17 C
Baku
Friday, April 19, 2024

Azərbaycanda şoran torpaqların istifadəsi metodları hazırlanıb

“Azərbaycanın mərkəzi hissəsində suvarılan şorlaşmış boz-çəmən torpaqların istifadəsi metodları” işlənib hazırlanıb, artıq layihəyə patent də verilib.

Bunu Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev deyib.

Onun sözlərinə görə, kompleks tədqiqatlar əsasında Azərbaycanın mərkəzi hissəsində şorlaşmış boz-çəmən torpaqların su-fiziki xassələri, kollektor-drenaj sistemlərin müasir vəziyyəti, qrunt sularının minerallığı və torpaqda duzların miqdarının dəyişməsinin dinamikası, su-duz rejimi və balansı, onların uzun müddətli proqnozu öyrənilib.

Tədqiqatların nəticələri şorlaşmış boz-çəmən torpaqlarının münbitliyinin yüksəldilməsi və aqrosenozların məhsuldarlığının artırılmasına yönəldilib.

Ə.Quliyev qeyd edib ki, təqqiqatın nəticələri hazırda Rusiya Ümumittifaq Meliorasiya və Hidrotexnika İnstitutunun Meşerski filialında 3 Saylı elmi tədqiqat proqramında istifadə edilir.

Azərbaycanda isə tədqiqatın nəticələri Muğan düzünün Sabirabad rayonu, Minbaşı kəndinin fermer təsərrufatındakı suvarılan boz-çəmən torpaqlarında tətbiq edilib. Burada pambıq, taxıl və yonca bitkilərinin əkini üçün istifadə olunan ərazilərdə bitkilərin məhsuldarlığının 20-25% artırılmasına nail olunub.

Şoran torpaqlar Azərbaycanın düzənlik rayonlarında quru bozqır və səhra-bozqır zonasında daha geniş yayılıb. Belə torpaqlar respublika ərazisinin 1,3-1,5%-ni əhatə edir. Mil-Qarabağ, Muğan-Salyan, Şirvan düzlərində, Samur-Dəvəçi ovalığı, Naxçıvan düzü və Abşeron yarımadasının suvarılan zonalarında bu torpaqlar daha geniş yayılıblar. Bu torpaqların şoranlığı qərbdən şərqə Xəzər dənizi sahillərinə doğru artır.

©Trend

Son xəbərlər
Digər xəbərlər