18 C
Baku
Çərşənbə, May 25, 2022

Azərbaycanda vergi ödəyicilərinin sayı 10% artıb

2022-ci il aprelin 1-nə respublika üzrə uçotda olan 1 360 747 vergi ödəyicisinin 87.9%-i fiziki şəxslər, 12.1%-i hüquqi şəxslər və digər təşkilatlar olub.

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 9.7%, o cümlədən fiziki şəxslərin sayı 9.9%, hüquqi şəxslərin sayı 7.8% artıb.

Dövlət Xidmətinin məlumatına əsasən, yanvar-mart ayları ərzində 3 098 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14.1% çoxdur. Kommersiya qurumlarının 82.2%-i elektron qaydada, 17.8%-i kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb. 530 kommersiya qurumunun (ümumi qeydiyyatın 17.1%-nin) ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması təmin edilib.

Hesabat dövründə qeydiyyatdan keçmiş kommersiya qurumlarının 87.2%-i yerli investisiyalı, 12.8%-i xarici investisiyalı müəssisələrdir. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə yerli dövlət qeydiyyatına alınmış investisiyalı kommersiya hüquqi şəxslərin sayı 8.3% artıb. Ümumiyyətlə, aprelin 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 88.9%-i məhdud məsuliyyətli cəmiyyət, 1.5%-i səhmdar cəmiyyət, 1.2%-i kooperativ və s. formalarda yaradılıb.

Hesabat dövründə kommersiya qurumlarının 82.2%-i elektron qaydada qeydiyyatdan keçib. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 95.1% təşkil edib. 2022-ci ilin birinci rübündə yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 433 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 14%, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 16.2% təşkil edib.

Birinci rüb ərzində fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 25.3%, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 20.2% artıb. Aprelin 1-nə dövlət qeydiyyatında olan 148 788 kommersiya qurumundan 89 860-nın vəziyyəti aktiv olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 12.1% artıb, xüsusi çəkisi isə artaraq 60.4%-ə çatıb. Dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 15% artaraq 27 570 vahid təşkil edib.

Aprel ayının 1-nə 322 publik hüquqi şəxs, 17 266 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. Fəaliyyəti aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9.1% artıb.

Son xəbərlər
Oxşar xəbərlər