Azərbaycanda tam “üzən məzənnə” rejiminə keçid ciddi fəsadlar verə bilər

0

“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycan hökumətinə və Mərkəzi Bankına (MB) xəbərdarlıq edib. Agentliyin açıqlamasında manatın 2015-ci ilin dekabr ayında “üzməyə” başladığı, amma 2017-ci ilin əvvəlindən manatın ABŞ dollarına qarşı çox sabit olduğu deyilib. “Moody’s”in fikrincə, məzənnədə qeyri-sabitliyin olmaması sual doğurur, çünki “üzən məzənnə” rejimi barədə MB-nin öhdəliyi var idi. “Moody’s” xəbərdarlıq edib ki, dollar/manat məzənnəsinin sabit qalması müəssisələr və istehlakçıların arxayınçılığı ilə nəticələnə bilər: “Məzənnənin sabitliyi uzunmüddətli səylərə ziddir və valyuta məzənnəsi iqtisadiyyat üçün şokun təsirini azaldan olmalıdır”.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov açıqlamasında, agentliyin xəbərdarlığına münasibət bildirib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Ekspert deyib ki, Azərbaycan Mərkəzi Bankın əsas xidmətlərindən biri son 3 ildə milli valyutanın məzənnəsini sabit saxlaması olub: “İqtisadiyyatda heç bir halda sabit məzənnəyə mənfi faktor, mənfi indiqator kimi yanaşmaq olmaz. Ona görə də “Moody’s”in fikri ilə qəti şəkildə razı deyiləm. Bütün aparıcı iqtisadi sistemlərdə, aparıcı ölkələrdə milli valyuta sabitliyini qoruyur. Milli valyutanın sabitliyi yoxdursa, investisiyanın stabilliyindən və artımından söhbət gedə bilməz. İnvestorlar valyuta bazarındakı vəziyyəti bilmirsə, hansı uzunmüddətli birbaşa investisiyadan söhbət gedə bilər?!”.

Onun sözlərinə görə, digər tərəfdən bazarın bütün iştirakçıları, o cümlədən əhali milli valyutanın sabitliyinə arxayın vəziyyətdə fəaliyyətini davam etdirməlidir: “Milli valyutanın sabitliyi son dərəcədə zəruridir. Bundan başqa, “Moody’s” və digər beynəlxalq reytinq agentlikləri inflyasiyanın qorunmasını vacib şərt kimi qəbul edir. Bəs, məzənnə sabit olmasa, inflyasiyaya qarşı hansı mübarizə metodlarından danışmaq mümkündür? Məzənnə sabit deyilsə, inflyasiyada da durum sabit olmayacaq. Məzənnə siyasəti mütləq şəkildə sabit olmalıdır”.

Sabit məzənnə rejimində şirkətlər və əhalinin arxayınlaşmasına gəlincə, ekspert bildirib ki, Azərbaycanın böyük rəqəmlərlə ifadə olunan müsbət xarici ticarət saldosu var: “MB-nin maliyyə və kapital hərəkəti seqmentində sabitliyi qoruması üçün bütün rıçaqları mövcuddur. Maliyyə və kapital hərəkəti seqmentində sabitlik qorunarsa, manatın sabitliyinin pozulmasına heç bir əsas yoxdur. Adekvat makroiqtisadi idarəetmə siyasəti həyata keçirilərsə, manatın məzənnəsi sabit olaraq qalmalıdır. Aidiyyəti qurumlar manatın sabitliyini qorumalıdır”.

Ekspert bildirib ki, Azərbaycanda tam “üzən məzənnə” rejimi yoxdur və bu, tamamilə doğru makroiqtisadi idarəetmə siyasətinin təzahürüdür: “Məhz bu seqment üzrə Mərkəzi Bankın fəaliyyətini tam dəstəkləyirəm. Ümumiyyətlə, dünyada tam “üzən məzənnə” rejimi təxminən 5 faiz ölkədə var. Tam “üzən məzənnə” rejimi ABŞ, Norveç kimi ölkələrdə effektini verə bilər. Digər ölkələr daha çox qismən “üzən məzənnə” rejimindən istifadə edir”.

Onun fikrincə, Azərbaycan iqtisadiyyatında və oxşar milli iqtisadi sistemlərdə tam “üzən məzənnə” rejiminə keçid ciddi fəsadlar verə bilər: “Valyuta bazarındakı sabitlik kəskin şəkildə pozula bilər. Ona görə də Azərbaycanda tam “üzən məzənnə” rejiminin tətbiqi düzgün addım olmaz”.

– Sputnik Azərbaycan