8 C
Baku
Saturday, December 3, 2022

Azərbaycanın aviareyslərinin qlobal izlənməsinə başlanılır

2022-ci il oktyabrın 18-də “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovla “Aireon” şirkətinin prezidenti və baş icraçı direktoru cənab Don Toma arasında ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hugo Qevarın iştirakı ilə “Aireon” peyk sistemi vasitəsilə təyyarə uçuşlarının qlobal müşahidə sisteminin tətbiqinə dair saziş imzalanıb.

Banker.az bu barədə AZAL-ın Mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata əsasən, Azərbaycanın hava məkanından keçərkən “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) tərəfindən xidmət göstərilən tranzit uçuşların sayı ikiqat artıb. Hər gün AZANS 550-yə yaxın hava gəmisinə aeronaviqasiya xidmətlərini təqdim edir. Bu isə pandemiya dövrünədək olduğundan daha yüksək göstəricidir.

“Aireon” hava hərəkətini peyk idarəetmə sistemi uçuşların təhlükəsizliyi və effektivliyini radikal şəkildə optimallaşdıracaq həll təklif edir, eyni zamanda aviaşirkət üçün real vaxt rejimində reyslərin qlobal izlənməsini təmin edəcək. Bu sistemin tətbiq edilməsi və tam istifadəsi ADS-B avadanlıqları ilə təchiz olunmuş təyyarələrin müşahidə edilməsini təmin etməklə yanaşı, daha əlverişli marşrut və yüksəklikləri seçməyə imkan yaradacaq,” – deyə AZAL prezidenti Cahangir Əsgərov bildirib.

Beləliklə, bu sistem Azərbaycanın hava məkanında marşrutların iqtisadi effektivliyi və ekoloji təhlükəsizliyini təkmilləşdirməyə, yanacaqdan az istifadə etməyə və atmosferə zərərli tullantıların atılmasının minimuma endirilməsi ilə daha optimal marşrutlarla uçuşları planlaşdırmağa imkan yaradacaq. Eyni zamanda, bu sistem Azərbaycan aviaşirkətlərinə mənsub təyyarələrin dünyanın istənilən nöqtəsində uçuşları haqqında operativ məlumatların alınmasına da əlverişli şərait yaradacaq.

“Aireon” şirkətinin prezidenti Don Toma vurğulayıb: ““Aireon” şirkətinin məlumatları hava hərəkətini bilavasitə idarə edən dispetçerləri effektiv, təhlükəsiz və ekoloji cəhətdən təmiz müasir aeronaviqasiya xidmətləri ilə təmin etməklə AZANS-a Azərbaycanın hava məkanı haqqında tam təfərrüatlı məlumat təqdim edəcək”.

Qeyd edək ki, “Aireon” – “Iridium Communications Inc” peyk rabitə operatoru, “Nav Canada” şirkəti (Kanada Aeronaviqasiyası), NATS (Böyük Britaniya Aeronaviqasiyası), ENAV (İtaliya Aeronaviqasiyası), “Naviair” (Norveç Aeronaviqasiyası) və İrlandiya Aviasiya İdarəsi ilə əməkdaşlıq edir. Şirkət,  ADS-B peyk əsaslı avtomatlaşdırılmış kosmik asılı müşahidə şəbəkəsindən istifadə etməklə dünyada hava gəmilərinin real zaman rejimində ilk peyk müşahidə sistemini işləyib hazırlanıb.

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) tərəfindən rəsmi dəstək almış “Aireon” tarix boyu hava müşahidəsi üzrə ilk sertifikatlı təminatçıdır. 2017-ci ilin  yanvar ayından 2019-cu ilin yanvar ayınadək “Space-X Falcon 9” raketlərində müvəffəqiyyətlə yerinə yetirilmiş “İridium NEXT” peykinin buraxılışı “Aireon” texnologiyasının əsasını təşkil edir.

Son xəbərlər
Digər xəbərlər
X