33 C
Baku
Saturday, July 20, 2024

Azərbaycanda məhsuldar buğda sortları yaradılır

Azərbaycanda quraqlığa davamlı, məhsuldar buğda sortlarının yaradılmasının üzərində iş aparılır.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev deyib.

O qeyd edib ki, bir sortun tam sort olaraq formalaşması, rayonlaşması, fermer təsərrüfatına inteqrasiya edilməsi 15 ilə başa gəlir: “Bu isə, dünyada baş verən qlobal iqlim dəyişiklik fonunda tələbatı ödəməyə imkan vermir. Məsələn, 2023-cü ildə sortların yaradılması istiqamətində başladığımız iş 2035-ci ilə qədər davam edəcək”.

F.Xudayev hesab edir ki, hazırda əsas məqsəd quraqlığa davamlı, vegetasiya müddəti qısa olan sortlar yaratmaqdır: “Bu istiqamətdə elmi tədqiqat işlərimiz davam edir. Çünki bitkinin yetişkənlik fazasında günəşli günlərin sayı daha yandırıcı, yəni 40-50 dərəcə olduğu üçün, vegetasiya dövründə bitki stressə düşür və yetişmə məsələsində problemlər yaşanır. Biz hədəfləmişik ki, vegetasiya müddəti qısa olan, iyunun ortalarına qədər tam yetişkənlik dövrünü başa vura bilən yeni sortları yaradaq”.

Onun sözlərinə görə, hazırda tez yetişən sortlar var, lakin onlar bütün ölkə ərazisində əkilmir: “Bu gün Şəki-Zaqatala bölgəsində əkilən sortla, Quba-Xaçmaz bölgəsində əkilən sort arasında fərqlər var. Bu baxımdan hər bir bölgəyə xas olan sortların yaradılması bu gün elm qarşısında dayanan məsələdir. Təbii ki, bunlar klassik metodlarla deyil, biotexnologiyadan istifadə etməklə olacaq. Hazırda institutda molekulyar laboratoriya qurulub. Akdeniz Universiteti ilə əməkdaşlığımız var. Məqsədimiz bir sortu 15 ilə yox molekulyar səviyyədə 5-6 ilə yaradaq. Bu çox məhsuldar sortlar olacaq. Bu gün Azərbaycanda orta məhsuldarlıq 30-35 sentner təşkil edir. Bu göstəricini 40-45 sentnerə çatdırmaq istəyirik”.

F. Xudayev qeyd edib ki, hazırda 80-dən çox buğda sortları Dövlət Reyestrinə daxil edilib və istehsalatda istifadəsinə icazə verilib: “Azərbaycan seleksiyasına aid Qızıl buğda, Şəfəq 2, Fatimə, Günəşli, Fərəhim, Abşeron, Ləyaqətli 80, Pərvin, Xəzri, Gilavar, Əsgəran, Mətin, Start və Nurcahan yumşaq buğda, həmçinin Zəngəzur, Rəvan, Dərələyəz, Göytəpə, Xudafərin bərk buğda sortları və s. mövcuddur. Bu sortlar yüksək məhsul verir”.

O bildirib ki, ölkədə buğdanın məhsuldarlığı dəmyədən və suvarmadan asılı olan sahələr var: “Dəmyə ərazilərində nəmişliklə təmin edilmiş və edilməmiş yerlər var. Dəmyə ərazilərində yağıntının normaya uyğun yağması məhsuldarlığa müsbət təsir göstərir. Çünki bu ərazilərdə məhsuldarlıq suvarmadan deyil, yağış hesabına formalaşır. Bu il quraq dəmyə ərazilərinin 40-50 min hektarında biçin olmayıb. Çünki bitkinin inkişaf mərhələsində yağışların miqdarı az olub. Suvarılan sahələrdə isə məhsuldarlıq 35 sentrendən 80 sentrnerə qədər olub”, – deyə o bildirib.

F.Xudayev deyib ki, Əkinçilik Elmi-Tədqiqat İnstitutu istehsal həcmlərini Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş kvotaya uyğunlaşdırmalıdır: “Kvota 1700-1800 ton toxum civarında olur, bunun 1 200 tonu İnstitut və onun tabeliyində olan qurumlar tərəfindən yerinə yetirilir. Avqustun sonu-sentyabrın əvvəlinə toxum təmizlənməsi başa çatacaq. Ümidvaram ki, üzərimizə qoyulan kvota istehsalını tam yerinə yetirə biləcəyik. Biz ölkədə elit toxumların istehsalının 60-70 %-ə qədərini istehsal edə bilərik. Bu gün böyük təsərrüfatlar yaranıb və onlar elit toxumlar istehsal etmək istəyirlər. Bunlar üçün yeni bir sistem qurmuşuq. Fermerlərin tələbinə cavab verən, yüksək məhsuldarlığı olan sortlardan 400 min sünbül toplamışıq. Məqsəd – kvotadan kənar ehtiyacı ödəməkdir. Yaxın 2-3 il ərzində elit toxumlara olan tələbatın 70-80 %-i daxili istehsal hesabına ödəniləcək”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər