28 C
Baku
Thursday, July 25, 2024

Azərbaycanın pul-kredit siyasətinin sərtləşdirilməsində fasilə elan ediləcək

Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 3-nə planlaşdırılan İdarə Heyətinin iclasında pul-kredit siyasətinin sərtləşdirilməsində fasilə elan edəcəyi və yenidən maliyyələşdirmə dərəcəsini 8.75 % səviyyəsində saxlayacağı gözlənilir.

Bunu Rusiyanın “Qazprombank”ının analitik qrupu proqnozlaşdırır.

“Qazprombank”ın Təhlil şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina belə bir qərarın lehinə üç arqumentin olduğunu qeyd edib: xarici inflyasiya təzyiqinin zəifləməsi fonunda inflyasiyanın ləngiməsi; əhalinin əmanətlərinin dollarlaşmasının sabit səviyyəsi; pul kütləsinin artımının dayanması.

“İqtisadiyyatda inflyasiya risklərinin qalmasını nəzərə alaraq, AMB-nin bəyanatında faiz dərəcələrinin azaldılmasının yeni dövrünə dair mümkün keçid əlamətləri olmadan ehtiyatlı tonun olacağını gözləyirik”, – o, bildirib.

AMB martda keçirilən iclasda monetar şərtləri sərtləşdirməyə davam edib və yenidən maliyyələşdirmə dərəcəsini 25 baza bəndi artıraraq 8,75 %-ə çatdırıb. Üstəlik, monetar şərtlərin tənzimlənməsi məqsədilə Mərkəzi Bank faiz dəhlizinin aşağı və yuxarı həddini 25 baza bəndi artıraraq müvafiq olaraq 7 % və 9,75 %-ə çatdırıb. Nəticədə Azərbaycan Mərkəzi Bankı bununla iqtisadiyyatda kreditləşmə fəaliyyətini tənzimləmək imkanlarını genişləndirib.

Əvvəlki iclasın yekunlarına əsasən Mərkəzi Bank bəyan edib ki, uçot dərəcəsinin yenidən artırılması ilə bağlı qərar monetar amillərin inflyasiyaya doğru dəyişməsi ilə bağlıdır. AMB bunlardan biri stimullaşdırıcı fiskal siyasət fonunda məcmu tələbin genişlənməsini göstərib. Uçot dərəcəsinin sonrakı trayektoriyasını şərh edən AMB qeyd edib ki, əgər inflyasiya proqnozlara uyğun olaraq aşağı düşərsə, uçot dərəcəsinin artırılmasının dayandırılmasını, daha sonra onun azaldılmasına keçid edilməsinin mümkünlüyünü nəzərdən keçirəcək.

“Hesab edirik ki, uçot dərəcəsinin artırılması tsiklinin dayandırılması üçün şərait artıq formalaşıb”, – “Qazprombank”ın iqtisadçısı bildirib.

O, bunu onunla izah edib ki, xarici inflyasiya fonunun azalması şəraitində mart ayında Azərbaycanda inflyasiya aşağı düşməyə başlayıb: “Martda qiymət artımı yavaşlayıb və fevral ayı ilə müqayisədə 0,5 faiz bəndi azalıb. Yavaşlama bütün seqmentlərdə müşahidə olunub: ərzaq, qeyri-ərzaq məhsulları və xidmətlər”.

Bunu Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın yavaşlaması ilə əlaqələndiririk. Xüsusilə, Rusiyada qiymət artımı illik müqayisədə fevral ayındakı 11 %-dən mart ayında 3,5 %-ə qədər səngiyib. Eyni zamanda, inflyasiya AMB-nin hədəf dəhlizindən kənarda qalır (4% +/-2 faiz bəndi). Belə ki, bu dəhlizin yuxarı həddini 760 baza bəndi, yenidən maliyyələşdirmə dərəcəsini isə 485 baza bəndi üstələyir”.

Martda ərzaq inflyasiyası 2022-ci ilin eyni dövrünə nisbətən 16,8 % təşkil edib (aylıq göstəricidə 0,3 faiz bəndi azalmaqla). Qarabaşaq, yumurta, çörək, un, günəbaxan və qarğıdalı yağınınn qiymətində artımın səngiməsi müşahidə olunub. Digər tərəfdən, ətin, sitrus meyvələrinin, kartofun, balıq və süd məhsullarının, o cümlədən şəkər və qənnadı məmulatlarının qiymətləri hələ də artmaqdadır.

Rusiya bankının analitiki hesab edir ki, martda qeyri-ərzaq seqmentində qiymət artımı bərpa olunub və il ərzində 11,6 % səviyyəsində olub (aylıq göstəricidə 0,6 faiz bəndi azalma müşahidə olunub). Eyni zamanda, mebel, məişət texnikası, avtomobil hissələri və yuyucu vasitələr seqmentlərində qiymətlərə yuxarı təzyiq qalmaqdadır.

Xidmət sektorunda qiymətlərin artımı isə nəqliyyat və kommunal sahələrində inflyasiyanın yavaşlaması fonunda illik müqayisədə 0,6 faiz bəndi azalaraq 10,8 %-ə enib. Xidmət sektorunda inflyasiyanın azalması tendensiyası kirayə evlərin, ictimai iaşə xidmətlərinin və beynəlxalq aviabiletlərin qiymətinin artması ilə cilovlanıb.

Q.Xaydarşinanın sözlərinə görə, əhalinin Azərbaycan banklarındakı əmanətlərinin dollarlaşması sabit olaraq qalır: “AMB-nin məlumatına görə, fevralda fiziki şəxslərin manatla depozitlərinin həcmi ilin əvvəlindən 2,2 % artaraq yanvar ayı səviyyəsində sabit qalıb və illik müqayisədə 22 % artıb. Bu, noyabr-dekabr aylarındakı artımdan sonra əhalinin əmanətlərinin dollarlaşma səviyyəsinin azalmasına səbəb olub. Martın əvvəlində əhalinin xarici valyutada əmanətlərinin payı 2022-ci ilin sonundakı 39,2 %-dən 38,7 %-ə enərək sonuncu dəfə pandemiyanın əvvəlində müşahidə olunan minimuma qayıdıb.

Xatırladaq ki, aparıcı reytinq agentlikləri Azərbaycanın suveren reytinqlərinə potensial təzyiq amillərindən biri kimi əmanətlərin dollarlaşmasının əhəmiyyətli artımının olduğunu düşünür. Lakin uçot dərəcəsinin hazırkı səviyyəsi əmanətlərin dollarlaşmasını davamlı olaraq 40 %-dən aşağı səviyyədə saxlamaq üçün kifayət edir”.

Onun sözlərinə görə, bundan başqa, pul kütləsinin artımı dayanıb, həcmlər yanvar ayı səviyyəsində sabitləşib: “Stimullaşdırıcı fiskal siyasət pandemiyanın başlanmasından indiyədək pul kütləsinin 1,8 dəfə artaraq manat ifadəsində ÜDM-in 21,6 %-nə çatmasına səbəb olub. İllik ifadə də isə 26,1 %-lik güclü artım olub. Qeyd edək ki, bu il dövlət büdcəsinin kəsiri ÜDM-in 2,4 %-i səviyyəsində (bu göstərici ötən il 1 % olub) nəzərdə tutulub. İlin əvvəlində monetar şərtlərin sərtləşdirilməsi sayəsində geniş pul kütləsi yenidən azalmağa başlayıb. Fevralda bu tendensiya dayanıqlılığın ilk əlamətlərini göstərib, pul təklifi ilin əvvəlindən 1,9 % azalıb”.

Q.Xaydarşina vurğulayıb ki, ölkədə iqtisadi fəallıq müsbət trayektoriyada qaldığı müddətcə, dərəcələrin daha da artması halında risklər balansı iqtisadi artımın ləngiməsinə doğru dəyişə bilər. AMB mart iclasında fiskal stimulların dəstəklənməsi fonunda məcmu tələbin genişlənməsini, daxili bazara xarici valyutanın daxil olmasını və yüksək kredit aktivliyini əsas proinflyasiya amili kimi qeyd edib.

“Qeyri-neft-qaz sektorunun artımını şərtləndirən əlavə amil kimi Mərkəzi Bank dördüncü sosial islahatlar paketinin həyata keçirilməsini xüsusi qeyd edib. Amma birinci rübdə ÜDM artımı illik müqayisədə 0,4 % təşkil edib (2022-ci ilin birinci rübündə illik ifadədə 6,8 % ilə müqayisədə). Müsbət artıma fiskal stimul və turist axını ilə dəstəklənən qeyri-neft-qaz sektorunda illik 4,9 %-lik genişlənmə səbəb olub. Qeyri-neft-qaz sektorunun hazırda ÜDM-in artımına əsas töhfə verdiyini nəzərə alsaq, AMB iqtisadi fəaliyyətə hədsiz təzyiqdən qaçmaq üçün uçot dərəcəsinin artırılmasına fasilə verə bilər”, – “Qazprombank”ın iqtisadçısı sonda vurğulayıb.

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər