17 C
Baku
Sunday, May 5, 2024

TƏCİLİ: Azərbaycanda daxili bazarda qaz təchizatı “Azərkontrakt” ASC-yə verildi

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında” qərar  imzalayıb.

Banker.az xəbər verir ki, qərara əsasən, Azərbaycan Respublikasında daxili bazarda təbii qazın 2021-ci il 1 yanvar tarixdən etibarən qaz istehsalçılarından satın alınması, onun nəqlinın, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması Azərbaycan Respublikasının Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinə (“Azərkontrakt” ASC) həvalə edilib.

Qərarda qeyd edilir ki, həmin məqsədlər üçün Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR):

– SOCAR və onun strukturuna daxil olan qurumlar (“Azneft” İstehsalat Birliyi) tərəfindən hasil edilən əmtəəlik qazın, hər il üçün təsdiq olunan Yanacaq-Enerji Balansına uyğun olaraq ixrac üçün nəzərdə tutulan qaz həcmləri istisna olmaqla, müvafiq alqı-satqı müqavilələri əsasında “Azərkontrakt” ASC-yə satılmasını təmin etsin;

– SOCAR və onun strukturuna daxil olan qurumlar tərəfindən Azərbaycan Respublikasının daxilində fəaliyyət göstərən 2 qaz hasilatçıları (müvafiq hasilatın pay bölgüsü haqqında və bu qəbildən olan digər sazişlərə əsasən fəaliyyət göstərən birgə müəssisələr, əməliyyat şirkətləri və podratçılar) ilə alıcı qismində tərəf olduqları qaz təchizatına dair müqavilələr üzrə hüquq və öhdəliklərin həmin müqavilələrin şərtlərinə və tətbiq olunan qanunvericiliyə uyğun olaraq “Azərkontrakt” ASC-yə ötürülməsini təmin etsin;

 – SOCAR-ın daxili bazarın istehlakçıları və paylayıcıları (“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, “Azəriqaz” İstehsalat Birliyi və Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti) ilə olan qaz satışı müqavilələri üzrə hüquq və öhdəliklərinin həmin müqavilələrin şərtlərinə və tətbiq olunan qanunvericiliyə uyğun olaraq “Azərkontrakt” ASC-yə ötürülməsini təmin etsin;

– dövləti təmsil edən qismində tərəf olduğu bütün hasilatın pay bölgüsü sazişləri və birgə müəssisələr üzrə SOCAR tərəfindən alınan, eləcə də SOCAR-a əvəzsiz verilən qaz həcmlərinin qəbulu, hazırlanması, saxlanması və təhvil-qəbul üzrə əməliyyatların həyata keçirilməsi üçün tətbiq olunan qanunvericiliyə uyğun olaraq SOCAR və ya onun strukturuna daxil olan qurumlar və “Azərkontrakt” ASC arasında müvafiq müqavilələrin bağlanılmasını təmin etsin;

– ölkədaxili qaz istehsalçıları və istehlakçıları (paylayıcıları) arasında bu qərarla müəyyən edilmiş qaz həcmlərinin hazırlanması, nəqli və saxlanması üzrə əməliyyatların həyata keçirilməsi üçün qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada SOCAR-ın strukturuna daxil olan qurumla (Qaz İxrac İdarəsi) “Azərkontrakt” ASC arasında müvafiq xidmət müqavilələrinin imzalanmasını təmin etsin.

Müəyyən edilib ki, bu Qərarda nəzərdə tutulan müqavilələr üzrə hüquq və öhdəliklərin “Azərkontrakt” ASC-yə ötürülməsi həmin müqavilələr üzrə 2021-ci il 1 yanvar tarixinə yaranmış maliyyə tələblərinə və öhdəliklərinə şamil edilmir.

SOCAR və “Azərkontrakt” ASC-yə tapşırılıb ki, bu Qərarla müəyyən olunmuş müqavilə münasibətlərinin 2021-ci il 1 yanvar tarixindən etibarən tətbiq olunmasını və bu Qərardan irəli gələn digər məsələlərin həll edilməsini təmin etsin. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, SOCAR, Azərbaycan Respublikasının Dövlət Neft Fondu və “Azərkontrakt” ASC ilə birlikdə bu Qərarın nəzərdə tutulan müqavilələr, habelə “Azərkontrakt” ASC tərəfindən ölkədaxili qaz təchizatı ilə əlaqədar imzalanacaq yeni müqavilələr üzrə ödəniş öhdəliklərinin müvafiq müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirilməsi üçün maliyyə mexanizmlərinə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.  İqtisadiyyat Nazirliyi “Azərkontrakt” ASC-nin təsis sənədlərinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunlaşdırılması və bu Qərardan irəli gələn vəzifələrin təsis sənədlərində müvafiq qaydada əks etdirilməsi məqsədilə zəruri tədbirləri həyata keçirməlidir.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktlarının bu Qərara uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.


Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 dekabr tarixli 519 nömrəli Fərmanı ilə səhmləri 100% dövlətə məxsis olmaqla, keçmiş Material Ehtiyatları Nazirliyinin və Ticarət Nazirliyinin əsasında yaradılmışdır.

Səhmdar Cəmiyyətin əsas vəzifələri aşağıdakılardan ibarətdir:

-Azərbaycan Respublikasının dövlət ehtiyaclarının, strateji əhəmiyyətli istehsal və tikinti proqramlarının maddi-texniki təminatı, bu sahədə dövlətlərarası təsərrüfat əlaqələrinin təşkili;

-məhsulların alınması və satılması üzrə birbaşa münasibətlərin inkişafinda mülkiyyət formasından asılı olmayaraq respublikaının müəssisə və təşkilatlarına köməklik edilməsi;

-Azərbaycan Respublikasının daxili istehlak bazarının istehsal-texniki təyinatlı məhsulları və əsas xalq istehlakı mallarına olan tələbatının öyrənilməsi və mərkəzi icra hakimiyyəti orqanlarına tövsiyələr verilməsi;

-xammal və materiallarla təmin etməklə sənayenin inkişafı və istehsalın səmərəliliyinin yüksəldilməsinə kömək edilməsi, bu məqsədlə həmçinin xarici investisiyaların, bank kreditlərinin və digər maliyyə ehtiyatlarının cəlb edilməsi;

-mülkiyyət formasından asılı olmayaraq müəssisə və təşkilatlara, habelə əhaliyə marketinq, nəqliyyat, kirayə, lizinq, informasiya və s. xidmətlərinin göstərilməsi;

Cəmiyyət yaradıldığı ilk gündən öz vəzifələrinə uyğun olaraq, respublikamızın büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarının maddi-texniki vəsaitlərlə və ərzaq məhsulları ilə təchiz olunmasını həyata keçirir, bir çox tender və satınalmalarda fəal iştirak edir. Cəmiyyət öz fəaliyyətini uğurla həyata keçirmək üçün müvafiq maddi-texniki bazaya, böyük anbar təsərrüfatına, nəqliyyat və texniki vasitələrə, tez xarab olan məhsulların saxlanılmasını təmin edən iri tutumlu müasir soyuduculara və yüksək ixtisaslı peşəkar mütəxəssis kadrlara malikdir.

Qeyd etmək istərdik ki, “Azərkontrakt” Səhmdar Cəmiyyəti tam təsərrüfat hesablı dövlət təşkilatıdır.

Səhmdar Cəmiyyətin respublikamızın paytaxtı və digər regionlarında 14 birlik və müəssisələri fəaliyyət göstərir. Həmin təşkilatlarda işçilərin sosial-məişət məsələlərinə qayğı göstərilir, əmək haqları mütəmadi artırılır, daimi yeni iş yerlərinin açılması məqsədilə zəruri tədbirlər həyata keçirilir. Səhmdar Cəmiyyət bu istiqamətdə fəaliyyətinin davam etdirilməsini prioritet məsələlərdən biri hesab edir. Hazırda “Azərkontrakt” Səhmdar Cəmityyəti səmərəli fəaliyyət göstərən dövlət qurumudur. “Azərkontrakt” Səhmdar Cəmiyyətinin çoxsaylı kollektivi öz fəaliyyətini ölkə iqtisadiyyatının hazırki yüksək səviyyəsinə uyğun tələblər əsasında qurulmasını vacib hesab edir və bununla bağlı uzunmüddətli proqramlarının hazırlanması istiqamətində məqsədyönlü iş aparılır.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər