5 C
Baku
Thursday, February 22, 2024

Azərbaycanda kredit faizlərinin azalmasını gözləmək lazımdırmı?

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yenidən kreditlər üzrə faiz dərəcələrinin aşağı salınmasına yönəlmiş tədbirlərin reallaşdırılmasına başlayıb.

AMB İdarə Heyəti iyulun 13-dən uçot dərəcəsinin 3.5%-dən 3%-ə endirilməsi barədə qərar qəbul etməklə Mərkəzi Bank əhaliyə daha aşağı faizlə kredit təklif etmək üçün banklara zəmin yaratdı.

Azərbaycanda kredit dərəcələrinin çox yüksək olduğunu nizamlayıcı son illər ərzində dəfələrlə bildirib və onların aşağı salınmasını məsləhət görüb. Lakin onda bu kütləvi effektə səbəb olmamışdı. AMB-nin məsləhətinə yalnız bir neçə bank əməl etmişdi.

Ancaq hazırkı vəziyyət bir il əvvəlki vəziyyətdən fərqlənir. Manatın dollara nisbətdə 34 faiz ucuzlaşması xarici valyuta ilə kredit götürənlərin – bunlar da ölkədə kredit götürənlərin təqribən 42 faizini təşkil edir (2015-ci il 1 iyun) – borcunu artırıb.

Bir tərəfdən bu, bankların kredit vermə həcmini aşağı salmasına gətirib çıxarıb. Belə ki, fevralda devalvasiya baş verəndən sonra kreditləşmənin həcmi 1,1 faiz aşağı düşərək 20468,1 milyon manat, istehlak kreditləşməsi isə 4,4 faiz aşağı düşərək 8043,4 milyon manat təşkil edib. Digər tərəfdən, mayın sonuna 1313,2 milyon manat təşkil edən problemli kreditlərin artımı müşahidə edilir. Fevraldan etibarən onların payı 15,4 faizə qalxıb.

Yüksək riskə baxmayaraq, digər kredit növləri ilə müqayisədə istehlak kreditləri üzrə işləmək banklara daha sərfəlidir. Çünki istehlak kreditləri üzrə gəlirlilik daha çoxdur.

Ancaq AMB-nin əsas məqsədi ölkə iqtisadiyyatının diversifikasiyasında bankların rolunu artırmaq üçün real sektorun kreditləşdirilməsinin stimullaşdırılmasıdır.

Son vaxtlar neftin qiymətinin aşağı düşməsi və ümumilikdə dünya maliyyə bazarlarında qeyri-sabit vəziyyətin olması ilə əlaqədar AMB manatın kursunun sabitləşməsinə və milli valyutanın devalvasiyasından sonra yaranan digər məsələlərə diqqət ayırmalı oldu. Lakin AMB-nin iddia etdiyi kimi, son iki ayda valyuta bazarı və manatın məzənnəsi sabitləşib. Banklar manatla kreditlərin verilməsini də bərpa edib. Bu, manat vəsaitlərində defisitin aradan qaldırılması üçün AMB tərəfindən təqdim olunan ehtiyatlar, habelə kapital bazarından bankların cəlb etdiyi vəsaitlər və əhalinin əmanətləri hesabına mümkün olub.

Ehtiyatlarla problemi həll edən AMB kreditlər üzrə faiz dərəcələrinin aşağı salınması məsələsinə qayıdıb. AMB əvvəlcə banklara qeydiyyat üçün komissiyaların 1 faizədək azaldılmasını məsləhət görülmüşdü. Ancaq banklar kredit dərəcələrini artırmaqla itkiləri tamamlamaq qərarına gəldi.

Bəzi banklarda komissiya rüsumlarının 8 faiz olduğunu nəzərə alsaq, AMB-nin atdığı addımlar əks effekt verdi. Ona görə nizamlayıcı yenidən bank rəhbərlərini topladı və onlara kredit dərəcələrinin aşağı salınmasının zəruriliyini xatırlatdı. Həmçinin onları dəstəkləməyə hazır olduğunu bildirdi. Bu öz təsirini göstərdi və banklar artıq növbəti gün faiz dərəcələrinin aşağı salınması barədə məlumat yaydılar.

Ümumilikdə, ölkədə kredit dərəcələri təqribən 20-30 faiz təşkil edir, hətta bəzən 40 faizə çatır. İllik real effektiv faiz dərəcələri isə hərdən 40 faizi də keçir.

Bu gün Azərbaycanda uçot dərəcələrinin qonşu ölkələrlə müqayisədə aşağı, kredit dərəcələrinin yuxarı olmasına baxmayaraq, AMB yenidən maliyyələşdirilmə dərəcəsini daha 0,5 faiz endirdi. Məsələn, Qazaxıstan və Gürcüstanda bu 5,5 faiz təşkil edir. Ancaq kreditlər üzrə orta faiz dərəcəsi Azərbaycanla müqayisədə bu ölkələrdə daha aşağıdır.

Belə ki, Qazaxıstanda milli valyutada fiziki şəxs üçün kreditlər üzrə orta faiz dərəcəsi 17,6 faiz, xarici valyutada 11,2, Gürcüstanda isə müvafiq olaraq 17 və 13,7 faiz təşkil edir.

Azərbaycanda isə mayın sonuna olan məlumata əsasən, manatla kreditlər üzrə orta faiz dərəcəsi 18,46 faiz, xarici valyutada 20,96 faiz təşkil edir.

Əlbəttə, kreditlər üzrə ən yüksək dərəcələr heç də Azərbaycanda deyil. Məsələn, Rusiyada bu təqribən 30 faiz təşkil edir, halbuki orada yenidən maliyyələşmə dərəcəsi daha yüksəkdir – 11,5 faiz. Bununla belə Azərbaycan banklarının kreditlər üzrə faiz dərəcələrini aşağı salmaları üçün imkan var və AMB də hər vasitə ilə buna yardım edir.

Müəllif: Azad Həsənli, Trend

Son xəbərlər
Digər xəbərlər