Azərbaycan vətəndaşlarının İrana səfərlərində 2026-cı ilin ilk doqquz ayında kəskin azalma qeydə alınıb.
Banker.az saytının verdiyi məlumata görə, 2026-cı ilin yanvar-sentyabr aylarında İrana gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 44,5 faiz azalıb.
Hesabat dövründə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 1 milyon 575,3 min nəfər təşkil edib.
Onların 5,1 faizi İrana səfər edib. Bu, təxminən 80,3 min nəfərə bərabərdir.
Müqayisə üçün, əvvəlki ilin eyni dövründə İrana gedən Azərbaycan vətəndaşlarının sayı hesablamalara əsasən təxminən 144,8 min nəfər olub.
Beləliklə, İrana səfər edənlərin sayı bir il ərzində təxminən 64,4 min nəfər azalıb.
Maraqlıdır ki, Azərbaycan vətəndaşlarının xarici səfərlərində ümumi azalma cəmi 1,8 faiz olduğu halda, İran istiqamətində geriləmə 44,5 faiz təşkil edib.
Eyni dövrdə Türkiyəyə səfərlər 2,3 faiz, Gürcüstana səfərlər isə 17,6 faiz artıb.
Bu rəqəmlər İran istiqamətində səfərlərin digər əsas qonşu ölkələrlə müqayisədə daha kəskin azaldığını göstərir.







