26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanla Macarıstan arasında Qarabağda aparılan şəhərsalma fəaliyyəti müzakirə edilib

Budapeştdə keçirilən Azərbaycan-Macarıstan Biznes Forumunda işğaldan azad edilmiş ərazilərimizdə aparılan şəhərsalma fəaliyyəti müzakirə edilib.

Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.

Biznes forum Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 9-cu iclası çərçivəsində keçirilib.

Komissiyanın iclasında iştirak edən azərbaycanlı nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də təmsil olunub. İşğaldan azad edilmiş ərazilərdə biznes və investisiya imkanları mövzusunda panel iclasda Komitənin Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin müdiri Eldar Salahov burada həyata keçirilən ərazi planlaşdırma işləri haqqında təqdimatla çıxış edib.

Toplantıda Azərbaycan və Macarıstan dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, geniş əməkdaşlıq imkanlarının yarandığı bildirilib. Enerji, yaşıl enerjinin inkişafı və ötürülməsi, kənd təsərrüfatı, əmək, məşğulluq, sosial müdafiə, təhsil, mədəniyyət, turizm, səhiyyə və digər sahələrdə əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparılıb. Həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərindən danışılıb, qarşılıqlı investisiyaların təşviqi məsələləri nəzərdən keçirilib. Sonda ölkələr arasında iclasın yekunlarına dair Protokol imzalanıb.

Biznes forumda 26-sı Azərbaycan, 61-i Macarıstan tərəfindən olmaqla 87 şirkət iştirak edib. Forumda iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın inkişaf etdirilməsinin Komissiyanın əsas hədəflərindən olduğu, hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan geniş quruculuq işlərinə macar iş adamları tərəfindən göstərilən marağın əhəmiyyəti vurğulanıb.

Son xəbərlər
Digər xəbərlər