24 C
Baku
Saturday, July 20, 2024

Azərbaycanda xaricilər üçün sağlamlıq turizmi xidmətlərinin ƏDV-dən azad edilməsi təklif edilir

Azərbaycana gələn xarici turistlər üçün sağlamlıq xidmətləri ƏDV-dən azad edilərsə, bu çox mühüm addım olar.

Bu barədə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev deyib.

O, bildirib ki, belə bir addım ölkəyə gələn turistlərə təqdim edilən sağlamlıq turizmi paketinin daha büdcəli və rəqabət qabiliyyətli olmasına imkan yaradacaq:

“Bununla yanaşı, müvafiq dövlət qurumlarına digər təkliflər də təqdim etmişik. Bunlardan biri ölkəyə sağlamlıq turizmi ilə bağlı gələn turistlərin yeddi gecə gecələmək şərtilə dövlət büdcəsindən 60 şərti maliyyə vahidi kimi təşviqin verilməsilə bağlıdır. Məsələn, ölkəyə 1 milyon turist gəlirsə, büdcədən 60 milyon manat vəsait xərclənir, amma həmin turistlərin ölkədə qoyduğu dəyər bundan qat-qat böyük olur. “Azərbaycan Hava Yolları” QSC vasitəsilə də sağlamlıq turizmi məqsədilə gələn turistlərə əsaslı endirimlər tətbiq etmək mümkündür. Digər tərəfdən, 2-3 ulduzlu sanator tipli müəssisələrin və digər sağlamlıq turizmi müəssisələrinin yaradılması zamanı az faiz dərəcələri ilə uzunmüddətli kreditlərin ayrılması da bu sahədə çalışan sahibkarlıq subyektlərinin təşviqinə və sayının artmasına müsbət təsir göstərə bilər”.

R.Quliyevin fikrincə sağlamlıq turizmi ilə bağlı tanıtım fəaliyyətləri daha sistemli həyata keçirilməlidir:

“Turizm təyinatlı assosiasiyaların sağlamlıq turizmi ilə bağlı təşviq mexanizmi işlənib hazırlanmalıdır. Bununla bağlı ölkədə konfranslar, seminarlar, ikitərəfli görüşlər formatında silsilə tanıtım fəaliyyətləri həyata keçirilməlidir. Beynəlxalq sərgilərdə də Azərbaycanın turizm potensialının təbliğinə böyük ehtiyac var. Hazırda bu sahədə fəalyyət göstərən assosiasiyaların maddi sıxıntıları mövcuddur. Düşünürəm ki, sağlamlıq turizmi ilə bağlı sərəncamların həyata keçirilməsi çox vacibdir. Eyni zamanda ölkədə sağlamlıq turizmi ilə bağlı fəaliyyət göstərən bələdçilərin (fasilitator) sayı o qədər də çox deyil, Azərbaycan üzrə 30-a yaxın şirkət var ki, sırf sağlamlıq turizmi ilə məşğul olur. Onların da arasında ən yaxşı 15 şirkəti qeyd edə bilərik”.

R.Quliyev bildirib ki, sağlamlıq turizmi məqsədilə gələnlər əsasən sanator-kurort müalicə mərkəzlərinə üz tutur: “Check up” müayinə yaxud plastik əməliyyatla bağlı da turistlər gəlir. Artıq Körfəz ölkələrindən gələnlərin sayında artım var. Pandemiyaya qədər sərhədyanı ölkələrdən də turistlər gəlirdi. Naftalana sağlamlıq məqsədilə ildə təqribən 70-dən çox ölkədən 55 min turist gəlir. İlk üçlükdə hər zaman Rusiya, Qazaxıstan, Özbəkistan yer alır. Amma son dövrlər Özbəkistandan gələn daha çoxdur”.

Assosiasiya rəhbəri hesab edir ki, Azərbaycanda sağlamlıq turizmi ilə bağlı paketlərin qiymətləri dünya bazar qiymətlərinə uyğundur: “Sadəcə burda servis xidmətlərinin daha geniş spektorda təqdim edilməsinə ehtiyac var”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər