Azərbaycanda sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı artıb

0

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-iyun aylarında 23,6 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,7 faiz artmışdır.

Sənaye məhsulunun 69,5 faizi mədənçıxarma sektorunda, 25,6 faizi emal sektorunda, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Mədənçıxarma sektorunda neft hasilatı 3,0 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 35,0 faiz artmışdır.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 2,2 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 83,6 faiz, içkilərin istehsalı 65,2 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 51,2 faiz, hazır metal məmulatlarının istehsalı 47,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 30,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 30,4 faiz, kağız və karton istehsalı 28,6 faiz, mebel istehsalı 27,7 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 20,6 faiz, qida məhsullarının istehsalı 20,0 faiz, tütün məmulatlarının istehsalı 14,2 faiz, poliqrafiya məhsullarının istehsalı 10,6 faiz, maşın və avadanlıqların istehsalı 10,0 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 10,0 faiz, tikinti materiallarının istehsalı 8,9 faiz, əczaçılıq məhsullarının istehsalı 5,7 faiz, geyim istehsalı 3,3 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,0 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 1,8 faiz artmış, neft məhsullarının istehsalı 1,5 faiz, elektrik avadanlıqlarının istehsalı 8,0 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 18,2 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,8 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 7,4 faiz artmışdır.