Azərbaycan vətəndaşları 2026-cı ilin yanvar–iyun aylarında Körfəz ölkələrindən Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və Bəhreynə turizm məqsədilə ümumilikdə 41 363 səfər ediblər. Bu, ötən ilin eyni dövründəki 89 005 səfərlə müqayisədə 53,5% azdır.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, səfər sayında ən böyük azalma Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qeydə alınıb. Bu ölkəyə turizm səfərlərinin sayı 2025-ci ilin ilk yarısındakı 66 142-dən 2026-cı ilin eyni dövründə 23 285-ə düşüb. Bu, 64,8% azalma deməkdir.
Qətərə səfərlər 46,3% azalaraq 8 261-dən 4 439-a, Küveytə səfərlər 66,7% azalaraq 591-dən 197-yə, Bəhreynə səfərlər isə 83,8% azalaraq 346-dan 56-ya enib. Səudiyyə Ərəbistanında azalma daha məhdud olub: səfərlərin sayı 2% azalaraq 13 665-dən 13 386-ya düşüb.
Bu beş ölkə üzrə turizm xərcləri də 2025-ci ilin ilk yarısındakı 159,4 milyon manatdan 84,2 milyon manata enib. Bunun 41,1 milyon manatı BƏƏ-nin, 34,8 milyon manatı Səudiyyə Ərəbistanının, 7,8 milyon manatı isə Qətərin payına düşüb.
Regional gərginlik…
Körfəzə səfərlərin azalması regionda hərbi gərginlik və hava nəqliyyatında fasilələrin yaşandığı dövrə təsadüf edir. Azərbaycanın Xarici İşlər Nazirliyi mart ayında BƏƏ hava məkanının məhdud açılmasından sonra Dubay–Bakı uçuşlarının bərpa olunduğunu, Qətər, Bəhreyn və Səudiyyə Ərəbistanında olan vətəndaşların isə təxliyəsinin təşkil edildiyini bildirmişdi.
Dubay hökumətinin məlumatına görə, avqustda şəhərə təxminən 869 min xarici gecələməli ziyarətçi gəlib; hotellərin doluluğu martdakı 36%-dən avqustda 66%-ə yüksəlib. Yerli “The National” nəşri isə münaqişə fonunda BƏƏ hotellərinin ilin ilk yarısında gəlirlərinin zəiflədiyini yazır.
Təhlükəsizliklə bağlı qeyri-müəyyənlik davam edir. Böyük Britaniyanın 26 sentyabrda yenilənmiş Qətər üzrə səyahət məlumatında regionda yeni hücumlar və gözlənilməz eskalasiya riski qeyd olunur.







