Azərbaycanda kriptovalyuta əməliyyatları üzrə verginin tətbiqi

Kriptovalyuta bazarında son 1 il ərzində qiymətlərin artması adi vətəndaşların və həvəskar investorların rəqəmsal aktivlərə olan marağının daha da artması ilə nəticələndi. Bununla bərabər, qiymətlərin artması insanları kriptovalyutalara investisiya etməyi motivasiya edib. Hazırda investorları maraqlandıran əsas suallar: kriptovalyutaların alışı və nağdlaşdırılması zamanı tutulan komissiyalar necə tutulur və kriptovalyuta gəlirindən vergi hansı formada ödənilir. Bu faktorları nəzərə alaraq, bu yazıda kriptovalyuta ticarəti zamanı tutulan komissiyalar və kriptovalyuta gəlirlərinin vergiyə cəlb edilməsi mexanizmi barədə məlumat verəcəm.

Azərbaycanda kriptovalyuta gəlirləri üzrə verginin ödənilməsi ancaq könüllük prinsipi əsasında ola bilər çünki hazırda kripto-investisiyaların və ya kriptovalyuta ticarəti üzrə əməliyyatların rəsmi izləməsi üçün hər hansı bir mexanizm yoxdur. Bundan əlavə, kriptovalyutalar mövcud qanunvericilik üzrə aktiv və ya əmlak kimi də tanınmır. Bu səbəbdən Vergi Məcəlləsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının kriptovalyuta ilə əməliyyatlardan aldığı gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunur. Bu zaman gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinə uyğun olaraq 14% gəlir vergisi ödəməlidir.

Kriptovalyutalar üzrə gəlirin hesablanması mexanizmi əslində olduqca mürəkkəb prosedurdur. Bunun üçün vergi bəyannaməsində kriptovalyutanın ilkin investisiya məbləği və aktivin nağdalşdırıldığı qiymət göstərilməlidir. Nəticədə, bu məbləğlər arasında fərqdən gəlir yaranırsa, o zaman bu gəlirdən 14% hesablanıb vergi ödənilməlidir. Lakin nə qədər ki, kriptovalyutalara hüquqi qiymət verilməyib bu prosedurun tətbiqi real nəticə verməyəcək. Kriptovalyuta birjaları və ya elektron ödəniş sistemlərinə vəsaitin mədaxil edildiyi zamanı Azərbaycanda fəaliyyət göstərən bankların təqdim etdiyi plastik kartlardan 10-18% vergi və xidmət haqqı tutulur. Yəni, vətəndaş qazanc əldə etmədən əvvəl bu rüsümu ödəmiş olur. Bu zaman belə bir sual yaranır – bu şəxs sonra niyə yenidən verg ödəməlidir? Bu ədalətlidirmi?

Azərbaycanda kriptovalyutalara investisiya etmək istəyən şəxs ardıcıl olaraq 4 dəfə komissiya xərci ilə qarşılaşır:

  1. Birjaya mədaxil zamanı rüsum: bank tərəfindən tutulur;
  2. Birjada alqı-satqı zamanı tutulan komissiyalar: birjada hər əməliyyat üçün tutulur;
  3. Birjadan rəqəmsal vəsaitin məxaric edildiyi zaman tutulan komissiya: konkret tariflər əsasında birja tərəfindən tutulur;
  4. Bank hesabına mədaxil olmuş vəsaitin nağdlaşdırılması zamanı tutulan rüsum: banklar nağdlaşdırma komissiyası kimi tutur.

Qoyulan investisiya o dərəcədə rentabelli olmalıdır ki, bütün bu sadalığım komissiya xərclərini üstələyə bilsin. İstənilən halda kriptovalyuta alışı zamanı vətəndaş gələcəkdə aktivin qiymətinin artmasından aslı olmayaraq kifyaət qədər yüksək olan rüsümu əvvəlcədən ödəmiş olur. Bundan əlavə, birjalarda alqı-satqı əməliyyatları və məxaric üzrə komissiyalar ödəməlidir. Bütün bu xərcləri ödədikdən sonra vətəndaşdan könüllü olaraq yenidən 14% gəlir vergisini ödəmək üçün vergi bəyannaməsi təqdim etməsini gözləmək sadəlövlük olar.

Hesab edirəm ki, kriptovalyuta əməliyyatlarına vergi mexanizminin tətbiqi ədalət prinsiplərinə əsaslanmalı, fiziki və ya hüquqi şəxs olmasından aslı olaraq konkret tariflər əsasında müəyyən edilməlidir. Bu, həm rəqəmsal valyutaların alışı, həm də nağdlaşdırılması zamanı tətbiq edilən vergi və rüsumlara aiddir. Kriptovalyuta əməliyyatlarının leqallaşdırılması, sadələşdirilmiş prosedurlar və optimal vergi dərəcəsinin tətbiq etməklə 3 önəmli məsələni həll etmək mümkündür:

  1. Azərbaycanda rəqəmsal aktivlər üzrə əməliyyatların statistik uçotunun aparılması;
  2. Kriptovalyuta əməliyyatları üzrə dövriyyənin vergiyə cəlb edilməsi;
  3. Korporativ və pərakəndə investorların sayının müəyyən olunması.

Ədalətli və obyektiv vergi mexanizminin tətbiqi korporativ şirkətləri və vətəndaşları kripto-əməliyyatlar üzrə gəlir vergisini ödəməyə motivasiya edəcək.

Elnur Quliyev / Crypto Consulting MMC


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.