8 C
Baku
Friday, December 6, 2024

Azərbaycanda üzüm tullantısından “üzüm yağı” əldə edilib

Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda üzümün emalı zamanı yaranan qalıqlardan (üzüm toxumu) soyuq press üsulu ilə yağ əldə olunub.

Bunu Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov deyib.

O bildirib ki, son dövrlərdə dünyada tullantısız texnologiyaya üstünlük verilir. Üzümçülük-şərabçılıq sahəsində də emal zamanı böyük miqdarda tullantılar yaranır: “Çünki emal prosesində şirə çıxımı üzümdə təxminən 75 faizə qədərdir. Təsəvvür edin, 25-30 faiz tullantı (qalıq) meydana gəlir. Tullantıya toxum, qabıq, daraq daxildir. Təxminən 1000 tona 300 ton tullantı yaranır. Ona görə də tullantısız texnologiyanın perspektivi üzümçülük-şərabçılıq sahəsində çox yüksəkdir. İnstitutda üzümün emalı zamanı yaranan qalıqlardan bioloji aktiv maddələrin, toxum yağının alınması istiqamətində elmi tədqiqat işləri həyata keçirilir. Üzüm toxumundan bu il eksperimental olaraq yağ alınmış, onun alınması metodologiyası işlənib hazırlanmış və patentləşdirilmişdir. Üzüm yağının istehsal texnologiyası mürəkkəb prosesdir, yağ çıxımına üzümün becərilmə şəriti, sortun xüsusiyyəti, toxumun mexaniki, morfoloji, biokimyəvi tərkibi, o cümlədən üzümün emal texnologiyası böyük təsir göstərir”.

Onun sözlərinə görə, son dövrlərdə bu sahə Türkiyə, İspaniya, Amerika, Argentina və digər ölkələrdə sürətlə inkişaf edib. “Bitki yağlarının konsentrantı kosmetika sahəsində də çox geniş istifadə olunur. Hesab edirəm ki, yaxın gələcəkdə toxum yağı günəbaxan, qarğıdalı yağları kimi kütləvi şəkildə satılacaq. Hərçənd ki, hələ satışa buraxılmamışdır. Eksperimental xarakterli sınaqdan keçiririk. Bununla bağlı Müəllif Hüquqları Agentliyinə müraciət etmişik. Gələcəkdə bunun patenti alınacaq və çalışacağıq ki, institut olaraq, geniş istehsalına nail olaq”, – deyə Vüqar Səlimov bildirib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər