14 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

Azərbaycanda ödəniş kartlarını qorumağın yolları

Azərbaycan bankları müştərilərinin ödəniş kartlarını qorumaq üçün müxtəlif texnologiyalar tətbiq edir, lakin ən yaxşısı müştərinin ehtiyatlı davranmasıdır. Bunu “Unibank” ASC-nin icraçı direktoru Cəlal Qasımov deyib.

Onun sözlərinə görə, kartı başqalarının istifadə edə bilməyəcəyi yerdə saxlamaq, Pin-kodu özündə saxlamaq, onu karta yazmamaq lazımdır: “Unibank” 3D Secure sistemini tətbiq edib. Əsas təhlükələr onlayn tranzaksiyalardan yaranır, çünki bankomatlarda fırıldaqçını izləməyə kömək edən videokameralar quraşdırılıb. Bu sistemdən elə istifadə edirik ki, müştəri bankımızın kartından onlayn tranzaksiya həyata keçirəndə onun telefonuna kodun olduğu SMS-məlumat gəlir və o, yalnız bu kodu daxil etməklə tranzaksiyanı reallaşdıra bilər. Bununla da digər şəxslərin kartdan ödəniş etməsinin qarşısı alınır”.

C.Qasımov qeyd edib ki, bankomatlara məlumatları ötürən qurğuların qoyulması ilə bağlı fırıldaqçılıq nümunələri var: “Bir sıra banklar, o cümlədən “Unibank” banklara antiskimmerlər – məlumatların köçürülməsindən mühafizə qurğusu quraşdırırlar. Müştəri qorunmayan bankomatdan istifadə edərkən kartını potensial təhlükəyə məruz qoyur. Bankomatlar yoxlanmalıdır, klaviaturada hər hansı bir şeyin qoyulub-qoyulmadığına, kartın qəbul yerinə baxmaq lazımdır. Adətən bunlar klaviaturaya və ya kartın daxil edildiyi yerə – riderə yapışdırılan şəffaf yapışqanlar olurlar.

Bankın icraçı direktoru əlavə edib ki, hər bankın risk qrupları var: “Əgər müştəri hər hansı riskdən ehtiyat edirsə, kartından gün ərzində müəyyən məbləğdən artıq pulun çıxarılmasının qarşısını ala bilər. Bunun üçün risk qruplarından birinə qoşulmaq xahişi ilə banka müraciət etmək lazımdır. Kart oğurlanarsa və ondan müəyyən hədd qoyulmuş məbləğ çıxarılarsa, müştəri SMS yolu ilə bu barədə öyrənəcək və sonra bank vasitəsilə kartını bloka sala biləcək”.

Qeyd edək ki, 2014-cü il oktyabr ayının yekunları üzrə ödəniş kartlarının sayı 5864 ədəd təşkil edib.

Trend

Son xəbərlər
Oxşar xəbərlər
X