19 C
Baku
Şənbə, Oktyabr 23, 2021

Azərbaycanın yeni qaz-kondensat ehtiyatları Avropaya nəql edilə bilər – RƏSMİ

“Şəfəq-Asiman” yatağında aşkar edilən qaz-kondensat ehtiyatları Cənub Qaz Dəhlizi vasitəsilə nəql oluna bilər.

Bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

Onun sözlərinə görə, əgər yataqdan daimi olaraq qaz çıxarılacaqsa, prinsip etibarilə bu həcmlərin Cənub Qaz Dəhlizi ilə nəqli mümkün variantlardan biri hesab olunur:

“Burada hələ də açıq qalan bir sıra suallar var: Yatağın işlənməsinə nə vaxt başlanıla bilər və daxili bazara bu məhsulun hansı həcmdə yönləndirilməsi lazım olacaq? Bununla bağlı hər hansı bir konkret bəyanatın verilməsi üçün hələ tezdir.

Yatağın ehtiyatlarının tam şəkildə müəyyən edilməsi üçün isə ərazi üzrə əlavə qazma əməliyyatları aparılmalıdır ki, onun dəqiq potensialı müəyyən edilə bilsin”.

“Şəfəq-Asiman” yatağında aşkar edilən qaz-kondensat ehtiyatlarını tam şəkildə müəyyən etmək məqsədi ilə strukturun tağı istiqamətində əlavə bir qiymətləndirici yan lülənin qazılması üçün müvafiq texniki layihələndirmələrin aparılması gözlənilir.

İbrahim Əhmədov bildirib ki, əlavə qazma əməliyyatlarının bu il ərzində layihələndirilməsi nəzərdə tutulub. Belə ki, yatağın ehtiyatları barədə dəqiq rəqəm söyləmək yalnız bu əməliyyatlardan sonra mümkün olacaq.

Qeyd edək ki, “Şəfəq-Asiman” yatağı Bakıdan 125 km cənub-şərqdə yerləşir. Blok 1100 kvadrat kilometr ərazini əhatə edir. Burada dənizin dərinliyi 650-800 metr təşkil etməkdədir.

“Şəfəq-Asiman” strukturu 1961-ci ildə aparılmış seysmik kəşfiyyat vasitəsi ilə aşkar olunub. 7 oktyabr 2010-cu il tarixində SOCAR və BP şirkətləri arasında “Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq-Asiman dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” haqqında saziş imzalanıb. 2020-ci ildə quyunun qazılmasına başlanılıb.

Mənbə:Oxu.az
Son xəbərlər
Oxşar xəbərlər