Azərbaycanın bu rayonu gəlir və xərclərini ilk dəfə özü ödəyəcək

Keçən il Şəmkir rayonunda 781 milyon 664 min manatlıq (əvvəlki ildəkindən 27,8 faiz çox) ümumi məhsul buraxılıb, adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 3564 manat təşkil edib.

Şəmkir Rayon İcra Hakimiyyətindən bildirilib ki, ümumi məhsul buraxılışına görə Şəmkir respublika üzrə rayon və şəhərlər arasında ilk beşlikdə yer alıb. Bundan başqa, büdcə ilinin sonuna daxil olan əlavə vəsaitin 50 faizi yerli icra hakimiyyətlərinin sərəncamına verilən rayonlar arasında da Şəmkir ilk beşliyə düşüb.

“Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının icrası ilə əlaqədar Şəmkir rayonunda 2019-cu il ərzində dövlət büdcəsinə əlavə daxil edilmiş vəsaitin 1 milyon 357 min 100 manatı Şəmkir Rayon İcra Hakimiyyətinin büdcədənkənar gəlirlərinə aid edilməsi nəzərdə tutulub. Bu vəsaitlə rayonda yaşayan şəhid ailələrinə məişət avadanlığının alınması, Şəmkir şəhərində və Kür qəsəbəsində yolların əsaslı təmir olunması planlaşdırılır.

Bildirilib ki, 2020-ci ildə büdcə daxilolmalarının artırılması sahəsində rayon icra hakimiyyətinin qarşısında mühüm vəzifələr durur. İlk növbədə, rayon icra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri rəhbərlik etdikləri ərazilərdə sahibkarlıqla məşğul olan şəxslərin və obyektlərin sayı haqqında dəqiq məlumat verməli, qanuni vergi ödəmələrindən başqa sahibkarların fəaliyyətinə heç bir müdaxilə hallarına yol verilməməlidirlər.

Ötən il müvafiq olaraq 58 milyon 157 min manatlıq sənaye (əvvəlki ildəkindən 29,8 faiz çox), 385 milyon 477 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub (əvvəlki ildəkindən 13,6 faiz çox), tikinti işlərinin həcmi 169 milyon 689 min manat (əvvəlki ildəkindən 2,5 dəfə çox), nəqliyyat və rabitə xidmətlərinin həcmi 13 milyon 604 min manat (əvvəlki ildəkindən 30,9 faiz çox), ticarət xidmətlərinin həcmi 154 milyon 734 min manat (əvvəlki ildəkindən 4 faiz çox) təşkil edib.

Rayonun 2019-cu il üçün yerli gəlir və xərcləri 19 milyon 875 min manat məbləğində, o cümlədən yerli gəlirlərin cəmi 13 milyon 571 min manat, mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 6 milyon 304 min manat, “Azəravtomobil Yolları” Məqsədli büdcə Fondundan 60 min manat həcmində proqnozlaşdırılıb.

Cari gəlirlərin yekunu olaraq proqnoz tapşırığı 13 milyon 571 min manata qarşı, 19 milyon 6,9 min manat, yəni 140,5 faiz və ya 5 milyon 493,9 min manat çox icra edilib.

Vurğulanıb ki, 2020-ci ildə büdcənin gəlir və xərclərini tamamilə yerli gəlirlər hesabına ödəmək və mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsaitdən asılılığın tamamilə aradan qaldırılması nəzərdə tutulub.

Rayonun 2020-ci il üçün büdcəsinin gəlir və xərcləri 13 milyon 894 min manat proqnozlaşdırılıb. Büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsi istiqamətində görüləcək işlərlə bağlı ilkin müzakirə aparılıb və başlıca hədəflər müəyyən edilib.

©Azərtac


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları