Azərbaycanın tədiyyə balansında nə baş verir?

  • 7
  •  
  •  
  •  

Neft gəlirlərinin kəskin artımı hesabat dövründə tədiyyə balansının ümumi saldosunda porfisitin də sürətlə böyüməsini təmin edib. Banker.az iqtisadçı ekspert Rövşən Ağayevə istinadən xəbər verir ki, 2017-ci liln eyni dövrülə müqayisədə 2018-ci ilin yanvar-sentyabr aylarında ticarət balansının profisiti 1.462 mlrd. dollar və ya 66% artaraq 3.665 mlrd. dollar təşkil edib.

Cari əməliyyatlar hesabının analizi

2018-ci ilin yanvar-sentyabr aylarında cari hesablar balansı çərçivəsində ölkəyə xaricdən daxil olmalar 21.407 mlrd. dollar, ölkədən xaricə pul çıxışı 16.319 mlrd. dollar təşkil edib.

 

Əvvəlki ilin eyni dövrü ilə müqayisədəd hesabat dövründə cari əməliyyatlar çərçivədində ölkəyə daxilolmalar 5.416 mlrd. dollar və ya 33.9% artdığı halda, ölkədən pul çıxışı üzrə artım 1.391 mlrd. dollar yaxud 9.3% təşkil etmişdir. Ölkəyə daxilolmaların kənara pul axınlarını əhəmiyyətli dərəcədə üstələməsi nəticəsində cari əməliyyatlar balansının profisiti 5 dəfəyə yaxın artaraq 1.063 mldr. dollardan 5.088 mlrd. dollara yüksəlmişdir. Məhz bu amil ötən dövrdə ölkənin milli valyutasının sabitliyini təmin edilməsində həlledici rol oynamışdır.

Cari əməliyyatlar hesabı 4 elementdən formalaşır: xarici ticarət, xidmətlər, ilkin gəlirlər və təkrar gəlirlər balansından. Xarici ticarətlə bağlı yuxarıda ətraflı bəhs edildiyindən analizin bundan sonrakı hissəsi digər 3 elementlə əlaqədar məlumatlar təqdim ediləcək.

 

 

Cari əməliyyatlar çərçivəsində ölkəyə ümumi daxilolmaların 68%-i və ya 14.6 mlrd. dolları neft-qaz sektorundan 32%-i və ya 6.8 mlrd. dolları isə qeyri-neft sektorundan əldə edilmişdir.

Təhlil dövrü üzrə cari əməliyatlar çərçivəsində ölkəyə daxiolmaların 71.1%-i əmtəə, 18.8%-i xidmət ixracı, cəmi 10.1%-i isə ilkin və təkrar gəlirlər hesabına formalaşmışdır. Eyni zamanda, qeyri-rezidentlərə ödəmələrin 48.2%-i əmtəə və 32.2%-i xidmət idxalına, yerdə qalan 19.6% isə ilkin və təkrar gəlirlər üzrə qeyri-rezidentlərə köçürmələr ilə bağlı olmuşdur.

Xidmət ixracının ümumi həcmi 4.038 mlrd. dollar, xidmət idxalının həcmi 5.347 mlrd. dollar təşkil etmiş, xidmətlər balansında 1.309 mlrd. dollar defisit yaranmışdır.

 

 

Xidmət ixracından əldə olunan vəsaitlərin 62.5%-i və ya 2.5 mlrd. dolları turizmdən, 22%-i yaxud 889 mln. dolları nəqliyyat xidmətlərindən, yerdə qalan 647 mln. dolları (15.5%) digər xidmətlərdən (tikinti, rabitə, maliyyə, işgüzar və s. xidmətlər) əldə edilmişdir. Turizm xidmətlərinin ixracı əvvəlki dövrə nisbətən 158.8 mln. dollar (6.7%) artmışdır.

Xidmət idxalının isə 39.6%-i turzimin, 20%-i tikintinin, 20.2%-i nəqliyyatın, təxminən 20%-i isə digər xidmətlərin payına düşmüşdür. 2018-ci ilin 9 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə turizm xidmətlərinin idxalı 120 mln. dollar (5%), nəqliyyat xidmətərinin idxalı 353 mln. dollar (48.6%) artmış, tikinti xidmətərinin idxalı isə 2 dəfə azalmışdır.

Ümumilikdə isə hesabat dövründə xidmət idxalında 781.6 mln. dollar və ya 12.7% azalma qeydə alınmışdır.

Tədiyə balansının tərtibi metodologiyasına görə, ilkin gəlirlərə əmək haqqı, investisiyalar, qiymətli kağızlar portfeli, dividendlər və bölüşdürlmüş mənfəət, kreditlər, royalti və lisenziya xidmətləri, françayzinq, depozitlər üzrə gəlir, faiz və haqq formasında ölkəyə daxilolmalar və ölkədən qeyri-rezidentlərə ödəmələr daxildir. Hesabat dövründə ilkin gəlirlər üzrə Azərbaycana daxilolmalar 1.269 mlrd. dollar (əvvəlki ilə nisbətə 417 mln. dollar və ya 49% çox), qeyri-rezidentlərə ödəmələr isə 2.758 mlrd. dollar (əvvəlki ilə nisbətə 644.5 mln. dollar və ya 30.5% çox) olmuş, ilkin gəlirlər balansında 1.489 mlrd. dollar (əvvəlki ilə nisbətə 227.1 mln. dollar və ya 15.2% çox) defisit yaranmışdır. İlkin gəlirlər çərçivəsində Azərbaycana daxilolmaların satukturu barədə hər hansı rəsmi məlumat yoxdur. Yalnız qeyd edilir ki, ümumi daxilolamaların 391.4 mln. dolları neft, 877.9 mln. dolları qeyri-neft sektoruna aid olub. Ehtimal ki, neft sektoru ilə bağlı ödənişlər Dövlət Neft Fondunun xaricdəki vəsaitlərinin yerləşdirilməsindən, həmçinin Dövlət Neft Şirkətinin xaricdəki investisiyalarından əldə etdiyi gəlirlərlə bağlı ola bilər. Qeyri-neft sektoru üzrə daxilolmalara mümkündür ki, bankların xaricdə saxladığı aktivlərə görə faizlər, fiziki şəxsələrin xaricdə qazandığı əmək haqqı və s. üzrə ödənişlər daxildir.

Mərkəzi Bankın hesabatından aydın olur ki, ilkin gəlirlər formasında xaricə ödənişlərin əsas hissəsi – təxminən 1.8 mlrd. dolları (ötən il 1.2 mlrd. dollar) xarici neft-qaz şirkətləri üzrә əcnəbi investorların payına düşәn gәlirlәrin repatriasiyası ilə bağlı olub. Bundan əlavə, ilkin gəlirlər balansı çərçivəsində qeyri-rezidentlәrә qiymәtli kağızlar üzrə 358 mln. dollar (ötən il 278 mln. dollar), xarici kreditlәrdәn istifadәyә görә 289.7 mln. dollar (ötən il 332 mln. dollar) faizlәr ödənilmişdir.

Tədiyə balansının tərtibi metodologiyasına görə, təkrar gəlirlərə humintar yardımlar, qrantlar, beynəlxalq təşkilatlara üzvlük haqları, fiziki şəxslər üzrə əməliyyatlar (bank hesabına və karta köçürmələr, nağd formada), cərimə və yığımlar  üzrə ölkəyə daxilolmalar və qeyri-rezidentlərə daxildir.

2018-ci ilin 9 ayının yekunlarına görə, təkrar gəlirlər balansı çərçivəsində Azərbaycana 870.7 mln. dollar (ötən il 800.6 mln. dollar) daxil olub, qeyri-rezidentlərə 320.1 mln. dollar (ötən il 296 mln. dollar) ödənilib və təkrar gəlirlər balansının profisiti 550.6 mln. dollar (ötən il 504.6 mln. dollar) təşkil edib.

Hesabat dövründə Azərbaycana ödənişlərin 801 mln. dolları fiziki şəxslərə xaricdən göndərilən pul baratları, təxminən 70 mln. dolları isə humanitar yardımlar və tərkibi açıqlanmayan digər ödəmələrlə bağlı olub. Mərkəzi Bankın hesabatında xaricə ödənişlərin strukturu barədə hər hansı məlumat verilmir. Ehtimal ki, bunun xeyli hissəsi beynəlxalq təşkilatlara üzvlük haqları ilə bağlıdır. Belə ki, hər il dövlət büdcəsindən həmin məqsədlə 150-160 mln. dollara yaxın vəsait ayrılır.

Maliyyə hesabının analizi

Hesabat dövründə Azərbayanın xarici aktivlərinin qalığı 3.345 mlrd. dollar, qeyri-rezidentlər qarşısında öhdəliklərinin qalığı 881.2 mlrd. dollar təşkil etmiş, maliyyə hesabının kəsiri 2.464 mlrd. dollar təşkil etmişdi.

 

 

2017-ci ilin 9 ayının yekunlarına görə, maliyyə hesabında 289 mln. dollar profisit yarandığı halda, ötən ilin eyni dövründə 2.464 mırd. defisit qeydə alınıb. Maliyyə hesabında böyük məbləğdə defisitin yaranmasının başlıca səbəbi qeyri-rezidentlərin Azərbaycana maliyyə axınlarının kəskin azalmasıdır. Belə ki, 2017-ci ilin yanvar-sentyabr aylarının yekunlarına görə xalis maliyə öhdəlikləri 4.734 mlrd. dollar idisə, 2018-ci ilin eyni dövründə həmin göstərici təxminən 5.5 dəfə azalaraq 881.2 mln. dollara enmişdir.

Ölkəyə maliyyə axınlarının azalması özünü aşağıdakı istiqamətlərdə göstərib:

1) Neft-qaz sektoruna birbaşa sərmayələr kəskin azalıb Belə ki, əgər 2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın neft-qaz sektoruna xalis birbaşa investisiyaların məbləği 1.685 mlrd. dollar olmuşdusa, 2018-ci ilin eyni dövrü üzrə həmin göstərici 279 mln. dollar təşkil edib. “Xalis birbaşa investisiyalar” dedikdə, hesabat dövründə neft-qaz sektoruna xaricdən yönəldilən birbaşa investisiyaların və repatriasiya olunan investisiyaların məbləği  arasında fərq başa düşülür. Məsələn, 2018-ci ilin 9 ayında neft qaz-sektoruna 2.382 mlrd. dollar birbaşa investisiya qoyulsa da, həmin dövrdə xarici neft-qaz şirkətlərinin ölkədən geriyə qaytardıqları birbaşa qoyuluşlar 2.104 mlrd. dollar olub. Halbuki 2017-ci ildə neft-qaz şirkətlərinin Azərbaycana birbaşa sərmayə yatırımları 3.772 mlrd. dollar, ölkədən investisiya repatriasiyası isə 2.087 mlrd. dollar olmuşdu.

2)  Qeyri-neft sektoru üzrə xalis maliyyə öhdəlikləri azalıb. Hesabat dövründə ölkənin qeyri-neft sektoruna qeyri-rezidentlərin yönəltdiyi birbaşa investisiyaların xalis məbləği 2.5 dəfədən çox azalaraq 255 mln. dollara enmişdir. Buna paralel olaraq, Azərbaycanın qeyri-neft sahələrinə aid rezidentlərin xarici ölkələrdəki xalis maliyyə aktivlərininin (yəni ölkədən kənara yatırılan birbaşa investisiyalar) həcmi də 2 dəfəyə yaxın artaraq 834 mln. dollar təşkil edib. Göründüyü kimi, təhlil aparılan dövrdə qeyri-neft sektorunu təmsil edən yerli sahibkarların xaricə yönəltdiyi birbaşa investisiyaların həcmi xaricilərin Azərbaycanın qeyri-neft sektoruna birbaşa investisiya qoyuluşlarından 3.2 dəfə çox olub.

3) Müxtəlif borc qiymətli kağızlarının və səhmlərin alınması yolu ilə Azərbaycana portfel investisiyaların cəlbi baş verməyib. Əgər 2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana cəlb olunan portfel investisiyaların xalis məbləği 2.764 mlrd. dollar olmuşdusa, 2018-ci ilin eyni dövründə porfel investisiyalar üzrə xalis maliyyə öhdəliyi (-) 348.5 mln. dollar təşkil etmişdir. Bu göstəricinin mənfi olması o deməkdir ki, portfel investisiyalara görə Azərbaycanın qaytardığı borcların məbləği ölkəyə daxil olan portfel investisiyaların məbləğini üstələyib və ölkədən 348.5 mln. dollar məbləgində kapital çıxışı baş verib. Eyni zamanda, hesabat dövründə portfel investisiyalar üzrə xalis aktivlərin qalığı (Azərbayan rezidentlərinin kənara sərmayə qoyuluşları) 623 mln. dollar təşkil edib. Halbuki 2017-ci ilin eyni dövrində bu kanalla ölkədən ümumiyyətlə kapital çıxışı baş verməmişdi.

4) Kreditlər üzrə öhdəliklərin xalis məbləği kəskin azalıb. 2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici kreditlər vasitəsilə xalis öhdəliyi 352 mln. dollar təşkil ediyi halda, 2018-ci ilin eyni dövründə (-) 445.5 mln. dollar olub. Bu göstəricinin mənfi olması o deməkdir ki, hesabat dövründə kreditlər üzrə Azərbaycanın qaytardığı borcların məbləği ölkəyə kreditlərin alınması yolu ilə daxilolmaları üstələyib və ölkədən  445.5 mln. dollar məbləgində kapital çıxışı baş verib.     

5) Əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2018-ci ilin 9 ayında ticarət kreditləri və avanslar üzrə aktivlərin həcmi 803 mln dollar və ya 52% artaraq 2.357 mlrd.  dollara çatıb.  Diqqəti cəlb edən məqamlardan biri də budur ki, hesabat dövründə ticarət kreditləri və avanslar üzrə öhdəliklər də 2 dəfədən çox artaraq 766.5 mln. dolara çatıb.

Tədiyyə balansının ümumi saldosu

Neft gəlirlərinin kəskin artımı hesabat dövründə tədiyyə balansının ümumi saldosunda porfisitin də sürətlə böyüməsini təmin edib. Əvvəlki dövrlə müqayisədə 2018-ci ilin yanvar-sentyabr aylarında ticarət balansının profisiti 1.462 mlrd. dollar və ya 66% artaraq 3.665 mlrd. dollar təşkil edib.

Azərbaycan Mərkəzi Bankının “balanslaşıdırıcı maddə” kimi göstərdiyi, tədiyə balansının beynəlxalq metodologiyasında isə “xalis xəta və kənarlaşmalar” kimi əks olunan valyuta vəsaitlərinin həcmi 30%-ə yaxın artaraq 1.037 mlrd. dollara çatıb. Bu göstərici müsbət olduqda, ölkəyə tədiyə balansı vasitəsilə rəsmi uçota alınan vəsaitlərdən əlavə mənşəyi bəlli olmayan kapital axınının baş verdiyini göstərir. Mənfi olduqda isə ölkədən kənara kapital axınlarının tədiyə balansı tərəfindən rəsmi uçota alınmayan, amma müxtəlif mənbələrlə təsdiqlənən həcmini göstərir. Təcrübədə “yastıqaltı pullar”, fiziki şəxslər tərəfindən bəyanı tələb edilməyən məbləğdə ölkəyə valyuta axınları, qeyri-leqal yollarla ölkəyə nağd valyuta daxilolamaları uçotsuz valyuta dövriyyəsinin əsas mənbəyi hesab edilir.


  • 7
  •  
  •  
  •