17 C
Baku
Friday, May 24, 2024

Azərbaycanda pensiya yaşının artırılması arzuolunan deyil – RƏY

“Fondun gəlirlərinin artımı proqnozlaşdırılır”.

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev uzunmüddətli perspektivdə Azərbaycanda pensiya yaşının artırılması ilə əlaqədar islahatların aparılmasının vacib olduğunu qeyd edib. 

“Bu gün büdcə təşkilatlarında çalışma dövrü 65 yaşa qədərdir. Amma bizdə pensiya yaşı bundan kifayət qədər aşağıdır (kişilər 63, qadınlar 60 yaşında). Təbii ki, bu da müəyyən uyğunsuzluqları ifadə edir.

Ötən müddətdə, biz bu istiqamətdə, demokrafiq göstəricilərin üzərində tənzimləmələr aparmaqla uğurlu fəaliyyəti yekunlaşdırmışıq. Amma uzunmüddətli perspektivdə Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlılığının təmin olunması üçün qeyd etdiyim istiqamətdə islahatların aparılması zəruridir” – deyə, sədr deyib.

Bundan başqa, E.Mehdiyev insanların istehsalatda peşə fəaliyyətləri müddətləri ilə pensiyaya çıxma yaşları arasında müəyyən uyğunluq olmalı olduğunu da qeyd edib.

Bu halda, bu addım nə dərəcədə özünü doğrulda bilər?

İqtisadçı-ekspert Vüqar Bayramov Oxu.Az-a bildirib ki, pensiya yaşını artırmadan belə, maliyyə dayanıqlılığını təmin etmək olar:

“Pensiya yaşının dəyişilməsi qəbul edilmiş pensiya sistemi haqqında yeni konsepsiyaya əsasən, nəzərdə tutulan istiqamətlərdən biri kimi səslənir. Amma indiki məqamda pensiya yaşının artırılmasının deyil, büdcədən kənar digər vəsaitlərin cəlb edilməsinin tərəfdarıyam.

DSMF çalışmalıdır ki, cəlb edilən vəsaitlərin digər qiymətli kağızlar və səhm bazarında yerləşdirilməsini həyata keçirtsin və daha çox büdcədən kənar vəsaitlər, eləcə də, mövcud vəsaitlərin idarə edilməsi hesabına gəlir əldə etməyə çalışsın.

Eyni zamanda özəl pensiya fondlarının formalaşdırılması və özəl pensiya banklarının da hesabına vəsaitlərin cəlb edilməsi də əsas məqsədlərdən olmalıdır” – deyə, ekspert qeyd edib.

Onun sözlərinə görə, pensiya yaşının artırılması vətəndaşların sosial ödənişlərə və pensiya təminatına marağının azaldılmasına gətirib çıxara bilər:

“Gələcək də əmək qabiliyyətliliyin müddətinə və orta ömür müddətinə uyğun olaraq pensiya yaşına baxılması mümkündür. Amma indiki məqamda pensiya yaşının artırılması müəyyən vəsaitlərə qənaətə gətirib çıxartsa da, bu, indiki məqamda arzuolunan deyil.

Çünki pensiya yaşının artırılması vətəndaşın pensiya ödənişlərinə, sosial ödənişlərə marağının müəyyən qədər azalmasına gətirib çıxara bilər”.

Vüqar Bayramov hesab edir ki, növbəti ildə DSMF daha çox gəlir əldə etmək imkanına malik olacaq. Buna görə də pensiya yaşının artırılması güman olunmur:

“Büdcə gəlirlərində azalmalar proqnozlaşdırılsa da, DSMF-nin gəlirlərində artımların olacağı gözlənilir. Belə ki, neft qiymətinin aşağı düşməsi Azərbaycanda kəskin iş yerlərinin ixtisarına gətirib çıxartmayıb. Rəsmi statistikada belə yeni iş yerləri sayının artması da göstərilib.

Bu ondan xəbər verir ki, DSMF gələn ildə daha çox vəsait cəlb etmək imkanına malik olacaq. Əgər nə qədər çox vəsait cəlb edilirsə, bir o qədər yaxşıdır. Bununla yaşın dəyişdirilməsinə ehtiyac qalmayacaq. Çünki vəsait varsa, deməli maliyyə dayanıqlılığı da var.

Sadə məntiqlə desək, pensiya yaşının artırılmasının əsas məqsədi, vəsaitlərə qənaət etməkdir. Vətəndaş 63 deyil, 65 yaşında pensiyaya çıxırsa, pensiya daha gec ödənilir, bununla da DSMF vəsaitə qənaət etmiş olur. Fondun büdcəsindəki artımlar davam edir və artımlar davam etdiyi müddətdə, pensiya yaşına baxılması və artırılması iqtisadi baxımdan arzuolunan deyil” – deyə, Bayramov bildirib.

Qeyd edək ki, Maliyyə Nazirliyinin məlumatına görə, 2016-cı ildə büdcədən sosial müdafiə və sosial təminat xərclərinə ayrılan vəsaitin 1 milyard 100 mln. manatı Dövlət Sosial Müdafiə Fondu vasitəsi ilə pensiya təminatı ilə bağlı qarşıda duran vəzifələrin həllinə yönləndiriləcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər