14 C
Baku
Tuesday, April 16, 2024

Azərbaycanın xariclə xidmətlərin balansındakı kəsir $700 milyona yüksəlib

2023-cü ilin I rübü üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 3.3 mlrd. dollar təşkil etmişdir.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin ilk rübünə dair Tədiyə Balansında bildirilir.

Bunun 2.0 mlrd. dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 1.3 mlrd. dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.

Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 9.4% artaraq 0.7 mlrd. dollar olmuşdur. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 508.6 mln. dollar (6.6% artım) olmuşdur. Qeyri-neft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri isə 178.2 mln. dollar (18.6% artım) olmuşdur.

Qarşılıqlı xidmətlər dövriyyəsinin 32.4%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 1.1 mlrd. dollar olan nəqliyyat xidmətlərinin 62.1%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olmuşdur. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 677.1 mln. dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 413.1 mln. dollar təşkil etmişdir.

Dövr ərzində qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı illik müqayisədə 9.7% azalmış, idxalı isə 8.2% artmışdır. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 2023-ci ilin I rübündə 14.4% artaraq 264 mln. dollara yüksəlmişdir. Qeyd edək ki, nəqliyyat xidmətləri üzrə profisit 2022-ci ilin I rübündə 230.6 mln. dollar olub.

2023-cü ilin I rübündə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 34.3% artaraq 427.2 mln. dollar təşkil etmişdir. Hesabat dövründə turizm xidmətləri üzrə idxalın (215.9 mln. dollar) ixracı (211.3 mln. dollar) üstələməsi nəticəsində 4.6 mln. dollar həcmində kəsir yaranmışdır. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 20.2%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 49.8% artmışdır. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 215.9 mln. dollar olmuşdur. Bunun 61%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal üçün vəsaitlər istisna olmaqla).

Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 6 dəfə artaraq 11.6 mln. dollar təşkil etmişdir. Qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 59.7% artaraq 372.1 mln. dollar olmuşdur.

Son xəbərlər
Digər xəbərlər