Rəsmi. Azərbaycanda ort aylıq əməkhaqqı son ayda 4 manat artıb

2018-ci ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 3% artıb.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, işçilərin orta aylıq nominal əməkhaqqı 544,1 manat olub. Qeyd edək ki, bu 2018-ci ilin dekabr ayı ərzində 540,1 manat idi.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

2019-cu il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən ötən illə müqayisədə 1,6% artaraq 1548,9 min nəfər olub, onlardan 883,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 665min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 21,6%-i təhsil, 18,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,4%-i sənaye, 8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,8%-i tikinti, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 11,1%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.