Azərbaycanda sabiq direktoru həbs edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində “Qarabağ” Sudan İstifadə Edənlər Assosiasiyasının direktoru vəzifəsində işləmiş Telman Səlimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən təqsirləndirilən şəxsin məhkəməyə gəlmədiyi elan olunub.

Bildirilib ki, T.Səlimov hüquq-müfahizə orqanları əməkdaşları tərəfindən həbs edilib. Onun barəsində başqa dələduzluq əməli olduğu üçün tutulub.

Proses qeyri-müəyyən günədək təxirə salınıb.

Xatırladaq ki, T.Səlimov 27 may 2005-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş “Qarabağ” Sudan İstifadə Edənlər Assosiasiyasının direktoru vəzifəsində işləyib.

İttiham aktına əsasən, Sumqayıt şəhəri, Sülh və Dostluq küçələrinin kəsişməsində, 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli bina iş adamı Şakir Hüseynova məxsus olub. T.Səlimov həmin binada mənzil satıb.

Belə ki, o, həmin binada inşaat qaydalarının pozulmasına görə tikinti işlərinin dayandırılması barədə məhkəmə qərarının olduğunu bilib. Buna baxmayaraq, T.Səlimov Sumqayıt şəhər sakini Rafiq Bəylərovu 17 mərtəbəli yaşayış binasının tikintisinin yenidən bərpa olunacağına, qısa müddətdə başa çatdırılacağına və mənzillərin hazır olacağına inandırıb.

O, R.Bəylərovu aldadaraq, yaşayış binasında 50 kvadratmetr sahəli mənzilin hər kvadratmetrinin 300 ABŞ dolları olmaqla, 15 min dollara satılması barədə 8 aprel 2016-cı il tarixli saxta müqavilə tərtib edib.

T.Səlimov icraçı qismində sənəd imzalayaraq, “Qarabağ” Sudan İstifadə Edənlər Assosiasiyasının möhürünü vurub, R.Bəylərovdan mənzil satmaq adı ilə ilkin olaraq 7231 manat alıb.

İstintaq orqanı tərəfindən T.Səlimova Cinayət Məcəlləsinin 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Qeyd edək ki, T.Səlimov bundan əvvəl də məhkum olunub. Bir müddət əvvəl Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə T.Səlimovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib və ona şərti cəza verilib.