20 C
Baku
Thursday, May 30, 2024

“Azərbaycanda sığorta məlumat reyestri yaradılacaq”

Azərbaycan sığorta bazarı ilə bağlı yenilik və aktual məsələlər Azərbaycan Sığortaçılar Assosasiyasının (ASA) İcraçı Direktoru Elmar Mirsalayevlə müzakirə edilib:

– Elmar bəy, son zamanlar Türkiyə sığorta bazarı ilə əməkdaşlıq genişlənib. Türkiyə sığorta modelinə aid elementlərin Azərbaycanda tətbiqi gözlənilirmi?

– Biz beynəlxalq təcrübələri öyrənib və sintez edib Azərbaycan bazarına tətbiq edirik. Yəni, deyə bilmərəm ki, yüz faiz Türkiyə təcrübəsini götürüb Azərbaycana tətbiq edirik. Xeyr. Azərbaycan sığorta sektorunun inkişafı üçün həm Türkiyənin, həm də Rusiya təcrübəsini nəzərə alırıq. Bildiyimiz kimi, ASA ötən ildən Dünya Sığorta Birliyinin (GFIA) üzvü olub. Onların tərkibində fəaliyyət göstərən çoxsaylı işçi qruplarımız var. Bu qruplar orada Azərbaycan sığorta sektorunu təmsil edir və xarici təcrübəni öyrənir. Öyrənməklə yanaşı, həm də aktiv iştirak etməklə dünya sığorta seqmentində inkişaf yönümlü təkliflərimizi də veririk.

Planlaşdırılan yeniliklərə gəlincə, bunlardan biri sığortalıların məlumat reyestrinin yaradılması ilə bağlıdır. Amma bu reyestrin yaradılması ilə bağlı işlərin nə vaxt yekunlaşacağını demək çətindir. Çünki bu, birbaşa ASA-dan asılı olan məsələ deyil, bir neçə qurumun birlikdə apardığı işdir.

– Sığorta məlumat reyestrinin yaradılması bu bazarda nəyi dəyişəcək?

– İnkişaf yönümlü addım atmaq üçün ən önəmli məsələ düzgün data bazanın, məlumat bazasının olmasıdır. Doğru məlumatı almaq üçün bizim dediyimiz məlumat bazası düzgün formalaşmalıdır ki, ona əsaslanıb, sığorta bazarı üzrə doğru strateji hədəfləri reallaşdıra bilək. Məsələn, buna sığorta risklərinin doğru qiymətləndirilməsi, bazara uyğun sığorta məhsullarının hazırlanması və digər çoxsaylı məsələləri aid edə bilərik. Ümumilikdə deyə bilərəm ki, bu sığorta sektoru üçün makro həcmli bir dəyişiklikdir.

– Elmar bəy, rəqəmsallaşma hazırda bank-maliyyə sektorunu daha çox əhatə edir. Qərb ölkələrində bank və sığorta şirkətlərinin birgə “bancassurance” məhsulları geniş yayılıb. Azərbaycanda bu məhsulların yaradılması ilə bağlı hər hansı plan varmı?

– Hər bir addımımızı tərtib etdiyimiz strategiyaya uyğun həyata keçiririk. ASA-nın qısamüddətli strategiyasında bu nəzərdə tutulmayıb. Çünki birbaşa ASA-nın gördüyü iş deyil, qurumlarla, Azərbaycan Banklar Assosasiyası, banklarla birgə layihələr olmalıdır. Amma sözsüz ki, bu bizim gələcək planlarımızda yer alıb. Çünki “bancassurance” hazırda inkişaf etmiş ölkələrin reallığıdır. Biz əsasən beynəlxalq təcrübələri öyrənməklə Azərbaycanın bugünkü vəziyyətinə uyğun, inkişafa yönümlü, nəticə vermiş planlarda bütün beynəlxalq təcrübəni tətbiq etmək niyyətindəyik. Biz hədəfləri elə qoyuruq ki, nəzərdə tutulmuş vaxt müddətində ona çata bilək və yeniliyi Azərbaycan sığorta bazarı tətbiq edə bilsin.

-“Bancassurance” məhsullarını qeyd etdik. Azərbaycan Banklar Assosasiyası ilə əməkdaşlıq hansı səviyyədədir? Ümumiyyətlə bu məsələ qarşı tərəflə müzakirə edilibmi?

– ASA olaraq biz Azərbaycan Banklar Assosasiyası ilə çox sıx əməkdaşlıq edirik. Hər iki tərəf də birgə layihələrdə əməkdaşlıq edib və eyni seqmentin iştirakçılarıyıq. Bizim birgə sosial layihələrimiz olub. “Bancassurance”ə gəlincə, layihənin tərtibi üçün həm İT platforması, həm də uyğun məhsullar olmalıdır ki, təklif edilsin. Bizim gələcək hədəflərimizdə bu məsələ öz yerini alacaq.

– Elmar bəy, belə məlumat var idi ki, Türkiyə modelinə keçidlə bağlı ASA-nın strukturunda dəyişiklik gözlənilir. Eyni zamanda sığorta lisenziyalarının verilməsində ASA hansısa şəkildə rol oynayacaq.

– Belə bir məlumat yoxdur. ASA ictimai birlikdir və ictimai birlik hansısa lisenziyalaşdırmanı apara bilməz, çünki lisenziyalaşdırmanı ancaq dövlət qurumları apara bilər. Bu reyestrlər onlara məxsusdur. Struktur dəyişikliyinə gəlincə, biz qısa zamanda belə bir dəyişiklik planlaşdırmırıq. Gələcəkdə isə hər şey ola bilər. Bu barədə biz nəsə deyə bilmərik.

– Amma Türkiyə sığorta modelində lisenziyaların verilməsi və bu kimi məsələlərə Türkiyə Sığorta Birliyi nəzarət edir.

– Türkiyədə bu kimi məsələlər fərqlidir. Türkiyə Sığorta Birliyi (TSB) özünü tənzimləyən bir qurumdur. O quruma requlyativ funksiyalar verilib. Ona görə də TSB lisenziyalaşdırmanı və digər işləri həyata keçirə bilir. Amma Azərbaycanda ASA-nın requlyativ funksiyaları yoxdur.

– Yenicə yaradılan Türk Dünyası Sığorta Birliyi vahid sığorta hovuzunun formalaşmasında nə dərəcədə əhəmiyyətli olacaq?

– Türk Dünyası Sığorta Birliyinin yaradılması bütün türk dünyası ölkələrinin sığorta sektorunun inkişafına böyük təkan verəcək. Çünki ümumi bir hovuzun yaradılması həm sığorta, həm də təkrarsığorta imkanlarını daha da genişləndirir. Burada biz çoxsaylı məlumat mübadiləsi apara bilirik. Hər bir dövlətin sığorta sektorunun özünəməxsus təcrübə və bilikləri, xüsusi inkişafda fərqlənmiş yolları var. Biz bu yolları bir-birimizlə bölüşməklə sığorta sektorunun inkişafını intensiv və faydalı etməyə çalışırıq. Ümumilikdə bu birliyin yaradılması, sığorta sektorunun gücləndirilməsi, yeni imkanların açılması və 6 ölkənin sığorta hovuzunun böyük bir sığorta hovuzuna çevirmək deməkdir.

– Mərkəzi Bankın yeni sədri Taleh Kazımov sığorta şirkətlərinin rəhbərləri ilə görüşüb. AMB sığorta şirkətləri qarşısında hansısa yeni tələblər qoyubmu?

– Birinci görüş olduğuna görə daha çox tanışlıq məqsədi daşıyırdı. Qısa zamanda həllini tapa biləcək problemlər müzakirə edildi. Mərkəzi Bankın əsas mesajı ondan ibarət oldu ki, sığorta sektorunun inkişafı üçün mövcud problemlər aradan qaldırılsın. Bundan əlavə, vətəndaşlarla bəzi sığorta şirkətləri arasında yaranan narazılıqların qısa zamanda və yüksək kefiyyətlə həll edilməsi müzakirə edildi.

– Mərkəzi Bank çirkli pulların yuyulmasına qarşı tədbirlərin görülməsi üçün həyat sığorta şirkətləri də görüşdü. Sizcə, bu sahədə hansı yeniliklər olacaq, hansı addımların atılmasına ehtiyac var?

– Çirkli pulların yuyulmasına qarşı tədbirlərlə bağlı təkliflər hazırlanacaq. Artıq bununla bağlı seqmentin mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb. Bu qrup həm Mərkəzi Bankın, həm də ASA-nın mütəxəssislərindən ibarətdir. Yəni, bu qrup requlyatorla sektorun birgə əməkdaşlığını özündə birləşdirir.

– Bu il ərzində sığorta bazarını hansı yeniliklər gözləyir?

– Bildiyimiz kimi, Azərbaycan Mərkəzi Bankı, ASA və İcbari Sığorta Bürosu arasında imzalanmış memorandum çərçivəsində 3 illik layihənin icrasına başlamışıq. Üç istiqamət seçilib və üzərində işlər aparılır. Ümumilikdə, ASA olaraq sığorta sektorunun inkişafına yönəlik addımlarımızı davam etdiririk.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər