9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanın fındıq bağlarında məhsuldarlıq azalıb

Azərbaycanda havaların qeyri-sabit keçməsi fındıq bağlarında məhsuldarlığı azaldıb.

Bunu açıqlamasında “Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri İsmayıl Orucov bildirib.

Məhsuldarlıq 10 – 50 % azalıb

Onun sözlərinə görə, il ərzində fındıq bağlarının olduğu rayonlara bir neçə dəfə dolu yağıb, bu da məhsuldarlığa mənfi təsir göstərib: “Məhsuldarlıq ölkənin ayrı- ayrı regionlarında 10 %-dən 50 %-ə qədər azalıb. Bununla belə, əsas fındıqçılıq təsərrüfatlarının yerləşdiyi Qəbələ-Oğuz bölgəsində məhsuldarlıq normadan yüksək, məhsul isə daha keyfiyyətli olub”.

İ.Orucov fındıq tədarükünə mənfi təsir edən digər amillərin olduğunu da qeyd edib: “Bu il rayonlarda qəhvəyi mərmər bağacığı xeyli artıb. İndi Qida Təhlükəsizliyi Agentliyi onunla aktiv mübarizə aparır. Amma fermerlər də bu prosesə qoşulmalıdır. Çünki bu xəstəliyin qarşısı alınmasa bizi böyük fəsadlar gözləyir. Qəhvəyi mərmər bağacığın yetkin fərdləri və sürfələri nəqliyyat vasitələri, avadanlıqlar, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və digər vasitələrlə yayılır. Eyni zamanda yetkin fərdlər təbii yolla (uçmaqla) 35-100 km məsafə qət edə bilirlər. Payız və qış dövründə qışlama yerlərinin maksimum azaldılması məqsədilə qəhvəyi mərmər bağacığın gizlənə bildiyi sığınacaqlara, o cümlədən qaranlıq yerlərə xüsusi diqqət yetirilməlidir. Yaşayış və köməkçi binalarda pəncərələr torla bağlanmalıdır. Qəhvəyi mərmər bağacığı 300-dən çox bitki ilə qidalanaraq məhsuldarlığı əhəmiyyətli dərəcədə aşağı salır”.

cec43200 7eb8 340a 9740 6f30031e36e2

Fındığı nəm yerə saxlayırlar

Bundan başqa, Assosiasiya rəhbəri deyib ki, fermerlər fındığı nəm yerdə saxlamaqla məhsulu xarab edirlər: “Biz daima fermerlər arasında maarifləndirmə işləri aparırıq ki, fermerlər məhsulu normalara uyğun şəkildə saxlasınlar. Əfsus ki, fermerlərin bir hissəsi fındığın çəki itirməməsi üçün onu rütubətli yerdə saxlayır. Bu da məhsulun keyfiyyətini aşağı salır”.

Statistika nə deyir?

2023-cü ildə Azərbaycanda fındıq bağlarının sahəsi 81,8 min hektar olub. Bağların 95,6 %-i ənənəvi, 4,4 %-i isə intensiv bağlardır, 24,7 %-i Zaqatala, 14,3 %-i Xaçmaz, 12,9 %-i Balakən, 12,5 %-i Qax, 8,7 %-i Qəbələ, 8,2 %-i Qusar, 5,9 %-i Şəki, 5,3 %-i Oğuz, 2,6%-i İsmayıllı, 1,5 %-i Quba olmaqla, ümumilikdə 95 %-dən çoxu 10 rayonun payına düşüb.

Ötən il ölkədə 75,4 min ton fındıq istehsal edilib ki, bunun da 90 %-dən çoxu 8 rayonun payına düşüb. O cümlədən, Zaqatala 42,5 %, Xaçmaz 11,2 %, Qəbələ 9,9 %, Balakən 9,1%, Qax 7 %, Şəki 5,3 %, Qusar 4,6 %, Qazax isə 1,7 % paya malik olub. 2023-cü ildə fındığın məhsuldarlığı 1 hektara 13,9 sentner, onun 1 kiloqramının orta topdan satış qiyməti isə 4,10-5,76 manat təşkil edib.

2023-cü ildə Azərbaycan 119 milyon 555 min ABŞ dolları dəyərində fındıq ixrac edib. Bunun 51,9 %-i (62 milyon 96 min ABŞ dolları) Rusiya, 18,6 %-i (22 milyon 208 min ABŞ dolları) Almaniya, 13,1 %-i (15 milyon 699 min ABŞ dolları) İtaliya, 16,4 %-i (19 milyon 551 min ABŞ dolları) isə digər ölkələrin payına düşüb.

Ötən il fındıq ixracının 97,1%-i ləpə, 2,9 %-i isə qabıqlı formada həyata keçirilib. Əvvəlki ilə nisbətən qabıqlı fındıq ixracı 13 % azalıb, ləpə ixracı isə 8,7 % artıb.

Bu il ixracda Rusiya və digər ölkələrin payı bərabər olacaq

İ.Orucov deyr ki, Azərbaycan fındığı MDB (Rusiya, Qazaxıstan, Özbəkistan) və Avropa İttifaqı (İtaliya, Almaniya, Fransa, Çexiya) ölkələrinə ixrac edilir: “Ötən il ixracın 60 %-i Rusiyanın, 40%-i isə digər ölkələrin payına düşüb. Hesab edirəm ki, bu il ixracda Rusiyanın payı 50 %-ə düşəcək. Çünki Rusiyadan ölkəmizə pul köçürmələrində böyük problemlər var. Ödəmələr əvvəllər ABŞ dolları ilə idi, indi isə bir çox banklar dollarla ödəniş etmir. Rusiya rublunun məzənnəsinin hər gün dəyişməsi isə sahibkarların ziyanla işləməsinə səbəb olur. Üstəlik, qonşu ölkədə milli valyutanın dəyərdən düşməsi məhsulun dəyərini artırır, dəyər artanda isə istehlak azalır”.

Son xəbərlər
Digər xəbərlər