17 C
Baku
Cümə, May 20, 2022

“Azərbaycanlı gənclər indi startapları böyük firmalara satırlar”

Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününün 25 illiyinə  həsr olunmuş Gənclər Forumunda iştirak edib.

Prezident tədbirdə gənclərin suallarını cavablandırıb.

İlham Əliyev tələbə Güllü Hüseynlinin, “Mən də öz növbəmdə biz gənclərə diqqət ayırdığınız və bizə belə bir fürsət verdiyiniz üçün Sizə təşəkkür edirəm. Mən Bakı Ali Neft Məktəbində kimya mühəndisliyi ixtisasının sonuncu kurs tələbəsiyəm, həm də startapçıyam və gənc sahibkar olmaq istəyirəm. Elə sualım da bununla bağlı olacaq. Biz artıq Dördüncü Sənaye İnqilabı dövrünü yaşayırıq və yeni texnologiyalara, metodlara, innovasiyalara tələbat artır. Bəs Siz bu inqilab dövrünün çağırışları haqqında nə düşünürsünüz və mənim kimi, gənc sahibkar olmaq istəyən şəxslərə nə məsləhətlər verə bilərsiniz? Sualına belə cavab verib:

“Sağ olun, siz tamamilə haqlısınız, Dördüncü Sənaye İnqilabı artıq reallıqdır və biz geridə qalmamaq üçün bu istiqamətdə öz addımlarımızı atırıq. Məncə artıq iki il oldu ki, Davos Ümumdünya İqtisadi Forumu ilə Azərbaycan arasında Dördüncü Sənaye İnqilabının üstünlüklərini daha da açmaq, Azərbaycanda tətbiq etmək üçün və regionda bu işlərə koordinasiyanı öz üzərinə götürmək üçün müvafiq sənəd imzalandı. Yəni, o da təsadüfi deyil ki, nə üçün Davos Ümumdünya İqtisadi Forumu, – bu, bildiyiniz kimi, dünya miqyasında ən mötəbər, ən nüfuzlu forumdur və bu forumda dünyanın aparıcı ölkələrinin dövlət, hökumət başçıları iştirak edirlər. Yəni, onu bilməliyik ki, Davos səviyyəsində ikinci forum yoxdur – istər iqtisadi olsun, istər siyasi və bütün region üçün məhz Azərbaycan seçildi. Təkcə bir ölkə kimi yox, Cənubi Qafqaz və ətraf ölkələr üçün. Nə üçün? Birinci ona görə ki, bizə inam var. İkinci ona görə ki, Azərbaycan sabit ölkədir və Davos Forumunun hesabatlarında – onlar hər il dərc edilir – Azərbaycan bir çox parametrlər üzrə həmişə qabaqcıl yerlərdədir. O cümlədən hökumətin islahatlara meyilliliyi indeksinə görə biz birinci onluqdayıq. Təsəvvür edin, dünya miqyasında bu parametrə görə birinci onluqda olmaq doğrudan da bir çox şeylərə aydınlıq gətirir. Artıq bu işlərə start verildi və bizim istəyimiz nədir? Əlbəttə ki, biz dünyada gedən bütün müsbət meyillərə açıq olmalıyıq, texnologiyaları Azərbaycana gətirməliyik, bütün sahələrdə ən müasir metodları, üsulları Azərbaycanda tətbiq etməliyik, müasirləşmə bu deməkdir. Bayaq qeyd etdiyim kimi, biz milli dəyərlər üzərində qurulmuş güclü dövlət, eyni zamanda, dünyaya açıq, özünə qapanmayan və ən mütərəqqi texnologiyaları və innovasiyaları gətirən və burada tətbiq edən ölkəyik. Yəni, biz buna çalışırıq, siyasətimiz budur.

Əlbəttə ki, Dördüncü Sənaye İnqilabının mərkəzinin Azərbaycanda yaradılması bizə, eyni zamanda, geniş bir informasiya məkanına çıxış əldə etmək üçün köməklik göstərəcək. Çünki dünya dəyişir və 25 il bundan əvvəlki dünya indiki dünya ilə böyük fərq təşkil edir. Biz onu da bilməliyik ki, ənənəvi peşələrin bir neçəsi, bəlkə də bir çoxu bir neçə ildən sonra olmayacaq, yəni, bu peşələrə ehtiyac qalmayacaq. Ancaq Azərbaycan bir çox ölkələrdən fərqli olaraq, əhalisi artan ölkədir. Avropa məkanında ölkələrdə ya əhali sabitdir, ya da ki, azalır, bizdə isə artır. Müstəqillik dövründə 7 milyondan 10 milyonadək artıbdır. Bütün bunlar yeni iş yerləri deməkdir. Amma biz görürük ki, Dördüncü Sənaye İnqilabı iş yerlərinin ləğvinə gətirəcəksə – bu, artıq danılmaz faktdır – ona görə Dördüncü Sənaye İnqilabı nəticəsində yarana biləcək yeni peşələrə hazır olmalıyıq. Hazır olmasaq, o işlər itiriləcək, işsizlərin sayı artacaq, biz yeni işlərə hazır olmayacağıq. Bu, təkcə işsizliyin normal səviyyədə saxlanması deyil, bu, inkişaf deməkdir. Bu inkişafdan geri qalsaq, onda bizim aqibətimiz nə olacaq? Biz, əlbəttə, o ölkə deyilik ki, özümüz hansısa texnoloji yeniliklər icad edək. Halbuki, o da mümkündür və o da var. İstedadlı azərbaycanlı gənclər indi startapları böyük firmalara satırlar, Amerikada, Avropada bizneslərini qurublar. Yəni, intellektual potensial Azərbaycanda çox yüksəkdir, bu da birbaşa təhsillə bağlıdır.

Amma prinsip etibarilə biz özümüzü texnologiyaları tətbiq edən ölkə kimi görürük və bir addım arxada olmalıyıq, texnologiyaları icad edənlərdən bir addım geridə. Ən müasir texnologiyalar buraya gəlməlidir, biz gətirməliyik – həm dövlət, həm özəl sektor və beləliklə, inkişafı təmin etməliyik. Artıq yeni yaradıla biləcək peşələr yaranmaqdadır. Burada mərkəzin olması bizə, yenə də deyirəm, imkan verəcək ki, biz öz iqtisadi siyasətimizi planlaşdıraq, dövlət tərəfindən yeni işlərin yaradılmasına stimul verək, təkan verək, insanların peşə profilini dəyişdirək. Bu da çox böyük zəhmət və bilik tələb edən sahədir. Yəni, biz Dördüncü Sənaye İnqilabına uyğunlaşmalıyıq, uyğunlaşmasaq, geridə qalacağıq. Biz bunu özümüzə rəva görə bilmərik. Çünki biz müharibə şəraitindəyik, biz daim inkişafda olmalıyıq və daim güclü olmalıyıq. Güc isə tərəqqi ilə bağlıdır. Ona görə burada, yenə də deyirəm, dövlət qurumları tərəfindən çox ciddi iş aparılmalıdır. İlk növbədə, Təhsil Nazirliyi, nazir buradadır, onlar bunun üzərində işləyirlər. İqtisadiyyat Nazirliyi, çünki İqtisadiyyat Nazirliyinin əlində olan alətlərlə biz müxtəlif sahələri inkişaf etdirə bilərik, stimullaşdıra bilərik. Bu, elə bir genişmiqyaslı işdir ki, hökumət bütövlükdə, bütün hökumət üzvləri burada fəal olmalıdırlar ki, biz geridə qalmayaq”.

Son xəbərlər
Oxşar xəbərlər