“Azərenerji”nin yeni rəhbəri Qafqazın “ən böyük” elektrik parkından danışdı

“Yeni Yaşma” Külək Elektrik Parkının istifadəyə verilməsi nəticəsində Azərbaycanda alternativ enerjinin ümumi istehsalda payı 0,7%-dən 1,8%-dək artacaq. Bunu “Azərenerji” ASC-nin prezidenti Baba Rzayevdeyib.

Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 11-də Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki 50 MVt-luq “Yeni Yaşma” Külək Elektrik Parkının açılışında iştirak edib.

“Yeni Yaşma” Külək Elektrik Parkı Cənubi Qafqazın ən böyük külək elektrik parkıdır. Stansiyanın istismara verilməsi nəticəsində Azərbaycanda alternativ enerjinin ümumi istehsalda payı 0,7%-dən 1,8%-dək artacaq”, – dövlət başçısının saytında B.Rzayevin sözlərindən sitat gətirilir.

Onun sözlərinə görə, “Yeni Yaşma” Külək Elektrik Stansiyasında yenidənqurma işlərini cari il Almaniyanın “Berlin Wind” şirkəti aparıb.

Hazırda 20 külək turbini tam gücü ilə işləyir və elektrik enerjisinin istehsalı ay üzrə 9 mln. kVt/saata yaxındır.

Parkın ümumi ərazisi 540 hektardır.Parkın ərazisində inzibati bina inşa edilib, burada idarəetmə mərkəzi, işçi heyəti üçün xidməti otaqlar, habelə elektrik avadanlığının-yuvaların quraşdırılması üçün 20 kV-luq bölmə və Təlim-Tədris Mərkəzi yaradılıb.Stansiyanın səmərəli fəaliyyətini təmin etmək üçün müasir tipli rele mühafizəsi, avtomatika və SCADA sistemi yaradılıb.