33 C
Baku
Monday, June 17, 2024

Azərbaycanda istehsal olunan mallar barədə məlumatları əks etdirən portalın təqdimatı olub

Bu gün ADA Universitetində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan “azexport.az” portalının təqdimat mərasimi keçirilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, portalın missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platforma yaradılmasıdır: “Portal dünyanın ən populyar elektron satış şəbəkələri ilə inteqrasiya olunaraq, Azərbaycan mallarını bütün dünyaya sərgiləyir. Dünyanın və Azərbaycanın aparıcı nəqliyyat-loqistika şirkətləri və ödəmə sistemləri Azərbaycan mallarının realizasiyası üçün əlverişli şəkildə portala inteqrasiya olunub. Mütəmadi yenilənən, istifadəyə rahat, əlçatan, təhlükəsiz, sürətli, əlverişli, hər yerdə və həmişə olmaqla portal vasitəsilə “Made in Azerbaijan” brendi alıcılara yaxınlaşdırılır”.

ADA Ubiversitetinin hökumət, beynəlxalq münasibətlər və tələbə məsələləri üzrə prorektoru Fariz İsmayılzadə qeyd edib ki, təmsil etdiyi ali təhsil müəssisəsi ölkədə aparılacaq islahatlara öz töhfəsini verməyə hazırdır.

Portalın meneceri Zaur Qardaşov onun mahiyyəti və imkanları barədə təqdimat edib. Portalın funksionallığı, Azərbaycan istehsalçıları barədə vahid məlumat bazasının işləmə prinsipi, eyni zamanda portalın ixracatçılara təklif etdiyi əlavə imkanlardan bəhs edən Z. Qardaşov bildirib ki, portal 3 ay müddətinə yaradılıb. O, həmçinin portala inteqrasiya olunmuş milli və beynəlxalq odəniş sistemləri, nəqliyyat və logistika xidmətləri, real rejimdə tərcümə xidməti və Azərbaycan məhsullarının beynəlxalq ticarət platformalarında yerləşdirmə imkanları barədə də məlumat verib.

Bu portal üç mərhələdə istifadəçilərin ixtiyarına veriləcək. Birinci mərhələdə portalda Azərbaycanda fəaliyyət göstərən bütün sahibkarlar, müəssisələr haqqında məlumat yer alacaq. Yəni, yerli istehsal olunan mallar barədə məlumatlar bir bazada toplanacaq.

Portalda məlumatlar Azərbaycan, rus və ingilis dilində olacaq ki, bu da xarici ölkələrdə fəaliyyət göstərən sahibkarların yerli istehsal olan məhsullarla tanış olmasına imkan verəcək. Xarici sahibkar portala daxil olmaqla yerli məhsulların istehsal yeri, qiyməti və keyfiyyət göstəriciləri ilə bağlı məlumat əldə edə biləcək. Növbəti mərhələdə portala onlayn ödəniş və logistika əlavə olunacaq. Bununla da, xarici ölkələrdəki iş adamları yerli məhsulların sifarişini verə biləcək və bu məhsullar qısa müddət ərzində sifarişçiyə çatdırılacaq. Məqsəd “Made in Azerbaijan” brendi altındakı məhsulu təkcə, Azərbaycanda yox, dünyanın hər bir yerində bəyənənlər üçün əlçatanlığı təmin etməkdən ibarətdir.

Portalda hər bir sahibkar üçün “şəxsi kabinet” yaratmaq mümkün olacaq. Sahibkarlar “şəxsi kabinet”ə daxil olmaqla öz məlumatlarını sayta yerləşdirə biləcək. Növbəti addım kimi portal vasitəsi ilə sahibkarların bir-biri ilə əlaqə yaratması təmin ediləcək. Bununla da, sahibkarlar istədikləri malları elektron qaydada sifariş verə biləcək. Eyni zamanda, məhsulların daşınması, sığortası məsələsi də öz həllini tapacaq. Elektron portal sahibkarların xərclərinin əhəmiyyətli şəkildə azalmasına gətirib çıxaracaq. Çünki, sahibkar istədiyi məhsulu seçərkən vaxt itirməyəcək və vasitəçi olmadan münasib qiymətə ala biləcək. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ölkədə elektron ticarətin inkişafı ilə nəticələnəcək və sahibkarların bazarına çıxışını asanlaşdıracaq.

Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycandan ixracın genişlənməsi istiqamətində saytın imkanlarını yüksək qiymətləndirərək, verəcəyi töhfələrdən bəhs edib. Sahibkarlığın inkişafının yeni iqtisadi siyasətin əsas istiqamətlərindən biri olduğunu vurğulayan komitə sədri bildirib ki, cari ilin əvvəlindən uğurla reallaşan islahatların əsas prioritetlərindən biri məhz ixracın genişləndirilməsi, Azərbaycan brendi ilə qeyri-neft məhsullarının istehsalının və xarici ölkələrə satılmasının təşviqidir: “Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların xarici bazarlarda “Made in Azerbaijan” brendi adı altında təşviqi istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən kompleks tədbirlər görülməkdədir. Portal da bu baxımdan əhəmiyyətli missiya həyata keçirəcək”.

AMCHAM-ın prezidenti İlqar Vəliyev bildirib ki, imkanların daim artan xətt üzrə inkişaf etməsi ölkəmizdə də həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən birini təşkil edir: “Öz növbəsində portal ölkənin ixrac potensialının artırılmasına dəstək verməkdə xüsusi əhəmiyyət kəsb edir. Artıq sahibkarlar öz məhsullarını xarici ölkələrdə seçdiyi bazarlara daha rahat şəkildə çıxara biləcəklər. Adıçəkilən portal həmçinin “Made in Azerbaijan” brendinin xarici bazarlarda daha da məşhurlaşması üçün əvəzsiz rol oynayacaq. Sahibkarlar isə əvvəlki dövrlərdən fərqli olaraq öz məhsullarını tanıtmaq üçün bir çox əlavə xərclərdən də azad olacaqdır ki, bu da onlar üçün böyük stimul rolunu oynayacaq. Azərbaycanın onun əsas tərəfdaşları ilə ixrac sahəsində əlaqələr qurmasına yönələn layihə kimi bu portal ölkəmizin ixrac mövqelərini də möhkəmləndirəcək”.

“Azərsun Holdinq”in prezidenti Abdolbari Goozal portalın Azərbaycanda satış həcminin artırılması istiqamətində nəzərə çarpan nailiyyətlərə vəsilə olacağı qənaətindədir. Artıq bir neçə ölkədə holdinqin nümayəndəliklərinin mövcud olduğunu deyən A. Goozal əlavə edib ki, portal vasitəsi ilə yerli məhsulların xarici bazarlara çıxarılması istiqamətində dövlət başçısının yaratdığı imkanlardan faydalanaraq, ixrac potensialının artırılması üçün tədbirlər həyata keçiriləcək. “Holdinqimiz bundan sonra da portalın məhsulların yerləşdirilməsi və tanıdılması, eləcə də məlumat bazasının yenilənməsi kimi yaratdığı fürsətdən maksimum şəkildə faydalanacaq. Biz çox şadıq ki, “Azərsun Holdinq” məhsulları portal vasitəsi ilə xaricdə təmsil olunacaq”.

Sonda “Azexport.az” resursuna aid video-çarx nümayiş etdirilib. Video-çarxda BMT İnkişaf Proqramının mütəxəssisi Goran Sumkovski, Dünya Kiçik və Orta Sahibkarlıq Forumunun direktoru Tunc Uyanık, “all.biz” alqı-satqı platformasının nümayəndəsi Rüxsarə Ramazanova, “alibaba.com”un baş meneceri Fren Chin çıxış edərək “azexport.az” portalı ilə əməkdaşlıqlarını qeyd ediblər, eləcə də portalın Azərbaycanda biznesin inkişafına dəstək olacağına əminliklərini ifadə ediblər.

Qeyd edək ki, “azexport.az” saytı prezident İlham Əliyevin “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” 21 sentyabr 2016-cı ildə imzalanmış sərəncamı əsasında yaradılıb.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər