Azərbaycanın yerli geyim brendini yaradan xanım – Nəzrin

Nəzrin Ağarzayeva

Nəzrin Ağarzayeva: “Hələ ki geyim bazarında möhkəmlənmək istəyirik”

İT üzrə təhsil alıb, amma dizayn və dəbə marağı olub. Bu maraq üstün gəldiyi üçün tələbəlik illərindən artıq işini o istiqamətdə qurub. Lakin biznes qurmaq üçün marağın kifayət etmədiyini deyir. Onun fikrincə, biznesin uğurlu olması üçün həm də sektoru yaxşı bilmək lazımdır. Müsahibimiz “Naveen” Azərbaycan geyim brendini yaradan Nəzrin Ağarzayevadır.
– İnsan hansı sahədə iş qurursa, yaxud qurmağa cəhd edirsə, çox vaxt o sektora xüsusi sevgisi olur. “Naveen” də belə bir maraq nəticəsində yaranıb?
– Dəblə maraqlanan biriyəm. Bir tərəfdən bunun genetik olduğunu düşünürəm, digər tərəfdən də uşaqlıqdan yaranan maraq. Nənəm, xalam dəblə geyinən, xüsusi maraqlanan olublar. Sovet dövründə indiki qədər fərqli geyimlər olmayıb, amma buna baxmayaraq, nənəmin həmişə fərqli, nadir geyimləri olub. Tikiş bacarığı olduğu üçün özünə müxtəlif geyimlər tikirmiş. Nənəmin bu marağı xalama və mənə keçib. Təbii ki biznes quranda maraq böyük rol oynayır, amma bu sahədə biliyin də olması vacibdir. Hazırda qeyri-neft sektoru inkişaf etməyə başlayır, bir çox yeni bizneslərə başlanılır. Amma heç də hamısı uğurlu olmur. Ya gərək başlayıb səhvlərdən öyrənib nəticə çıxarasan, ya da başlamamış yaxşı araşdırma aparasan. Məlumatlı olanda, insanda daxilən bir əminlik olur, təkcə maraqla alınacağını düşünmürəm.
– Maraqla yanaşı, həm də bu sferadan məlumatlı idiniz?
– Dəb sferasında işə bloggerliklə başladım. Hələ məktəb illərindən bloq yazmağa başlamışdım. İlk olaraq sosial problemlərdən, gender məsələlərindən yazırdım. Sonra artıq dəblə bağlı da yazdım. Universitet təhsilimin bir ilini mübadilə proqramı ilə Amerikada aldım. Amerikaya gedəndə bloq fəaliyyətimi müvəqqəti olaraq dayandırmışdım. Qayıdanda sırf dəbin incəsənətinə marağım olduğu üçün araşdırmağa və bu istiqamətdə yazılar hazırlamağa başladım. Hiss edirdim ki, bizdə geyimlərdə rəng qıtlığı var, uyğunluq məsələsində problem yaşayanlar çox olur. Bloggerlik fəaliyyətim indi də davam edir. Amma hazırda daha çox “Naveen” üzərində işləyirik.
– Yeni biznes quran gənclərlə bağlı paylaşımlarda belə reaksiyalar olur ki, yaradırlar, sosial şəbəkə profillərində CEO deyə qeyd edirlər, bir müddət sonra işləyə bilməyib bağlayırlar. Davam etmək çətin deyil?
– Çətindir, Azərbaycanda kiçik biznes anlayışı tam formalaşmayıb. İnsanlar nədənsə, hər şeyi dövlətdən gözləyir. Bir az əziyyət çəkmək lazımdır ki, uğur qazananda ürəyincə sevinəsən. Sosial şəbəkədə səhifə açıb, özünü CEO yazmaq hələ iş deyil. Mən sadəcə, təsisçi yazmışam. Təsisçi odur ki, mən bu işi yaratmışam. Gələcəkdə iş genişlənərsə, böyük biznes olarsa, CEO deyə bilərik. Mən özümə hələ dəb dizayneri də demirəm. Çünki bu sahə üzrə təhsil almamışam. Amma öyrənirəm. İşə başlayanda bazan varsa, istəyirsənsə, çətinliklərini gözə almalısan.
– Biznesə başlamaq istəyənlər əsas problem kimi əllərində pul olmamasını göstərirlər. Sirr deyilsə, siz nə qədər maliyyə ilə başladınız? 
– Rəqəmləri açıqlamaq istəmirəm, kommersiya sirridir (gülür).  Amma elə də böyük maliyyə tələb olunmadı. İndi mağaza açırlar, onlar bizim istifadə etdiyimiz resursdan qat-qat çoxdur. Mağaza açmaq istəmirdim, çünki bunun böyük risk olduğunu bilirdim. “Naveen”-i açanda ikinci devalvasiya olmuşdu. O ideya da devalvasiyadan sonra yarandı. Çünki gördüm ki, xaricdə ucuz satılan brendlər Bakıda qat-qat baha qiymətədir. Niyə də biz yerli əşyalar istehsal etməyək? Öz dərzilərimizlə işləyirik, yerli istehsalımız olur. Həm dərzilərin işinə dəstək olur, sifarişləri artır, eyni zamanda yerli brend yaratmış oluram. Əsas təkan verən devalvasiya olmuşdu, bir də “İntern” filminə baxmışdım, orda qızın öz geyim brendi olur, üstündə gecə-gündüz işləyir. Ona baxandan sonra bir az da həvəsləndim. Mən özüm də bəzən gecə 4-ə qədər işləyib, səhər 6-da oyanmalı olmuşam. Bəzən nəsə düz gəlmirdi, onu tapıb yavaş-yavaş üstündə işləyirəm. Keyfiyyətli iş ərsəyə gəlməsi, müştərilərin razı qalması üçün hər bir işin üstündə özüm dayanıram.
– Tikməyi bacarırsınız?
– Yox, bacarsam belə, buna vaxtım olmur. O qədər ora-bura qaçıram ki… Bizimlə əməkdaşlıq edən dərzi var, onun komandası sifarişlərimizi yerinə yetirir. Mən geyimin dizaynını hazırlayıram, həmin dərziyə modelləri göstərirəm, tikilir, sonra üzərində yenidən işləyirik.
– İlk ay 40-50 sifarişiniz olduğunu demişdiniz. Sonrakı aylar necə oldu?
– Həmişə ilk kolleksiyanı təqdim edəndə bum olur. Yeni açıldığı üçün maraqlı gəlir. Mənim bloquma görə müəyyən bir izləyici kütləm var idi. Sağ olsunlar, ilk kolleksiyam üçün sifariş verməklə dəstək oldular. İlk kolleksiyamız hər kəsin ala biləcəyi əşyalardan ibarət oldu. Sonra artıq öz dəsti-xəttimi təqdim etməyə başladım. Son kolleksiyada bu dəst-xətt daha aydın görünür. Yeni açılanda bum olduğu üçün o qədər olmuşdu, indi ayda 20-30 sifariş gəlir. Uzun müddət tətil olanda sifarişlərimizin sayı bir az azala bilir, çünki hamı istirahətə gedir. Sonuncu kolleksiyanı oktyabrın əvvəli yerləşdirmişdik, artıq kolleksiyanın 80 faizi satılıb.
– Məlumatlarda işinizi “Azərbaycanda ilk sərfəli dizayner geyim brendi” – deyə təqdim edirsiniz…
– “Naveen”i digər brendlərin geyimləri ilə müqayisə edəndə bunu demək olar. Şəhərdə dərzilərin işlərinin qiymətini yəqin ki, bilirsiniz. Məsələn, normalda çox tanınmış brendlərdə istehsal qiymətini 4-5, hətta bəzən 10-a da vura bilərlər, elə də satırlar. Baxırsan ki, 60 manata satır, maya dəyəri 8 manatdır. Bizdə sərfəli o deməkdir ki, siz əşyaya maya dəyərindən dəfələrlə artıq pul vermirsiniz. Araşdırsanız, görərsiniz ki, digər yerli dizaynerlərdən daha sərfəli qiymətlərdir.
– Kolleksiyanızda hələ ki, ancaq geyimlərdir. Ayaqqabı, çanta, aksessuarlar nə vaxt olacaq?
– Biz hələ ki geyim bazarında möhkəmlənmək istəyirik. Geyimdə ölçü məsələsi o qədər problem olmasa da, ayaqqabıda bu, çətin olur. Çantalar da asan deyil. Biz bunlarla maraqlanırıq. Hazırda əsas geyim üzərində fokuslanmışıq, amma qeyd etdiyiniz istiqamətdə də işlərimiz gedir.
– Komandada kimlər var?
– Ailəm, xalam, anam mənə kömək edir. Rəfiqəm Nərmin var, o bizə sosial mediada suallara cavab verməyə, paylaşımlar etməyə kömək edirdi. Bu, kiçik biznesdir, biz hələ də böyüyürük. Digərlərinə kiçik görünə bilər, amma bizim üçün böyük sayılacaq uğurlarımız olub. Azərbaycanda belə yanaşma var ki, sən biznes qurmusansa, ayağını ayağının üstünə qoyub dayanmalısan, işi başqaları görməlidir. Amma məncə, biznesi özün yaradırsansa, yeri gələndə kuryer, sifarişləri götürən, SMM, marketoloq və s. də ola bilərsən. Elə olub ki, sifariş çatdırılacaq tərəfə yolum düşüb, yaxud görmüşəm ki, indi sifariş çatdıracaq başqa adam yoxdur, özüm aparmışam. Burda ayıb bir şey yoxdur. Əksinə, özüm müştəri ilə ünsiyyətdə olanda onun istədiklərini daha yaxşı başa düşə bilirəm. Bu, bizə təkmilləşməyə də kömək olur.
– Xüsusi məkanınız var, yoxsa evdən idarə edirsiz?
– Düzü, distant idarə etməyi daha çox sevirəm. Amma bilirsiniz, bizdə onlayn alış-veriş hələ çox inkişaf etməyib. Hamı alacağı məhsulu canlı görmək istəyir. Əvvəllər yalnız onlayn olaraq məhsullarımızla tanış olurdular, mən elə bir yer axtarırdım ki, geyimlərimizi ora qoyaq insanlar gəlib realda görsünlər.  “Moda dairəsi” “Show room”-u var, oranı tapanda çox sevindim. Ora dizaynerlər öz işlərini yerləşdirirlər, canlı görmək istəyənlər gəlib kolleksiyamıza baxırlar. Gözəl kollektivləri var, danışığa açıq insanlardılar. Artıq ikinci kolleksiyamızı ora təqdim etmişik. Ordan sifariş daha çox gəlir, çünki geyimləri canlı görəndə diqqətlərini çəkir.
– Amma sizin ixtisasınız İT-dir. O sahə ilə məşğul olmursunuz?
– Məktəb vaxtı da dizaynla maraqlanırdım, baza veb kodlaşdırmanı özüm öyrənirdim. Hətta bir yarışmaya qatılmışdım, orda bloq üzrə birinci yer tutduğuma görə İT-ni seçmək qərarına gəldim. Bu il bitirdim, amma bu qənaətə gəldim ki, o sahə mənlik deyil. Mən kreativlik tərəfdarıyam. İT-nin dizayn tərəfi mənim üçün daha maraqlıdır, nəinki kod yazmaq. Pis sahə olduğunu demirəm, amma mənim üçün o qədər də həvəsli gəlmədi. Hazırda qrafik dizayn sahəsində təcrübə yığıram. O sahədə müəyyən bazam var, özüm öyrənmişəm. Veb dizayneri də mənə maraqlıdır. Tam ştatlı işçi kimi yox, amma gələcəkdə bu istiqamətlərdə sərbəst işçi kimi çalışa bilərəm.
 
– Başqa bizneslər ola bilər?
– Hər an ideya gələ bilər. Sadəcə, onu həyata keçirmək üçün düzgün vaxt lazımdır. Mənim elə xasiyyətim var ki, istədiyim sahədə qarşıma məqsəd qoysam, nəsə edəcəm. İT sahəsində yetərincə məlumatım var, sadəcə, davam etmək istəyi ürəyimdən gəlmədi.