standartlarının təşviqinə dəstək olmaqdır. Eyni zamanda layihə çərçivəsində regionlarda fəaliyyət göstərən biznes subyektlərinin kapital bazarı və Bakı Fond Birjasında listinqin üstünlükləri barədə məlumatlandırılması, qiymətli kağızlar bazarına dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi, regionlarda bu sahəyə marağın artırılması və ümumilikdə biznes ictimaiyyətinin diqqətinin kapital bazarına yönəldilməsi nəzərdə tutulur.

Layihə çərçivəsində ilk tədbir 20 oktyabr 2021-ci il tarixində Xaçmaz rayonunda yerləşən KOB İnkişaf Mərkəzində keçiriləcəkdir. Tədbirdə Bakı Fond Birjası və investisiya şirkətlərinin nümayəndələri tərəfindən kapital bazarından maliyyələşmə və Bakı Fond Birjasında listinq mövzularında təqdimatların edilməsi, o cümlədən biznes subyektləri üçün ödənişsiz investisiya məsləhətlərinin verilməsi və onların Bakı Fond Birjası tərəfindən həyata keçirilən “Listinq Məsləhət Proqramı”na dəvət edilməsi planlaşdırılır. Həmçinin tədbir çərçivəsində investisiya şirkətləri tərəfindən kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektlərinin təsərrüfatlarına yerində baxış keçirilərək onların maliyyələşmə imkanlarının dəyərləndirilməsi nəzərdə tutulur.

Son xəbərlər
Oxşar xəbərlər