Azərbaycanda yeni iqtisadi idarəetmə sisteminin formalaşması gözlənilir

İqtisadçı ekspert Elşad Məmmədov bildirib ki, yaxın perspektivdə Azərbaycanda yeni iqtisadi idarəetmə sisteminin formalaşması gözlənilir. 

Dünya iqtisadiyyatında yeni böhran dalğasının formalaşması, eyni zamanda neft qiymətlərinin kəskin şəkildə enməsi və koronovirus pandemiyasının sürətlə yayılması bütün milli iqtusadiyyatlara, o cümlədən Azərbaycan iqtisadiyyatına təsir göstərib. Biz bunu günbəgün hiss edirik. Nəzərə almaq lazımdır ki, mövcud xarici iqtisadi şoklara adaptasiya olunmaq, onların nəticəsində milli iqtisadiyyatın dayanıqlığını qorumaq kifayət qədər mürəkkəb prosesdir. Hesab edirəm ki,bu prosesdən yalnız yeni formatda iqtisadi idarəetmə sisteminin qurulması ilə dayanıqlı şəkildə çıxmaq mümkündür. 

Milli iqtisadiyyatlarda dövlətin iqtisadi proseslərə müdaxiləsinin daha aktiv şəkildə reallaşdırılan, səmərəli strateji planlaşdırma sistemi qüvvədə olan ölkələrdə proseslərə akekvat reaksiaynın verilməsi daha effektiv şəkildə həyata keçirilir. Bu baxımdan, Azərbaycanda da iqtisadi idarəetmə sistemi yeni formatda təşkil olunacaq. 

Ölkə başçısı tərəfindən ötən ildən başlayaraq sosial yönümlü tədbirlərin həyata keçirilməsi, sosial paketin əhatəsinin böyüməsi, daxili bazarın genişlənməsi, əhalinin alıcılıq qabiliyyətinin yüksəldilməsi, fiskal yükün yüngülləşdirilməsi ilə bağlı qərarlar, vergi manevri yeni yanaşmaya hazırlıq mərhələsi idi. Bu gün görürük ki, hadisələr sürətlənib və bu ağır iqtisadi konyukturada, şübhəsiz ki, dövlətin iqtisadiyyatda iştirakı xeyli dərəcədə çoxalmalıdır. 

Qeyd edək ki, bu məqsədlə Prezident İlham Əliyevin təşəbbüsü ilə Koronovirusla Mübarizəyə Dəstək Fondu, həmçinin İşçi Qrup yaradılıb. İşçi Qrupun əsas məqsədi xarici iqtisadi şokların yumşaldılması və effektiv idarəetmə formatının tapılmasıdır. İndiki vəziyyətdə dövlət, ilk növbədə, əhalinin geniş təbəqələrinin sosial müdafiəsini təmin etməlidir. Burada maliyyə resurslarının ayrılması vacibdir. Ancaq yanaşmalar yalnız maliyyə resurslarının ayrılması ilə məhdudlaşmamalıdır, həm də adekvat qaydada yeni idarəetmə modeli ilə yeni institutların yaradılması, yeni iqtisadi sferaların dəstəklənməsi, onların inkişafının stimullaşdırılması, əmək resusrlarının lazımi istiqamətlərə yönləndirilməsi ilə davam etdirilməlidir. Ona görə də dövlətin iqtisadiyyatda iştirakı həm stimullaşdırıcı büdcə-vergi siyasətində, həm sosial müdafiə sisteminin gücləndirilməsində, həm pul-kredit siyasətində, həm də xarici ticarətdə öz əksini tapacaq. Xüsusilə, vergi güzəştlərinin tətbiqi və sahibkarlığın dəstəklənməsi istiqamətində çevik siyasətin yeridilməsi zəruridir. Lakin, vergi güzəştləri və ya vergi tətilləri tətbiq olunarkən fəaliyyətini şəffaf quran, bir müddətdir müvafiq dövlət qurumlarının sahibkarlara qarşılıqlı etimadla bağlı ünvanlandığı müraciətlərə adekvat cavab verən vergi ödəyiciləri nəzərə alınmalı, onlar dövlətin qayğısı altında olmalıdırlar.

Bunlarla yanaşı, qısa müddətdə ölkədən kapital çıxışı ilə bağlı mənfi halların qarşısı alınmalı, valyuta bazarında möhtəkirliklə məşğul olan şəxslərin fəaliyyəti məhdudlaşdırmalıdır. Müəyyən istiqamətlərdə valyuta məhduduyyətlərinin tətbiqi olduqca zəruridir. 

Bütün bu tədbirlərin bütövlükdə idarəetmə modelinin tamamilə yeni əsaslarla qurulmasını ehtiva edir və ümidvaram ki, yaxınmüddətli perspektivdə Azərbaycanda iqtisadi idarəetmə baxımından yeni format və yanaşmaların tətbiqinin şahidi olacağıq. 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları