26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanın xariclə ticarətində $2 milyardlıq ‘müsbət’ saldo olub

2020-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 172 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 102 ölkəyə məhsul ixrac olunmuş, 160 ölkədən idxal olunub.

Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 13 777.6 milyon Dollar təşkil etmişdir. Qeyd edilməlidir ki, avqust ayı ərzində 2 027.4 milyon dollarlıq ixrac baş tutub.

Ticarət dövriyyəsinin 7 876.8 milyon dollarını və ya 57.2%-ini ölkədən ixrac olunmuş məhsulların, 5 900.8 milyon dollarını (42.8%-ini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 1 976.0 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.

2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 30.9%, real ifadədə 22.5%, o cümlədən idxal 43.4%, ixrac isə 7.1% azalmışdır.

2020-ci ilin yanvar-iyul aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 8.6%, real ifadədə isə 17.1% azalaraq 1035.1 milyon dollar təşkil etmişdir.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 32.1%-ini İtaliyaya, 18.7%-ini Türkiyəyə, 4.7%-ini Rusiyaya, 4.1%-ini Çinə, 4.0%-ini Hindistana, 3.9%-ini İsrailə, 3.7%-ini Xorvatiyaya, 3.4%-ini Yunanıstana, 3.1%-ini Gürcüstana, 3.0%-ini Ukraynaya, 2.5%-ini İspaniyaya, 2.1%-ini Çexiyaya, 1.9%-ini Tunisə, 1.5%-ini Vyetnama, 11.3%-ini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (40.4%), Türkiyəyə (19.8%), İsveçrəyə (10.4%), Gürcüstana (8.1%), Çinə (3.1%), Ukraynaya (2.4%), İtaliyaya (2.0%), Qazaxıstana (1.6%), İrana (1.2%), Türkmənistana (1.0%), Belarusa (0.9%), ABŞ-a (0.9%) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18.4%-i Rusiya, 14.7%-i Türkiyə, 13.2%-i Çin, 7.9%-i ABŞ, 5.1%-i Almaniya, hər biri 4.2% olmaqla İtaliya və Ukrayna, 3.0%-i Birləşmiş Krallıq, 2.7%-i İran, 1.9%-i Yaponiya, hər biri 1.8% olmaqla Koreya və Fransa, 21.1%-i isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

2020-ci ilin yanvar-iyul aylarında 2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 6.0%, kartof – 32.1%, meyvə və tərəvəz şirələri – 9.9%, bitki yağları – 1.7 dəfə, meyvə və tərəvəz konservləri – 5.1%, marqarin, qida üçün yararlı digər qarışıqlar – 41.9%, polietilen – 41.9%, qara metallardan borular – 1.8 dəfə, bentonit gili – 11.0% artmış, təzə meyvə ixracı isə 18.5%, şəkər – 40.0%, tütün – 25.8%, çay – 1.9%, təbii üzüm şərabları və üzüm suslosu – 57.4%, pambıq lifi – 10.0%, pambıq ipliyi – 28.2%, emal olunmamış alüminium – 12.6%,  qara metallardan yarımfabrikatlar – 85.4% azalmışdır.

2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə 2020-ci ilin yanvar-iyul aylarında təzə meyvə idxalı 14.5%, bitki yağları – 3.9%, xam şəkər və şəkər – 4.0%, kərə yağı, digər süd yağları və pastaları – 37.7%, çay – 13.9%, mal əti – 18.8%, təzə tərəvəz – 27.5%, minik avtomobilləri – 25.0%, dərman vasitələri – 1.7 dəfə, hesablama maşınları, blok və qurğuları – 22.8%, qara metallardan çubuqlar – 1.7 dəfə, məişət soyuducuları – 11.0% artmış, buğda idxalı isə 33.5%, kartof – 0.8%, quş əti və onun əlavə məhsulları – 4.7%, siqaretlər – 79.4%, qara metallardan borular – 7.3%, polad prokatı – 3.4%, mineral gübrələr – 4.3%, rezin şinlər – 20.5%, məişət kondisionerləri – 30.6%, mebellər – 20.5%, yük avtomobilləri – 16.9%, polietilen – 19.6%, paltaryuyan maşınlar – 9.0%, qara metallardan künclüklər – 13.0%, avtobuslar – 27.3%, sement və sement klinkerləri – 24.9% azalmışdır.

 

Son xəbərlər
Digər xəbərlər