15 C
Baku
Tuesday, April 16, 2024

Azərbaycanın soğan istehsalçıları yetişdirdikləri məhsulu niyə sata bilmir?

Azərbaycanın soğan istehsalçıları yetişdirdikləri məhsulu sata bilmədikləri üçün şikayətlənirlər.

Xüsusilə Ağcabədi rayonunda bir sıra fermerlərin məhsulları əllərində qalıb.

Onların sözlərinə görə, soğanı almaq üçün təklif olunan qiymət (hər 50 kiloqramlıq kisə üçün 3-5 manat) o qədər azdır ki, bu qiymətə onu harasa çatdırmağa belə dəymir. Odur ki, əllərdə qalaraq çürüyən məhsul yol kənarlarına atılır.

“Qarabağ-Aran Soğan İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Vüqar Babayev hesab edir ki, sığorta istehsalçılarının məhsullarının aşağı qiymətə alınması istəyi malın keyfiyyətsiz olmasından irəli gəlir, çünki, fermerlər soğanı qış üçün normal şəraitdə saxlaya bilmirlər.

“Azərbaycanda soğanın saxlanılması üçün xüsusi anbarlar yoxdur. Fermerlər adi anbarlardan istifadə edir. Avqust-sentyabr aylarında istehsal edilən soğan qışda satışa çıxarılması üçün anbarlarda saxlanılmalıdır. Məhsulu qapalı depoda 4 ay, açıq depoda 2 ay saxlamaq mümkündür. Bundan sonra məhsul xarab olmağa başlayır. Ağcabədidəki fermerlərin problemi də bununla bağlıdır” – deyə o qeyd edib.

Assosiasiya sədrinin sözlərinə görə, hazırda Azərbaycanda soğan istehsalı ilə əsasən kiçik və orta sahibkarlar məşğul olur, onların isə məhsullarını saxlamaq üçün xüsusi anbarlar tikməyə imkanı çatmır: “Yaxşı olar ki, bu anbarlar fermerlər üçün təşkil edilsin, onlar da pul ödəyərək məhsullunu qaydalara uyğun saxlasın və qışda normal qiymətə sata bilsin. Nəzərə almaq lazımdır ki, soğan istehsalında 99% əl əməyindən istifadə edilir və işə cəlb edilən şəxslər əvvəlki vaxtlarla müqayisədə daha çox əmək haqqı istəyirlər. Yəni, məhsulun maya dəyəri artıb və fermerlərin soğanı aşağı qiymətə satmaq istəməməsi təbii sayılmalıdır”.

“Bu ay bazara yeni məhsul – Bərdə soğanı çıxacaq və qiymətlər bir qədər də azalacaq. Üstəlik martda Azərbaycanda orucluq başlayır. Restoranlarda, şadlıq evlərində soğandan istifadə azalacaq və bu da məhsul bolluğu yaradaq soğanı ucuzlaşdıracaq”, – deyə ekspert əlavə edib.

İqtisadçı-ekspert Xaliq Məmmədov isə hesab edir ki, soğan istehsalçılarının üzləşdiyi problem fermerlərin tələbatı öyrənmədən məhsul ərsəyə gətirmələri, eləcə də satış məsələsinin tənzimlənməməsi ilə bağlıdır: “Yaxşı olar ki, Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzləri ölkədə soğana olan tələbatla bağlı araşdırma aparsın və fermerlər işini buna uyğun qursun. Yəni, soğan istehsalı tələbata uyğun həyata keçirilsin. Sahibkarların topdansatış bazarlarına çıxışı olsa da, məhsullarının böyük hissəsi əllərində qalır. Soğan ərzaq balansında önəmli yer tutur. Buna görə, onun satışını tənzimləmək lazımdır. Fermerlərin pərakəndə satış bazarlarına çıxışına da şərait yaradılmalıdır. İstehsalçılar market şəbəkələri ilə də əməkdaşlıq edə bilərlər. Kiçik istehsalçılar marketlərin tələbatını ödəsələr, soğan əllərində qalmaz”.

Onun fikrincə, Azərbaycanın soğan istehsalçıları məhsullarını xarici ölkələrin bazarlarına da çıxara bilərlər, lakin buna şərait yaratmaq lazımdır: “Azərbaycan ötən il 22.6 min ton soğan ixrac edərək 6.7 milyon ABŞ dolları gəlir əldə edib. Bu rəqəm arta bilər. Fermerlərin əllərində qalan məhsulları ərəb ölkələrinə, Çinə ixrac etmək olar. Lakin bu ölkələrə ixracda logistika problemi var. Son nəticədə Azərbaycanın aqrar məhsulları Çin kimi böyük bazara demək olar ki, ixrac edilmir”.

Xatırladaq ki, Azərbaycandakı mülayim iqlim şəraiti ildə iki dəfə – yazlıq və payızlıq soğan əkini həyata keçirməyə imkan verir. Ölkədə soğan əkin sahələrin böyük hissəsi Qarabağ, Qazax-Tovuz, Mil-Muğan və Lənkəran-Astara iqtisadi rayonlarında yerləşir. Ən böyük baş soğan sahələri Bərdədədir – rayonda 1 744 ha ərazidə soğan əkilir. Ağdamda 1 079 ha, Beyləqanda 635 ha, Ağcabədidə 453 ha, Ağcabədidə 453 ha ərazidə soğan becərilir.

2023-cü ildə ölkədə 310 min 13 ton soğan yığılıb. Bu, 2022-ci illə müqayisədə 12.8% çoxdur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər