Azərbaycanda şübhəli maliyyə əməliyyatları nə deməkdir?

Vüqar Bayramov: “Azərbaycan qanunvericiliyinə görə, 20 min manatdan artıq olan bütün növ bank əməliyyatları Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti tərəfindən nəzarətə götürülür”

“Bu heç də o anlama gəlmir ki, deyilən məbləğdən artıq olan əməliyyatların hamısı şübhəlilər kateqoriyasına aiddir”

Azərbaycanın bank sektorunda bəzi neqativliklərin yaşandığı danılmazdır. Bu barədə mətbuatda çoxsaylı materiallar da dərc edilir. Hətta elə faktlar var ki, bunu bank sektoruna məsul olan qurumların rəsmiləri də etiraf edir.

Azərbaycan banklarında şübhəli bank əməliyyatlarının aparılmasına dair açıqlamalar verilir. Bildirilir ki, ötən il Azərbaycanda ümumilikdə təxminən 114 mln. manat həcmində şübhəli əməliyyat həyata keçirilib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin 2013-cü ilə dair hesabatında qeyd olunub. Hesabata əsasən, 2013-cü ildə ümumi həcmi 113,9 mln. manat təşkil edən 603 əməliyyat şübhəli hesab olunub. Bundan başqa, ötən il ərzində 230,1 mln. manat həcmində yüksək risqli əməliyyatlar həyata keçirilib. Qurumun açıqladığı rəqəmlərə əsasən, 2011-2013-cü illər ərzində 829,5 min əməliyyat şübhəli qismində qeydə alınıb.

Ümumiyyətlə bank əməliyyatları sırasında hansılar şübhəli kimi qeyd edilir?

İqtisadçı-ekspert Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, banklar tərəfindən həyata keçirilən şübhəli əməliyyatlar yalnız Azərbaycan üçün xarakterik deyil.

Müsahibimizin sözlərinə görə, bütün dünya ölkələrində bu cür monitorinqlər həyata keçirilir”:Məlum olduğu kimi, Azərbaycan qanunvericiliyinə görə, 20 min manatdan artıq olan bütün növ bank əməliyyatları Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti tərəfindən nəzarətə götürülür. Bu heç də o anlama gəlmir ki, deyilən məbləğdən artıq olan əməliyyatların hamısı şübhəlilər kateqoriyasına aiddir. Sadəcə, təyinatında, göndərilmə yerində və bir sıra digər parametrlərində şübhələr yarananda həmin əməliyyatlara nəzarət bir qədər gücləndirilmiş olur. Əsasən də bu istiqamətdə edilən səylər terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulması istiqamətində fəaliyyətlərin qarşısının alınmasına yönəlib. İstənilən ölkə belə bir nəzarətin olmasını təqdir etməlidir. Çünki belə nəzarətin ən böyük xeyri elə həmin ölkəyədir. Ölkəyə qalan xeyirdən isə, təbii ki, vətəndaşa da pay düşür. Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti tərəfindən açıqlanan rəqəmdən bu nəticəyə gəlmək olar ki, ölkədəki şübhəli əməliyyat kimi qruplaşdırılanların sayı o qədər də çox deyil. Çünki dəyəri 20 mindən artıq əməliyyatların həddən artıq çox olması ilə açıqlanan rəqəmin müqayisəsi bu nəticəyə gəlmək üçün əsas vermiş olur”.

Bakı Xəbər