26 C
Baku
Friday, April 19, 2024

Azərbaycanda məhkəmə daxilində məhkəmə etibarnaməsi veriləcək, notariusa getməyə ehtiyac qalmayacaq

2016-2018-ci illərdə “Elektron məhkəmə” sistemində şəxsi kabinet istifadəçilərinin sayı 500-600 nəfər olubsa, bu gün 3 mindən çox vətəndaş şəxsi kabinetdən istifadə edir.

Bunu  Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sistemi üzrə işçi qrupunun rəhbəri Ramin Qurbanov deyib.

R.Qurbanov qeyd edib ki, hüquq və azadlıqların daha effektiv qorunması üçün hər bir şəxs və sahibkar elektron qaydada qeydiyyata düşə bilər. Məhkəmələrdə hər hansı işlərinin olub-olmamasından asılı olmayaraq, qeydiyyatdan keçən şəxs öz hüquqlarını qorumuş olur. Özü barəsində istənilən proses statusunda qeydiyyatı aparıldığı halda ona SMS xəbərdarlıq göndərilir. Beləliklə, həmin şəxs onun barəsində hər hansı bir məhkəmədə işin açılıb-açılmaması barədə məlumatlandırılır. Vətəndaşlar bu halda bütün sənədləri məhkəmədən elektron qaydada da əldə edə bilir. Bu da məhkəmə sistemi daxilində şəffaflığın artırılmasına gətirib çıxarır.

İşçi qrupunun rəhbəri əlavə edib ki, Azərbaycanda məhkəmə daxilində məhkəmə etibarnaməsi veriləcək, notariusa getməyə ehtiyac qalmayacaq.

Qazaxıstanda və digər ölkələrdə bu təcrübənin tətbiq edildiyini vurğulayan R.Qurbanov deyib: “Məhkəməyə gəlib məhkəmə daxilində elektron etibarnamə verilir və bununla iş başa çatır. Notariusa getməyə ehtiyac olmayacaq. Biz hazırda bunun üzərində iş aparırıq”.

Qeyd olunub ki, məlumatın kağız, yaxud elektron formada təqdim edilməsinin heç bir fərqi yoxdur. Bu, çox ciddi məsələdir və hazırda bu istiqamətdə işlər davam etdirilir. Məhkəmə ilə əlaqədar tələb edilən sənədlərin 70-80 faizə qədəri dövlət qurumları tərəfindən verilir. Hazırda əsas diqqət elektron məhkəmə sistemi çərçivəsində həmin sənədlərin elektron qaydada mənbədən təmin olunmasına yönəlib”.

Son xəbərlər
Digər xəbərlər