Azərbaycanda növbə rəisi 450 min manat şirkətdən pul çıxardı, həbs olundu

Mülkiyyət əleyhinə olan və bu zaman zərərçəkənlərə külli miqdarda ziyan vurmaqla törədilən oğurluq hadisələrinin açılması istiqamətində daxili işlər orqanları tərəfindən növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Sumqayıt şəhəri ərazisində yerləşən MMC-lərin birinin mühasib otağındakı seyfin qapısının naməlum şəraitdə sındırılaraq oradan 450 min manat oğurlandığı barədə Sumqayıt Şəhər Polis İdarəsinə müraciət olunub.

Məlumat daxil olan kimi idarədə yaradılan əməliyyat-istintaq qrupu tərəfindən dərhal hadisə yerinə baxış keçirilib. Yüksək peşəkarlıqla və “isti izlər”lə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluq hadisəsinin Sumqayıt şəhər sakini Rauf Nəbiyev tərəfindən törədilməsi müəyyən edilib və o, görülən zəruri tədbirlər nəticəsində saxlanılıb. Araşdırma zamanı məlum ki, saxlanılan şəxs qeyd edilən MMC-də təhlükəsizlik üzrə növbə rəisi işləyib. Bu səbəbdən o, seyfin saxlanıldığı otağın harada yerləşməsi, həmçinin içində nə qədər pul olması barədə məlumatlı olub. R.Nəbiyev istintaqa verdiyi ifadəsində oğurluq etdiyini etiraf edib.

Əməliyyat tədbirlərinin davamı olaraq R.Nəbiyevin seyfdən oğurladığı pulun əksər hissəsi onun yaşadığı evdən aşkar olunaraq maddi sübut kimi götürülüb və müvafiq protokol tərtib edilərək MMC-yə qaytarılıb.

Qeyd edilən faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.