25 C
Baku
Saturday, July 13, 2024

Azərbaycandan xaricə qanunsuz pul köçürənlərin 5 il həbs edilməsinə dair layihə I oxunuşdan keçib

Azərbaycandan xarici ölkələrə qanunsuz pul köçürmə fəaliyyəti ilə məşğul olan şəxslərin 5 il müddətinə azadlıqdan məhrum edilməsinə dair layihə Milli Məclisin iclasında ilk oxunuşda qəbul olunub.

Bununla bağlı Cinayət Məcəlləsinə təklif olunan dəyişiklik layihəsi qanunverici orqanın bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə məcəlləyə yeni 206-1-ci maddə (Azərbaycan Respublikasından xarici ölkəyə və ya xarici ölkədən Azərbaycan Respublikasına qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma) əlavə edilib.

Yeni maddəyə əsasən, Məcəllənin 206-cı maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olmadan, əvəzləşdirmə və ya digər qarşılıqlı hesablaşma üsulları ilə pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycan Respublikasından xarici ölkəyə və ya xarici ölkədən Azərbaycan Respublikasına qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma, bu əməllər xeyli miqdarda törədildikdə cinayətin predmetinin dəyərinin 40 faizi miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin 40 faizi miqdarında cərimə edilməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılacaq.

Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə və külli miqdarda törədildikdə cinayətin predmetinin dəyərinin 40 faizindən 60 faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin 40 faizi miqdarında cərimə edilməklə 2 ildən 4 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Məcəllənin 206-1.1 və 206-1.2-ci maddələridə nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə cinayətin predmetinin dəyərinin 40 faizindən 60 faizinədək miqdarında cərimə edilməklə 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Məcəlləyə dəyişiklik layihəsi I oxunuşda qəbul olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər